Zəngulə
çeşməli - muğam sədalı
Səxavət Məmmədov
- 60
Azərbaycan musiqi mədəniyyətinin zirvəsi hesab olunan muğam sənəti oxunduqca doyulmayan bir əsərin şah beytidir. Muğam insanı təmizliyə, saflığa və mənəvi ucalığa səsləyir.
Əsrlərdən bəri görkəmli muğam ifaçılarımız bu ecazkar sənətin inkişafına, təbliğinə böyük töhfələr veriblər. Hacı Hüsü, Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski və digər görkəmli sənətkarlar muğamın zənginləşməsi, məktəb kimi formalaşmasında əhəmiyyətli rol oynamışlar. Bu zəngin ənənələr üzərində yetişən, özünəməxsus ifa-üslub manerası ilə muğamsevərlərin rəğbətini qazanmış sənətkarlarımızdan biri də Səxavət Məmmədov idi. Onun adı hələ gənc yaşlarından böyük ifaçılıq təcrübəsinə malik sənətkarlarla yanaşı çəkilirdi. Səsinin bəmi qəm, zili od, avazı isə ruha əbədi rahatlıq bəxş edirdi.
Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabrın 23-də Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından Tanrının bəxş etdiyi istedadı ilə öz yaşıdlarından fərqlənirdi. Azərbaycanın musiqi və mədəniyyət beşiyi - Qarabağın melodizm havasını udub, suyunu içdiyinə görə Səxavətin ulu sələflərinin ərməğanı olan muğama, musiqiyə həvəsi gündən-günə artırdı. Elə bu həvəs onu 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarır. Burada Azərbaycanın görkəmli muğam bilicisi, Xalq artisti Hacıbaba Hüseynovdan dərs alır. Müəllimindən musiqinin incəliklərini öyrənən Səxavət Məmmədov muğama yeni səs, əvəzsiz ifa tərzi və nəfəs gətirir. Muğam ifaçılığının sirlərinə dərindən yiyələnmək, onun zəngin və mürəkkəb strukturunu mənimsəmək məqsədilə təhsilini davam etdirmək qərarına gəlir. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ustalarından dərs alır.
Səxavət Məmmədov “Humayun” xalq ansamblı və “Qarabağ” instrumental ansamblları ilə qısa zaman ərzində ölkəmizdə və onun hüdudlarından kənarda böyük bir pərəstişkar ordusu toplayır. Sanki qısa ömür yaşayacağından xəbərdarmış kimi bir qərinəyə bir əsri sığdırmağa çalışırdı. Səxavət Məmmədovun ifa etdiyi hər bir mahnı, muğam dəsgahları bu gün də dillər əzbəridir. Bəzi mahnılar isə sanki ifaçısının taleyindən xəbər verirdi. “Azad bir quşdum” mahnısı nakam ömrün könül çırpıntıları kimi bu gün də qəlbləri duyğuya qərq edir:
Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa köçdüm,
Bu gənc yaşımda.
Bəli, mərhum sənətkarımız
“yuvasını” vaxtsız
tərk etdi. O, xeyirxah
əməlləri ilə
həm sənət adamlarının, həm də musiqi ictimaiyyətinin sonsuz rəğbətini qazanmışdı.
Vətən torpağı yağı düşmənin hücumlarına
məruz qalanda istedadlı xanəndə milli orduya hərbi
sursat alınması üçün əlindən
gələn köməkliyi
əsirgəmirdi. Canını düşmənə sipər
edən əsgərlərimizə
mənəvi dayaq olurdu...
1991-ci ilin 30 sentyabrında
ürəyi Vətən
sevgisi, yaşayıb-yaratmaq
eşqi ilə döyünən sənətkarın
həyatı avtomobil qəzası nəticəsində
yarıda qaldı. Hər ölüm
vaxtsızdır. Lakin 38 yaşında
aramızdan ayrılan
muğam ustasının
ölümü heç
kəsin barışa
bilməyəcəyi bir
ağırlıqdadır. Üzərindən on illər keçməsinə
baxmayaraq, onun mehriban baxışları,
ərkyana qaməti insanların qəlbində
yaşayır. Çünki Səxavət Məmmədov
ölümü ilə
ölümsüzlüyü qazandı. Mərhum sənətkarımızın qəbri işğal altındakı ata-baba yurdumuzda, yurd nisgilli ruhu isə
Qarabağ səmalarında
intizar içərisindədir.
O özü hələ
sağlığında “Mən
oxumuram, ürəyim quş kimi oxuyur”,
- deyirdi. Bəlkə buna görə
Səxavət Məmmədovun
səsi xalqımıza
bu qədər doğmadır. Mərhum sənətkarın
avazı da məhz belə bir məsumluq bəxş edir dinləyənlərə.
Ölüm sevinməsin qoy. Çünki o, mərhum sənətkarı
yalnız cismən bizlərdən ayıra bildi. Lakin ruhumuzu əsir alan Səxavət
Məmmədov avazı,
zənguləsi əbədiyaşardır.
Nəsillər bir-birini əvəz
etsə də, onun məlahətli ifaları musiqisevərlərin
yaddaşında daim yaşayacaq.
Rafiqə Nəsirova,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin elmi işçisi
Mədəniyyət.- 2013.- 23
oktyabr.- S. 13.