Cazın cazibəsində
Bakı Caz Festivalı məşhur
ifaçıları və musiqisevərləri bir araya gətirib
Oktyabrın 23-də caz həvəskarları, bu musiqinin ruhundakı azadlıq və sərbəstlik eşqinin, ecazkar ifaların bir araya gətirdiyi insanlar sənət bayramını yaşadılar. Paytaxtımızda növbəti caz festivalına start verildi.
Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən açılış konsertinə toplaşmış sənətsevərlər salonu tam doldurmuşdu. Tamaşaçılar arasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ölkəmizə səfərə gəlmiş məşhur fransız aktyoru Jerar Depardye, dünyanın müxtəlif ölkələrindən caz ifaçıları, qonaqlar vardı.
Öncə tədbirin aparıcısı Rahib Azəri səhnəyə çıxaraq ənənəvi olaraq keçirilən festivalın tarixi, bu musiqi tədbirlərinin Bakının caz şəhəri kimi tanınmasında rolu, musiqi incəsənətinə töhfəsi barədə danışdı: “Bakı artıq 11-ci dəfədir beynəlxalq caz festivalına ev sahibliyi edir. Təxminən bir il bundan öncə biz bu səhnədən “növbəti görüşlərədək” deyib ayrıldıq. Nəhayət, musiqi bayramında yenidən bir araya gəldik. Bu festivallar hər şeydən öncə musiqinin inkişafına və daha geniş auditoriyalara yayılmasına xidmət edir. Buna görə təşkilatçılara, dünyanın ən məşhur caz musiqiçilərini bizim səhnələrə qonaq edən Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Mədəniyyət Fonduna bütün caz vurğunları adından dərin təşəkkürümü bildirirəm”.
Qeyd olundu ki, festivalda paytaxtın 4 konsert salonunda - Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Bakı Caz Mərkəzi və Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilər Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex, eləcə də Azərbaycanın tanınmış ifaçıları çıxış edəcəklər: “Axşamlar isə caz mərkəzində bu konsertləri ən pik nöqtəsi sayılan “cemseyşn”lər olacaq. Düşünürəm ki, bu günlər ərzində musiqi həvəskarları böyük zövq alacaqlar”.
Sonra söz musiqiyə verildi. Səhnəyə məşhur kaliforniyalı saksafonçu, özünəməxsus elementlərlə ifasını daha da maraqlı, baxımlı edən Joşua Redmanın kvarteti çıxdı. Aaron Qoldberq (piano), Ruben Rogers (kontrabas) və Qreqori Hatçinsonun (zərb alətləri) daxil olduğu qrup yeni caz kompozisiyaları və Joşua Redmanın klassik caz bəstələrini, həmçinin onun 2013-cü ildə buraxılmış “Walking Shadows” adlı balladasayağı lirik musiqi albomundan seçilmiş parçaları təqdim etdi.
Dünyanın müxtəlif səhnələrində populyar cazmenlərlə bir səhnəni bölüşmüş musiqiçilərin çıxışı sürəkli alqışlarla qarşılandı. Yerlərdən “bravo”, “vau” kimi nidalar yüksəldikcə, tamaşaçı zalından müsbət enerji aldıqca kvartet xüsusi bir vəchlə ifa edir, mimika və jestləri ilə sevgi və minnətdarlıqlarını çatdırırdılar.
Bir-birini əvəzləyən fərqli, gözəl və ən əsası qulağayatımlı musiqi nömrələri ilə zəngin konsert proqramı sona yetdi və musiqiçilər tamaşaçı alqışları ilə səhnəni tərk etdilər. Amma alqışlar yenə səngimədi və musiqiçilər yenidən səhnəyə qayıdaraq son musiqi nömrələrini də ifa etdilər.
* * *
Festivalın ilk günü daha bir konsert proqramı Bakı Caz Mərkəzində təqdim olundu. Burada istedadlı musiqiçilərin yer aldığı “Bakı” estrada caz qrupu sənətsevərlərə gözəl anlar yaşatdı. Qrupun rəhbəri Leyla Nəzərli tamaşaçılarla ürək sözlərini bölüşərək bu festivalda ilk dəfə iştirak etdiyini və bundan böyük şərəf duyduğunu dedi. L.Nəzərli fortepianoda məşhur caz ifaçıları Garner, Gilesspi, Gertstwin, Petersonun kompozisiyalarını səsləndirdi. Səid Rüstəmovun “Hardasan” mahnısını maraqlı çalarlar qataraq ifa edən musiqiçi özünün bəstələdiyi “Dialoq” adlı əsərini də təqdim etdi.
* * *
Oktyabrın 24-də festivalın daha iki konserti oldu. R.Behbudov
adına Dövlət Mahnı Teatrında Əməkdar
artist, istedadlı musiqiçi
Mircavad Cəfərovun
rəhbərliyi ilə
“Cəngi” caz qrupunun konsertində tamaşaçılar klassik
bəstəkarların əsərlərini
yeni yozumlarda dinlədilər. Həmçinin Azərbaycan muğamı
üzərində qurulmuş
kompozisiyalar, eləcə
də ənənəvi
caz əsərləri
təqdim olundu.
“Qarabağ şikəstəsi”nin caz yozumu
isə xüsusilə
maraq doğurdu.
Caz Mərkəzində
gənc ifaçı
Əlibəy Məmmədzadə
və qrupunun təqdim etdiyi musiqi parçaları da maraqla qarşılandı.
Noyabrın 2-də başa çatacaq
festival günlərində musiqisevərlər xarici qonaqlarla yanaşı, Azərbaycanın istedadlı
musiqiçiləri Salman
Qəmbərov, Emil Əfrasiyab,
Əfqan Rəsul və başqa caz musiqiçilərinin də solo konsertlərini izləmək imkanı əldə edəcəklər.
Həmidə
Mədəniyyət.- 2013.- 25
oktyabr.- S. 8.