Seyid Yəhya Bakuvi: tolerantlığın ifadəsi
UNESCO-da azərbaycanlı mütəfəkkirə
həsr edilmiş simpozium keçirilib
Oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər
Əliyev Fondunun təşəbbüsü və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) təşkilatçılığı
ilə böyük Azərbaycan mütəfəkkiri
Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilib. Qeyd edək ki, UNESCO baş konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının
550 illiyi dünya səviyyəsində qeyd edilir.
“Seyid Yəhya Bakuvi: tolerantlığın
ifadəsi” mövzusunda
simpoziumda mütəfəkkirin
irsinin, yaradıcısı
olduğu xəlvətilik
təriqətinin dünyada
tolerantlığa verdiyi
töhfə barədə
məruzələr dinlənilib. Tədbirdə
Azərbaycan, Britaniya,
Fransa, Türkiyə, Əlcəzair və başqa ölkələrdən
tədqiqatçı alimlər,
UNESCO-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri,
ölkəmizin Fransadakı
səfirliyinin əməkdaşları,
diaspor təmsilçiləri,
mədəniyyət xadimləri
iştirak ediblər.
Simpozium Azərbaycan rəhbərliyinin
multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi
istiqamətində təşəbbüslərindən
bəhs edən “Tolerantlığın məkanı”
adlı sənədli
filmin nümayişi ilə başlayıb.
DQİDK-nın sədri
Elşad İskəndərov
açılış nitqində
Seyid Yəhya irsinin Azərbaycanda dini tolerantlığın
formalaşmasında xüsusi
əhəmiyyətə malik
olduğunu qeyd edib. Bildirib ki, Bakuvi və onu şöhrətləndirdiyi
xəlvətilik təriqətinin
dünyaya bəxş
etdiyi irs
dünyada tolerantlıq
dünyagörüşünün yayılmasında, məzhəblərarası
çatışmaların qarşısının alınmasında
aktuallığını bu
gün də itirməyib.
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali
nümayəndəsi Nasser Abdulaziz
Al-Nasser UNESCO tərəfindən
2013-cü ilin “Seyid Yəhya Bakuvi ili” kimi qeyd
edilməsini əlamətdar
hadisə adlandırıb.
Onun sözlərinə görə,
Bakuvi irsi insanlar və mədəniyyətlər arasında
fərqlilikləri birləşdirmək
üçün salınan
körpüdür. Bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
Bakıda keçirilən
II Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirakını xatırladan
Nasser Abdulaziz Azərbaycanın
mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik
olduğunu diqqətə
çatdırıb.
UNESCO-nun Mədəniyyətlərarası
Dialoq Platformasının
başçısı Katerina
Stenou çıxışında
bildirib ki, Azərbaycan xalqı tarix boyu mədəniyyətlər
və dinlər arasındakı qarşılıqlı
rəğbətin ən
gözəl nümunəsini
yarada bilib.
Sonra simpoziumun “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi“ adlı
panellərində məruzələr
dinlənilib.
Günün sonunda tədbir iştirakçıları dünya şöhrətli fotoqraf,
Fransada yaşayan
soydaşımız Rza Diqqətinin “Azərbaycan
- tolerantlıq məkanı” adlı fotosərgisi ilə
tanış olublar. Sərgini
açan Azərbaycanın UNESCO
yanındakı daimi nümayəndəliyinin
müvəqqəti işlər vəkili Anar
Kərimov deyib ki, Heydər
Əliyev Fondunun təşkilatçılığı,
UNESCO və DQİDK-nın dəstəyi ilə təşkil
edilən sərgidə nümayiş
etdirilən fotolar ölkəmizdə
tolerantlığı əks etdirir.
Sərgi böyük maraqla
qarşılanıb.
Mədəniyyət.- 2013.- 25
oktyabr.- S. 10.