Ədəbi
söz-köz gəlişi...
Bu, sözgəlişi
deyim deyil, “Bu get-gəllər dünyası”nın əbədi
qalmışına könül səslənişi...
Bir
oğul doğuldu - 80 il öncə. Ağlı kəsən gündən əlinə
“çörək ağacı” əvəzi milli-mənəvi
gərək qələməsi götürüb, gəldi
yazıb-yaratmağa. Ömrün
axırlarına yaxın da yazdı ki; “...haqqın var
yaşamağa”.
Bir şair vardı - kainat duyğularına, dünya
başına dardı. Ömrü boyu tufan əydi, su yardı.
Xətainin qılıncını suvardı - Məmməd
Araz karandaşı göyərdi...
O, bu
karandaşla bir xətt çəkdi - “Vətən
daşı olmayandan - olmaz ölkə vətəndaşı”
patriot-portreti yaratdı. Can kətanına iki cızıq
atdı - “Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim!” avtoportreti donatdı.
Üçüncü çaba-çəkimində - “Ey dəvə
yal, düşdüm daha belindən, Ovsar cığır,
çıxdın daha əlimdən, Balam çiçək,
bir də öpüm telindən...” peyzaj-triptixi boy atdı...
Ataların “say cızığı”ndan - “üç”dən
çıxmamaq üçün üslub havasını dəyişmək
gərək.
Dəyişib çıxmasam, bu ümumədəb
ədibinin, ümummilli söz ozanının,
büsbütün ata salğarlı, ana dilli karandaş yiyəsinin
ümummüsəlman, ümumturan ruhuna toxunmuş ollam.
O ruhun ki, cisminə “Ürəyimsiz kəlmə
yazan deyiləm, Nə qədər ki, öz əlimdir
yazanım!” dedirdilən çağlarda “Azərbaycan!” deyiləndə
ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər”
söyləyirdi. “İti bazarında atından
baha - Mən belə dünyanın nəyindən
küsüm?!” hayqırırdı. “Bir
ağılın budağından sallanıb, Neçə-neçə
ağlıdayaz yaşayır” rəsmləyirdi.
O
karandaşın yaratdığı yüzlərlə major
“tablo”dan bir minorlusu:
Ey ilham pərisi,
varsansa əgər,
Bu
axşam üstümə qanadını gər...
Bu
axşam... Özümdə yoxam bu axşam,
Ağlı
kəsilməmiş kəsilmiş başam...
“Tragizm”?
Yox, məntiqi bir sillagizm! Guya, heç nə yaza bilmədiyinə
acıyıb, ilham pərisini imdada çağıran şair
bunun səbəbini bir alimə (Xudu Məmmədova) ithaf etdiyi
beşxətli tabloda dahiyanə rəsmləyib:
Bax donqar
dəvənin səbət yükünə,
Bənzəyir içiboş şöhrət
yükünə.
Ömür
karvanının sənət yükünə
Bir-iki
qeyrətli söz yükləməsək -
Sən
kimə gərəksən, mən kimə gərək?..
İndilər ürəyimizə batman-batman fəxarətlər
gətirən müstəqil ölkəmizin o
çağlarkı ağırlığı,
ağrıları elələrinin çiyinlərində,
ürəklərində dövr-qövr edirdi. Dillərdə bu alovlu
şairin “Gözünü sıx, hansı daşda su yansa, O
daş altda Məmməd Araz yaşayır” kimi poetik-idiomatik
“nekroloq”ları dolaşırdı, məclis-mərəkələrdə
o alim-ziyalının “Adətən ev-eşikdə nə
çatmazsa, nədən çox danışılarsa,
uşaq ondan istəyər; bir gün oğlum mənə
qayıtdı ki, ata, mənə Vətən al...” kimi
xısıntı postulatları gəzirdi...
Hərdən
mənə elə gəlir ki, 1933-cü il
14 oktyabr doğumlu Məmməd Araz bizim eradan əvvəl və
ya ən azı, orta əsrlərdə doğulub.
“Danış görək, a daş qardaş” kimi “daş
dövrü” dialoqları, “Ey daşlaşan, torpaqlaşan ulu
babam, Bu günümdən dünənimə uzaqlaşan ulu
babam!” kimi xitablar edən Məmməd Araz!
