Aləm qələmlimiz
Fikir sərkərdəmiz,
milli əyilməzimiz - Hüseyn Cavid əfəndimiz...
Hər şeyi, hər “nüktə”ni görən gözlümüz. Hər şeyi görsə də, bilsə də “İblisəmi uymuş bəşəriyyət?!” deyibən suallanıb-söylənənimiz. “Nə eşq olaydı, nə aşiq” desə də, başdan-başa Aşiqimiz. “...Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” söyləyib, “kultura”dan dəm vuranlar tərəfindən sürgün edilən zəriflik, incəlik, müqəddəslik mücəssəməmiz...
Şəxsiyyəti, milli və bəşəri mədəniyyəti, ədəb-ərkanı ilə də poeziya idi Cavid əfəndi. Tək elə gözəlliklər Məcnunu deyildi, həm də gözəllik, məcnunluq, əsl insanlıq aləmindən bixəbərləri ədəb-irfan mərtəbələrinə çağırış Aşiqi idi. Özgə haqqına toxunmadan millətinə özgürlük hayqıran milli müştaq idi. O, “yer üzünün əşrəfi”nə məxsus ən “məxfi” hiss və duyğuları - ana təbiətdən də geniş və mürəkkəb insan təbiətindəki cəncəl-cəngəllikləri də “durnanı gözündən” məharətilə görürdü.
Onun bəsirət gözü bəşərdəki bioloji gözlərin kəmiyyət faizinə yox, keyfiyyət alisinə aid idi. O, bir şair kimi təbii gözəllikləri, insani özəllikləri vəsf etməli, rəngarəng lirizmlərlə məşğul olmalı ikən, qismətinə ictimai-siyasi kataklizmlər düşmüş ümumxalq mirzə-əfəndiliyi də etdi. “Kəndisini” gözgörəti alovlara atmaqdan “sakındıra” bilmədi. Sevgili qəlblər timsallı uca könlünü, qəlbi qələmini “politik” vurhavura cəlb etmək istəyənlərə “ura!” demədi. Elə keçənəklərdə düşmən üstünə yürüyən babalarının “vurha!” kəlməsindən gəlişmiş bu “ura”nı gələnəklərə daşımaqda bulundu. “Bulundu” demişkən, öz yaradıcılığındakı çalı-çabaları, cəhdləri, dil-üslub elementlərilə ümumturan ortaqlığımızın - sonralar formatlaşan “işdə birlik, əməldə birlik, dildə birlik” ideyasının bünövrəsini qoydu. “Politik” inqilabi çaxnaşmalardan çaş-baş qalmış Azərbaycan kütlələrində poetik inqilab yaratmaq istəyən bu əfəndimiz təkcə öz çağının yox, bütün gələcəyin irfan tufanı kimi çağladı.
Bu mərd fərdin
dərdi...
Heç birinə heç bir fərq qoymadan bütün canlılarını yaşatmaqdan başqa bir “dərd”i olmayan ana təbiətin fəsilləri cəmi-cümlətanı dörd. Həmin canlıları vəsf etmək, heyvanatına mərhəmət, insanatına məhəbbət aşılamağa, haqq yolundan sapmamağa çalışan ədiblərin dərdi isə saysız-hesabsız. Dövlətlər, hökumətlər cəmiyyətləri vur-tut bir qanun kitabıyla idarə edir, onlar isə - formaca təbdən-təbə düşsələr də - məzmun-mahiyyətcə min-min arzu-xitablarla.
Hüseyn Cavid əfəndimizin təbiəti “təbiət və cəmadət” lövhələrilə ləbaləb! Onun təbiətindəki hissi temperaturlar, ədəbi-bədii temperamentlər müsbətin ən ulu və uca dağı, mənfinin ən dərin dərəsi! Düşüncə püskürtülərinin birində:
İblis nədir? - Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? - İblis!..
- deyə kükrəyən bu canlı Vulkan başqa bir məqamda - yad bir çocuqla baba-bala mükaliməsində könüllərə xoşşırran bir şəlalə, polifonik ladlı çay kimi axarlanır. Poetik monoloq kimi səslənən həmin dialoqda neçə-neçə digər şeir və poemalarında nəhəng fikirlər söyləyən, qeyri-adi psixoloji problemlər çözən şair insanın uşaqlıq yaşı əlifbasında necə də qocafəndi, müdrik gəzişmələr edir!
- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki,
sənin anan, baban varmı?
- Var.
Bu şeirin bura qədəri bayatılarımızın
ilk iki misraları timsalında - yəni “noolsun?” laqeydliyilə
qarşılana biləsi sözlər. Amma sonrakı misralar
bütöv bir həyat şəkli:
-
Nasıl, zənginmidir baban?
- Əvət,
zəngin, bəyzadə...
