Daim xoş soraqlar arzusu ilə
Azərbaycan Respublikası Prezidentinin
xüsusi təqaüdünə
layiq görülən
gənc musiqiçilər
sevinclərini bizimlə
bölüşdülər
Gənclərə diqqət və qayğı, onların istedadının dəstəklənməsi,
bilik və bacarıqlarının inkişaf
etdirilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin
mühüm istiqaməti
olub. Öz növbəsində yaradıcı gəncliyimiz
də bu diqqət və qayğı müqabilində
yeni-yeni uğurlara imza atır, ölkəmizin mədəniyyətini,
incəsənətini müxtəlif
tədbirlərdə layiqincə
təmsil edirlər.
Dövlətin xüsusi diqqəti
gənclərin cəmiyyətdə
uğur qazanmasına,
nailiyyətlərinin davamlı
olmasına stimul verir, onları daha da ruhlandırır.
Ulu öndər Heydər Əliyevin 1996-cı il iyunun 22-də imzaladığı
“Azərbaycanda gənc
istedadlara dövlət
qayğısı haqqında”
fərmana uyğun olaraq hər il incəsənətin müxtəlif sahələrində
xüsusi uğurlar qazanan gənclərimizin adları Azərbaycanın
gənc istedadlarının
“Qızıl kitabı”na
yazılır, onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Prezident
İlham Əliyevin 14
oktyabr 2013-cü il tarixli sərəncamı ilə
musiqi sahəsində xüsusi istedadı olan daha yeddi
gənc bu təltifə layiq görülüb.
“Mədəniyyət” qəzeti
olaraq gənc istedadları təbrik edir və oxucularımızı
onlarla daha yaxından tanış
etmək istəyirik.
* * *
Züleyxa Nazim qızı
Abdullayeva (2002-ci il təvəllüdlü)
Azərbaycan Milli Konservatoriyasının İncəsənət
Gimnaziyasında fortepiano ixtisası
üzrə təhsil alır, hazırda VI sinif şagirdidir. O, 2011-ci
ildə Pietro Argento adına
beynəlxalq müsabiqədə
(İtaliya) I yerə və “Rondo” beynəlxalq musiqi festivalında (İsveç) diploma, 2012-ci ildə
pianoçuların Nikolay
Rubinşteyn adına beynəlxalq müsabiqəsində
(Fransa) I yerə layiq görülüb. Züleyxa öz sevincini bizimlə bölüşərək dövlətimiz
tərəfindən göstərilən
diqqət və qayğıya görə minnətdarlığını bildirdi: “Üzərimdə
əməyi olan hər kəsə minnətdaram. Çalışacağam ki, mənə
göstərilən etimadı
daima doğruldum, Vətənimi, mədəniyyətimizi
layiqincə təmsil edim”.
* * *
Firuzə Rauf qızı Bəylərova 2001-ci ildə
Bakıda anadan olub. 2006-cı ildən Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyasında fortepiano ixtisası üzrə təhsil alır, hazırda VII sinifdə oxuyur. 2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının
təşkil etdiyi Azər Dadaşovun əsərlərinin ən
yaxşı ifasına
həsr olunmuş müsabiqədə III dərəcəli
diploma, 2012-ci ildə Bolqarıstanın
Dobriç-Albena şəhərində
keçirilmiş XVII “Ümidlər.
İstedadlar. Ustadlar” müsabiqəsində I mükafata layiq görülüb. Firuzə də
qəzetimiz vasitəsilə
dövlətimizin ona göstərdiyi diqqət və qayğıdan məmnun olduğunu, böyük sevinc yaşadığını və
bu yolda ona dəstək olan müəllimlərinə
dərin minnətdarlıq
hisslərini ifadə etdi. Bu etimadı layiqincə doğruldacağını
dedi”.
