“Həqiqət axtarışında”

 

Moskvadakı Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycanın Əməkdar rəssamı Rasim Babayevin (1927-2007) “Həqiqət axtarışında” adlı sərgisi açılıb. Sərgi muzeyin Rusiya Mədəniyyət Nazirliyi və “Mərcani” Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimində çıxış edən muzeyin direktoru Aleksandr Sedov son illər bu mədəniyyət ocağında bir sıra postsovet ölkələri rəssamlarının əsərlərinin təqdim edildiyini deyib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan incəsənətinin Rusiyadakı təbliğinə görə “Mərcani” Fonduna təşəkkürünü bildirib. Səfir Rasim Babayevi şəxsən tanıdığını, onun əsrarəngiz rəssam olduğunuböyük yaradıcılıq irsi qoyduğunu söyləyib.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, “Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov, dramaturq və tərcüməçi Lev Yakovlev, layihənin kuratoru Svetlana Xromçenko, heykəltəraş Fazil Nəcəfov və digər iştirakçılar rəssamın yaradıcılığından söz açıb, xatirələrini danışıblar.

Rasim Babayevin oğlu Elmir Babayev sərginin təşkilatçılarına və tamaşaçılara atasının yaradıcılığına verdikləri qiymətə görə təşəkkürünü bildirib.

Noyabrın 10-a kimi davam edəcək sərgidə Rasim Babayevin 60-a yaxın əsəri nümayiş olunur. Rəssamın əsərlərinin mövzusu müxtəlifdir. Abşeron rəssamlar məktəbinin ən məşhur nümayəndələrindən biri olan sənətkarın yaradıcılığı təkcə vətənində deyil, ölkə hüdudlarından kənarda da tanınır.

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 5.