Bəs, sizə necə gəlir, əziz oxucular? Aranızda mənim
kimi təəccüblənənləriniz də varmı ki,
bu böyüklükdə fikir, düşüncə, hisslər
sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o yurda, müəllim
işlədiyi vaxtlar o kəndin bapbalaca sinif otaqlarına necə
sığıb? Belə bir təəssüf dolu “dosye”dən
xəbərdar olanınız da varmı ki, “Stalinin
Mikoyanı”nın Moskva ərköyünlü
oğlu “...o, “gəncləri Nərimanovlaşdırmaq”
ideyası ilə yaşayır” damğalı hədə-qorxuları,
təsir-təzyiqlərilə bu cavan şairi illər xəstəsi
etdi. Sonralar onun müayinə və müalicəsinə
Heydər Əliyev nə qədər diqqət, necə
qayğılar göstərdi. Fərqindəsizmi,
ömrü uzunu öz əsgər-misraları ilə azadlıq
mücadiləmiz üçün ərəfə ordusu
yaradanlarımızdan biri olmuş bu şairin gözləri
ümummilli liderlə son görüşü zamanı necə
parlayırdı! Həmin görüşdə dahi siyasətçinin
necə poetikləşdiyini, dahi lirikinsə necə sənətkaranə
sərkərdələşdiyini sezdinizmi?..
Onun Xalq
şairi, “Hacı Zeynalabdin Tağıyev adına
milli mükafat” laureatı, “İstiqlal” ordeni təltifatları
da əsl millilik mahiyyəti daşımırmı? Adına təsis edilmiş “Məmməd Araz”
mükafatı isə əsrlər uzunu yeni-yeni yaradıcı
isimləri şərəfləndirəcək.
Bayaqdan bəri - onun yuxarıda misal gətirdiyim
misralarından biri ilə əlaqədar - nəm çəkirəm. “Nə qədər
ki, öz əlimdir yazanım” misrasını deyirəm.
Yəni indi mənim də yazanım öz əlimdir, amma
çox duyğunu hamıdan öncə, hər kəsdən
incə duymuş, saymaqda mahir fələyin hesabından
yayınanları da öz fəhmi ilə xalqın poetik
zövq bankına saymış Məmməd Araz
misralarının iştirakı olmadan yaza bilmirəm...
“Dünya...
...mənim,
dünya sənin, dünya heç kimin”. Düzdür,
dünya heç kimin. Amma ki... sən dünyanın - Məmməd
Araz! Hər şeyi duya-duya, saya-saya - hələ
ömrünün sonuna neçə illər qalmışdan
“Bu da belə bir ömürdü - yaşadım...” deyə,
bu dünyasına “xitam” verib, bütün gələcəklərə
addımlayan Məmməd Araz!..
Ümummilli
könlümüzdə vahid, hər könüldə
ayrıca-alayıca - mənim, sənin, onun Məmməd
Arazı...
“O
zamanmı bitdi bizim dilimizin
“sənin”-“mənim” qabarı da,
O
zamanmı bitdi bizim dilimizin
“haralısan” damarı da?!”
Bəli,
bu qədər bütöv Azərbaycançı,
din-imançı, türk-turançı misralar müəllifini
“mənim”-“sənin”səmək hər şeydən agah və
arif olmayanlar yanında şərhə-bəyana gəlməsə
də, hər kəsin ayrıca bir Məmməd Arazı var...
Mənim Məmməd Arazım...
Mən onu 60-cı illərin sonlarında -
doğulduğum Arazboyu rayonda bünövrəsi yenicə
qoyulan “Arazstroy” tikintisi ərəfəsində oxuduğum
“Araz axır” kitabından tanımağa başlamışam. Ötən əsrin iyirminci
illərində bolşevik-sovet qəddarlığından
qaçaq düşüb Arazın o tayına
keçənlərini ağlayan, həmin tikinti ilə ilgili
Araz çayı üstdə bərq vuran Sovet-İran
işıqlarına baxıb ümidlənən nənələrimizə
o kitabdan oxuyanda ki;
“İşıqlar
da bir-birinə
Yaxın
yadlar olacaqlar...
İşıqlar
da ayrılığa öyrəşəcək,
Yükünü
çək, dəvə qardaş,
yükünü çək...” -
o
qarıların yanaqlarından ata, qardaş, ər, oğul
nisgilli göz yaşları süzülürdü...
Bir
müddət keçmiş hamımızın payı olan
paytaxtımıza gəldim, sözünə çoxdan bələd
və vurğun olduğum bu şairin özüylə də tanış oldum.
Bir tələbə
dostumla bir neçə il hər Novruz
bayramında onu ziyarətə gedər, şeirlərilə nəfəs
aldığımızı bildirər, haqq-halal təriflərlə
öyər, titrəyən əllərinə, “aran-dağ”
düşüncələrinə, milli azadlıq arzu-istəklərinə
sığal çəkməyə çalışardıq.
Bu gedişlərimizin birində soruşdum ki, niyə “Yer
üzünün Qarabağ düzü”, “Kür Salyana
qovuşur” kimi publisistik yazılarına ara
verib? Bizə bir dəftərçə göstərib: “Bu səpkidə
əlli mövzu gözaltılamışdım... - dedi və
qırıq-qırıq əlavə etdi: - ...amma, heyf, bu “ali”
xəstəlik...” Dedim, Məmməd müəllim, nə etməli,
görünür, “ali” xəstəliklər də özünə
ali canlar arzulayır... Ki, onlardan “heyf, ey
eyş-işrətli dövranlarım!” kimi
sızıltılar əvəzinə, “heyf, ey
yazmadığım mövzular!” sayaq qızıltılar
eşitsin...