* * *
Mircavid Mircavad oğlu Cəfərov (1996-cı il təvəllüdlü)
2013-cü ildə paytaxtdakı
G.Şaroyev adına
35 nömrəli onbirillik
musiqi məktəbini
tar ixtisası üzrə
bitirib və Azərbaycan Milli Konservatoriyasına qəbul
olunub. Xalq çalğı alətləri ifaçılarının
II respublika müsabiqəsində
(Bakı, 2010), 2011-ci ildə
Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə
həsr olunmuş milli musiqi alətləri
ifaçılarının respublika festivalında
(2011) I dərəcəli diplomla
təltif edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ümumtəhsil
və orta ixtisas təhsili müəssisələrinin şagird
və tələbələri
arasında gənc ifaçıların II respublika
müsabiqəsində III dərəcəli
diploma layiq görülüb
(2013). Müxtəlif tədbir
və konsertlərdə
uğurla çıxış
edir: “Bu, həyatımda
böyük hadisədir.
Sevincim hədsizdir. Uğur qazanmağımda
müəllimlərimin böyük
zəhməti olub.
Əməkdar müəllim Ramiz
Əzizova, məktəbimizin
direktoru Yusif Vəliyevə, müəlliməm
Gülnarə Məmmədliyə
dərin təşəkkürlərimi
çatdırıram. Ailəmiz adından cənab Prezidentə, Mədəniyyət
və Turizm Nazirliyinə xüsusi təşəkkürlərimi bildirirəm”.
Gənc
ifaçı oktyabrın
24-də Bakı Caz Festivalı çərçivəsində
atası ilə birlikdə konsert proqramı ilə çıxış etdikdən
sonra ayın 28-də Amerikaya qastrol səfərinə gedəcəyini
dedi: “Bu mədəniyyət
tədbirlərində musiqimizi
təmsil edənlər
siyahısında mənim
də adımın yer almasından bir gənc olaraq
qürur duyuram”.
* * *
Səmra
Mətin qızı Əmiraslanova (1995-ci il təvəllüdlü)
ötən il Bakı şəhəri
L. və M.Rostropoviçlər
adına 21 nömrəli
onbirillik musiqi məktəbini bitirib. 2012-ci ilin mayında
İtaliyanın Pezaro
şəhərində keçirilmiş
IX beynəlxalq “Jita de
Pezzaro” müsabiqəsində
I mükafata layiq görülüb. Hazırda
Bakı Musiqi Akademiyasının II kurs tələbəsidir, professor
Oqtay Abasquliyevin sinfində təhsil alır. Gənc pianoçu ötən
ilin oktyabrında Malayziyanın Kuala-Lumpur şəhərində
keçirilmiş “The Asia Piano
Competition-2012” müsabiqəsində uğurla iştirak edərək I mükafatı
və laureat adını qazanıb.
Dünya
şöhrətli 12 pianoçudan
ibarət nüfuzlu münsiflər heyətinin
ümumi qərarı
ilə Səmra Əmiraslanovanın Amerika
və Asiyanın bir sıra ölkələrində
keçiriləcək qastrol
səfərlərində iştirakı
nəzərdə tutulub.
Səmranın müəllimi, BMA-nın
professoru, Əməkdar
incəsənət xadimi
Oqtay Abasquliyev tələbələrinin uğuruna
sevindiyini bildirdi: “Çox şadıq ki, dövlətimiz gənc istedadlara daima diqqət və qayğı göstərir. Bu qayğı onların uğur qazanmasına zəmin yaradır. Bir müəllim kimi Səmradan çox razıyıq. O, bizim
ümidləri həmişə
doğruldur və öz uğurları ilə bizləri sevindirir. Güman edirəm ki,
gələcəkdə daha
böyük nailiyyətlərə
imza atacaq”.