- Öylə
isə, geydiyin geyim niçin böylə sadə?
Yoqmu sənin incilərin, altın bilərziklərin?
Söylə,
yavrum! Hiç sıqılma...
- Var əfəndim,
var... lakin
Müəlliməm
hər gün söylər, onların yoq qiyməti,
Bir
qızın ancaq bilgidir, təmizlikdir ziynəti...
Sonrasıyca
düşünürsən; bu qədər ciddi “mən”ə
malik, bütün fikir-zikir ömrünü “İblis”, “Topal
Teymur”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” kimi
tarixi dramatizmliklərə, təsəvvürlərin təsvirinə
həsr etmiş düşüncələrini yazılı
arxivləri, xəyali-ehtimali “tör-töküntü”ləri
yararlılaşdırmağa yönəltmiş,
könlünü millətə verib, eşqini mədəni-mənəvi
intibaha, siyasi istiqlala sərf etmiş bu hikmət
ağsaqqalı hamıya məxsus aşiqlik də edə bilərmişmi?
Və edərdisə, “eldən
dışarı” alınmazdımı, ərəbin
sözündə “dəvədə buynuz”, əcəmin
gözündə “palazda çeşni” kimi görünməzdimi?
Yox, qare əfəndi, bu Aşiq-ədibin “məşuqə”si
də eləcə mərifət-ədəbanədir, həyayi-ağbirçəkyanədir.
Buyurun, elələrindən birindən bir bənd:
Səhər
vaqtı, ya Rəb, nə gördüm ki, canan
Gəlir şadü xəndan, xuraman-xuraman.
O məstanə
gözlər süzüldükcə hər an
Alır
can, dökür qan, xuraman-xuraman.
Bu zəriflik
bəndindən sonra verəcəyim sərtlik (və qəriblik)
bəndi arasında bir abzaslıq -
Publisistik elegiya
Bütün şüurlu ömrünü şərəfli
millətinə, bəşəri ideyasına həsr, Vətənə
fəda etmiş bu fədayi-Vətən sonda cəlayi-vətən
oldu. 1882-ci il 24 oktyabrda Naxçıvanda doğuldu, 1941-ci
il 5 dekabrda adlarından da buz yağan ünvanda (İrkutsk
vilayəti, Tayşet rayonu, Şevçenko kəndi)
öldü. Bilirəm, yaxşı bilirəm
ki, bu ad-sanlı şəxsiyyətin, şanlı İsmin,
böyük milli Mübtədanın dünyadəyişimini
“öldü” xəbərilə ifadə etməzlər.
Amma o, dünyasını neçə il əvvəl
Bakıdan ayrı saldırılanda dəyişmişdi. Oradakı sıradanbir adamlar, siyasi münasibətlər,
qurama düşüncələr içərisində
dünyasını dəyişmək, vəfat etmək
mümkün idimi? Yox, orada yalnız
ölmək (!) olardı. Təsəvvür edin;
Ey odlu
şəhpərilə saçan zəhri-intiqam!
Ey hərb
ilahı! Ey sırıtan kinli əjdəha!
Endir
şu qanlı pərdəyi, ey rəhnümayi-şər!
Endir də bir qədər nəfəs alsın bəni-bəşər.
- deyən bir kamil zat zatıqırıq bir
yefreytorun süngüsü altında hər səhər xəndək
qazmağa, şpal daşımağa gedir və hər
saatı bir il kimi keçən gecələr ailə-uşağı,
xalqı, Türk-Turanı ilə bağlı xəyallara
dalır. Hələ “heç nə” yox ikən:
Ya Rəb, bu nə dəhşət, nə fəlakət?
Ya Rəb, bu nə vəhşət, nə zəlalət?
Yoq kimsədə
insafü mürüvvət,
İblisəmi
uymuş bəşəriyyət!?
- yazmış bir mütəfəkkir gözləri
önündə cərəyan edən o barbar “var”lar içrə
ikən nələr yazırmış könlündə?!
Hələ
bu da var ki, bu incə qəlbli kişi
ruhani ailəsində doğulmuş, ibtidai təhsilini molla məktəbində
almışdı. Yaxşı ki, orta təhsili M.T.Sidqinin yeni
üsullu məktəbində (“Məktəbi-tərbiyə”)
keçmişdi, yoxsa, insanlığın “bolşevik”
anti-insanlığı yeniliklərinə mənən
heç dözə bilməzdi...
Tale onu son mənzildən əvvəl çox mənzillərə
ürcah etmişdi. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda
olmuş, təhsilini Təbrizin “Talibiyyə” mədrəsəsində
davam etdirmişdi. Altı il sonra
İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirən
Hüseyn əfəndi bir müddət Naxçıvanda, Gəncədə,
Tiflisdə, 1915-ci ildən həbsinədək isə
Bakıda müəllimlik etmişdir.