Sənin Məmməd Arazın...
Bu “sən”
ki var, o qədərsən ki! Minlərlə, milyonlarlasan... İndi mən hansınıza dilmanclıq edim?
Qoy sənin Məmməd Arazından bəhs edim, rəhmətlik
Mirzə Dəmirli! Bir gün, “dahi”liyi yalnız “böyük
qardaş”larımız arasında axtaran bir neçə tələbə
yoldaşımıza dediyim bir fikri əlçalma ilə dəstəkləyən
qubalı Mirzə! O fikir isə bu: “Yadda saxlayın, indi bizim
yanımızdan otuz beş yaşlı bir
dahi ötüb-keçdi...” Hələ onun “Məndən
ötdü, qardaşıma dəydi...” şeiri “Azərbaycan”
jurnalında çap olunan günün sabahısı
şadlığından yataqxanada yekə bir qazan asıb, Vətənə,
millətə dəxli olan tələbələri
başına yığdın. O şeiri xüsusi bir məhəbbət
və bəlağətlə oxuyub, o tay-bu tay
Azərbaycanın artıq bu poetik “qərar”-möhürlə
birləşdiyini söylədin. Sonra əslən
o taylı tələbə yoldaşımız Rəhim
Huşiməndinin “Mirzə, əgər Azərbaycan
reallıqda da birləşsə, neylərsən”
sualını nağıllardakı (su verməsi
üçün hər dəfə bir gözəl istəyən)
əjdaha epizodu ilə cavablandırdın. “Özümü o əjdahanın bir günlük
övnəsi kimi - Araza atıb qurban gedərəm!” - dedin.
Onun Məmməd Arazı...
“O” da
çoxdu, sevənləri sayagəlməz Məmməd Araz! Sənin 25 kitabının 5 min 5 yüz səhifəsindəki
hərf-işarələrdən də çox.
Onların yolu dağa-daşa düşəndə çox vədə
sənin dilinlə danışırlar: “Ey dəvə yal,
düşdüm daha belindən, Ovsar cığır,
sıxdın daha əlimdən, Balam çiçək, bir də
öpüm telindən, Salamat qal, salamat...” deyirlər. Elə
ki bir kədər üz verdi, bəzən
elə sənin kimi: “Ey ilham pərisi, varsansa əgər, Bu
axşam üstümə qanadını gər; Bu axşam
sahibi ölmüş bir tacam, Kimsə istəməyən bir
ehtiyacam” - duyğularıyla azaylanırlar...
...Və bütöv Vətən Məmməd
Arazı!
Azərbaycan
- mayası nur,
qayəsi
nur ki,
Hər
daşından alov dilli
ox ola
bilər.
“Azərbaycan!” - deyiləndə
ayağa
dur ki -
Ana yurdun
ürəyinə
toxuna
bilər...
Salamat
yat, salamat...
Bu
dünyandan arxayın ol, o dünyandan muğayat...
Bu
sözlərim çox yava-havalı səslənir, şair, -
özüm də bunun fərqində! Lap sənin “qədim
tarix dərəsində”kilərə (“məndən
ötdü” demişlərimizə) hayqırdığın
“Adınızı dastanlardan oğrayaram, Ruhunuzu
qıyma-qıyma doğrayaram!” hökmünə bənzəyir.
Obrazlarına bənzər söz demək isə çox
çətin! Məsələn; “Nazim qırx il,
qırx il dünyanın şeir-sənət limanlarına
Türkiyə yükü boşaltdı, Bəs ondan şairə
nə çatdı? - Bir ovuc torpaq! O da ki, qəbrinə qismət
oldu! Eşidirsənmi, Anadolu? Qəbrinə qismət oldu...”
... Bu “qəbir” sözü yazımı nöqtələməyə
qüvvət kimi gəldi, deyəsən. Əlimdəki
“yarım şahılıq” bu qələm doqquz il öncəyədək
dövrümüzün “canlı poetik fikir şahı”nın uyuduğu Fəxri xiyabana doğru xəyallandırır
məni. Özü də “Sıx gözünü,
hansı daşda su yansa, O daş altda Məmməd Araz
yaşayır” misralarının sarbanlığı ilə.
Orada isə kağız-qələmlik bir iş yox. Orada söz gözündür. Göz və...
lap axırıncı misranın ilk ifadəsini müasirlərinin
ustalıq-ustadlıqla dəyişib, sinədaşı
üstünə yazdırdıqları bir söz: “Bu daş
altda Məmməd Araz yaşayır...”
Yəni,
başlıqda “Bir şair vardı” yazmağıma bənd
olmamalı; bu şair var və həmkar sələfi - nakam
Mikayıl Müşfiq demişkən, “kainat olduqca” olacaq...
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 23
oktyabr.- S. 12.