* * *
Cahandar İslam
oğlu Xanlarov 1997-ci ildə Bakıda anadan olub. 2005-ci ildən
L. və M.Rostropoviçlər
adına 21 nömrəli musiqi məktəbində kamança
ixtisası üzrə
təhsil alır, hazırda XI sinif şagirdidir. Ümummilli lider Heydər
Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində (2008), uşaq
musiqi və incəsənət məktəbləri
şagirdlərinin xalq
çalğı alətləri
üzrə II respublika
müsabiqəsində (2010) I dərəcəli diplomla təltif olunub. 2010-cu ildə Mərakeşin
Rabat şəhərində keçirilmiş beynəlxalq
uşaq festivalında
uğurla iştirak edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə
həsr olunmuş milli musiqi alətləri
ifaçılarının respublika müsabiqəsində
(2011), Bülbülün anadan
olmasının 115 illiyinə
həsr olunmuş müsabiqədə (2012) I mükafata
layiq görülüb.
2009-cu ildən Dövlət Uşaq Xalq Çalğı Alətləri Orkestrinin üzvüdür.
Cahandar bizimlə telefon söhbətində bildirdi
ki, hələ də bu xəbərin
sevincini yaşamaqdadır:
“Bütün istedadlı
gənclərə bu cür şad xəbərlər almalarını
arzu edirəm. Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Bu günə kimi qazandığım bütün
uğurlarıma görə
müəllimlərimə minnətdaram.
Hazırda isə dekabrda
keçiriləcək respublika
müsabiqəsinə hazırlaşıram”.
* * *
Atabəy
Xəzər oğlu İsmayılov Bülbül
adına Orta İxtisas Musiqi Məktəbində
tar ixtisası üzrə
təhsil alır. Atabəyin valideynləri bu günün sevincini bütün doğmaları
ilə birlikdə yaşadıqlarını dedilər.
Onlar ölkə rəhbərliyinə
minnətdarlıqlarını çatdıraraq gənclərə
olan diqqət və qayğıya görə dərin təşəkkürlərini ifadə
etdilər. Füzuli rayonundan
məcburi köçkün
olan ailəyə bu xəbər böyük bir şadlıq gətirib.
Valideynləri Atabəyin gələcəkdə
vətəninə, xalqına
layiqli bir vətəndaş olaraq ona göstərilən qayğını daima qiymətləndirəcəyini, bu yüksək etimadı doğruldacağını
bildirdilər.
* * *
Jalə
Eldəniz qızı
Mailova (2000-ci il təvəllüdlü)
Bakıdakı Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdidir. 2010-cu ildə
uşaq və gənclər arasında “Şopen 200” müsabiqəsinin
diplomantı adına,
2012-ci ildə İslam
dünyası gənclərinin
beynəlxalq festival-müsabiqəsində
I yerə, 2012-ci ildə
pianoçuların II respublika
müsabiqəsində III yerə,
Almaniyada “Münhen ulduzları” beynəlxalq müsabiqəsində solo nominasiyada
I yerə (qızıl
medal) layiq görülüb.
Bu il ulu
öndər Heydər
Əliyevin 90 illiyinə
həsr edilmiş
fortepiano ansamblı və
müşayiəti üzrə
respublika müsabiqəsində
I yeri qazanıb. Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən
“İstedad Mərkəzi”nə
üzv seçilib.
Jalə
də öz həmkarları kimi layiq görüldüyü
diqqət və qayğıya görə böyük sevinc yaşadığını bildirdi:
“Əldə etdiyim uğurlara görə müəlliməm Tamilla Məmmədovaya və anama minnətdaram. Ölkə başçısının
sərəncamı ilə
adımın Azərbaycanın
gənc istedadlarının ”Qızıl kitabı”na yazılması,
Prezident təqaüdünə
layiq görülməyim
həm onların, həm də təhsil aldığım
məktəbin uğurudur.
Bundan sonra da çalışacağam
ki, onları yeni uğurlarımla sevindirim”.
* * *
Bəli, bu gün gənclərimizin
səsi-sorağı dünyanın
ən mötəbər
müsabiqələrinin qalib
kürsülərindən gəlir. Bu istedadların aşkar edilməsinə, dəstəklənməsinə
dövlətin böyük
qayğı və diqqəti var. İnanırıq
ki, gəncliyimiz də istedadı və bacarığı ilə bu diqqətə
daim layiq olacaq.
Lalə
Mədəniyyət.- 2013.- 25
oktyabr.- S. 6.