Sənəti janr və forma cəhətdən çox zəngin
idi Cavidin. Fəlsəfəsi isə ixtisasca filosof olanların
görüb-göstərə bildiklərindən daha
geniş, daha əngin idi. O, etno-monoqrafların hələ
bu gün də əl-ətəyini bir yerə yığa bilmədikləri
mütərəqqi romantizmin banilərindən idi. Gözəl, dərin lirik şeirlərin, xeyli dərəcədə
qeyri-ənənəvi lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında
ilk mənzum pyeslərin, faciə-dramların müəllifidir.
Əsrin əvvəllərində “Cavid
teatrı” deyə səciyyələndirilən bu müəllif
dövrün ümumbəşəri, böyük
ictimai-siyasi, mədəni-mənəvi problemlərinə Azərbaycan
təfəkkürü prizmasından yanaşma iddiası ilə
çıxış edir və səsi çatan məkanlarda
bunun ustad əks-sədaçısı kimi də qəbul
edilirdi. Böyük mütəfəkkir-ədib
1918-ci ildə tamamladığı “İblis” mənzum faciəsində
həm bilavasitə öz çağının, həm də
dolayısıyla bütün dövrlərin mürtəce
qüvvələrinin tipik obrazlarını
yaratmışdır. Şairin bu lirik-epik fəlsəfəsində
“insan insana qurddur” - deyə düşünənlər, “mədəni
vəhşilər” iblis surətində ümumiləşdirilmiş,
hər motivli savaşlara, xüsusən
işğalçı müharibələrə sənətin
qələm-qılıncı ilə “yox!” zərbələri
yağdırılmışdır.
İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o
şöhrət.
Hər kəs
bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
- deyən şair bəzən elə məqamlara
da toxunur ki, iblislik insanlığın yanında “toya getməli”
libasda görünür:
Bənsiz
də, əmin ol, sizə rəhbərlik edən var:
Qan
püskürən, atəş savuran kinli krallar,
Şahlar,
ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın
və qadın düşgünü divanə bəbəklər...
Dünyaları
mənən dolaşıb, olayların yaxşısıyla
yollaşıb, yamanıyla naqolaylaşan şair hərdən
zərif mövzulara, əbədi obrazlara da toxunub, “bəzmi-istirahət”lərdə
bulunur:
Qadın!
Ey sevgili həmşirə, oyan!
Ana! Ey
nazlı qadın, qalq! Uyuyan
Oyan, ətrafını
seyr et də, düşün!
Bütün
evladi-vətən iştə bu gün
Yalınız
səndən umar sədrə şəfa,
Yalınız səndə bulur ruha qida.
Ana
evladını bəslər, böyütür,
Anasız millət, əvət, öksüzdür.
Bu ulu şairin poetik müraciətləri, nida sədalı
xitabları bir daha əyan edir ki, onu mənən zəngin bir
ana doğmuşdur. Bu misralar bəyan edir ki, onun vəfalı
qadını Müşkünaz xanım, ata yolunu gözləyə-gözləyə,
ata əqidəsini izləyə-izləyə qız
qarıyıb dünyadan köçmüş Turan xanım məhz
həmin uca xitabların canlı ünvanları olmuşlar.
Qadın!
Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət,
o nəcabətlə sana
Bu əsarət,
bu həqarət nə rəva!?
Oluyor
iştə hüququn pamal,
Çalış,
öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət
içindən sıyırıl!
Qəhrəmanlar
kibi qavğaya atıl!
Möhtərəmlik... möhtəşəmlik
Birinci ifadə onun özünə, öz qədrinə
aiddir, ikinci isə onun şöhrət qədrinə, qədirbilənlərin
həyata keçirdiyi işlərə. 100 illik
yubileyi ərəfəsində ümummilli əfəndimizin cənazəsinin
qalıqları ümummilli liderimizin səyi ilə Vətənimizə
gətirildi. Naxçıvanda ev-muzeyi
yaradıldı. Haqqında “Azərbaycan ədəbiyyatının
söz və fikir zadəganı” kimi gözəl deyimlər
deyildi. Öz sənət idealına bir
misra belə dönük çıxmayan bu ölməzimiz əzəldən
milli və bəşəri sevgidən, ümumqəlb aləmindən
yazan şair kimi necə tanınmışdısa, eləcə
də getdi bu dünyadan.
Kəssə
hər kim tökülən qan izini,
Qurtaran
dahi odur Yer üzünü!..
- dedi və
bu ada qələmlə nail oldu. Qaldı bu məsələnin
ağıl, tədbir nailiyyəti ki, dahiliyin, Nobelliyin bu
nominasiyasına doğru irəli, cənab bəşər!..
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 25
oktyabr.- S. 11.