"Hyatt Regency Bakı"nın təmsilçiləri Turizm İnstitutunda görüş keçiriblər

 

Bakıda ilk beynəlxalq mehmanxanalar şəbəkəsi sayılan «Hyatt Regency” təmsilçilərinin Azərbaycan Turizm İnstitutunun tələbələri ilə vaxtaşırı görüşləri ənənəyə çevrilib. Oktyabrın 23-də növbəti görüş keçirilib. Hotelin təmsilçiləri - Səbinə Hüseynova, Teymur Axundov, Fərman Mehdizadə, Ralitsa BaşakovaElvin Rəşidov əvvəlcə ATİ-nin rektoru, professor Cəfər Cəfərovla görüşüblər. Rektor bildirib ki, institutda təhsilin təcrübə ilə əlaqələndirilməsinə və inkişafına xüsusi önəm verilir. Nəticədə bir çox məzunlar seçdikləri ixtisasa uyğun müvafiq işlə təminatlarında ciddi maneələrlə rastlaşmırlar. Təcrübə keçdikləri turizm müəssisələrindən təhsillərini başa vurmazdan əvvəl belə təklifləri alırlar. Bu baxımdan «Hyatt Regency Bakı»nın ixtisaslı, təcrübəli kadr hazırlığına göstərdiyi diqqət də təbiidir.

Rektor bildirib ki, ölkəmizdə fəaliyyətə başlayan brend hotellərdə çalışanlar arasında ilk dəfə məhz «Hyatt Regency Bakı»da təcrübə keçən bir çox gənc var: «Bu hotellə əməkdaşlıqdan olduqca razıyıq».

Sonra ATİ tələbələri ilə görüşən «Hyatt Regency Bakı»nın təmsilçiləri onları maraqlandıran sualları cavablandırıb, qonaqpərvərlik sənayesinin ölkələrin iqtisadi inkişafında əhəmiyyətindən danışıblar. Qonaqlar yay dövründə 3 aylıq təklifinin ATİ tələbələri üçün əhəmiyyətli olacağını bildiriblər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 9.