27 oktyabr - bir əbədi ölməzin - Asəf Zeynallının cismən ölüm günü...

 

1909-cu il 5 aprel tarixli bir bahar anında doğulmuşun 1932-ci il 27 oktyabr tarixli bir payız axşamında bu dünyadan köç günü. Dahiyanə romansındakı füsunkar təbiət obrazlarının - “şiş ucları buludlarla döyüşən”lərin, düzlərdə gəzişənlərin, sularda üzüşənlərin öz cəmiyyət nəğməkarını itirdiyi gün...

Onun “alın yazısı” belə yazılmışdı deyə, buölüm yazısı”nda mütləq belə bir öyüm yazılmalıdır: Əbədi gənc bəstəkar!..

 

Cəmisi 23 yaş...

 

Amma - məlum bir məhəbbət mahnısını sənət müstəvisində götürsək, - “yaşın nə fərqi var?..”

Vur-tut 23 yaş...

Bu, çoxları üçün heç olum yaşı da deyil. “- Niyə keçmişdə həddi-büluğa çatmamış vəliəhd uşaqlar çar, şah, kral elan edilirdi, amma həmin yaşlarda evlənmələrinə icazə verilmirdi? - Çünki arvadı idarə etmək ölkəni idarə etməkdən çətindir” lətifəsindən yanaşsaq, təcrübəlilər iyirmi üçü evlənməyə də bəs hesab etmirlər. Amma Asəf bu yaşa qədər məmləkətimizin mədəniyyət butası dalısıyca çöllənə-çöllənə, sənət eşqi gücündən şellənə-şellənə, şərqilənə-nəğmələnə gəzib-dolaşdı. Az qala uşaq yaşında müdrik qoca, parlaq ziyalı təəssübkeşliyilə gəzib-dolaşdı. Elit ağılla gedib, xəlqi nor-noğulla qayıtdı hər dəfə. Gətirdiklərini nota köçürüb əbədiləşdirdi, -

 

Özü isə...

 

Özü isə - göydən düşən üç nağıl məlumunun əksinə olaraq, - ərşə çəkildi. Göylərə çəkilməzdən öncə o, yerlərdə az getmiş, piano-fortepiano-saz getmiş, dərə-təpələr gəzərək yüzə-yüz tapmışdı. “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran”, “Muğamsayağı”, “Çahargah”, “Uşaq süitası” və sair instrumental-fundamental addımlarıyla otuz doqquz qapı açmış, qırxıncıda sənət-padşahın “Ölkəm” adlı gömgözəl, qəpqəşəng qızı ilə rastlaşmışdı...

O, xalqın təsəvvür-təsəvvüf “zindan”ından xilasi-kəşf etdiyi bu gözəlləri elə xalqın özünə nişanladı. Onları öz sahibinə ismarlayıb, yeni-yeni butalar ardınca düşdü. Daha neçə-neçə könül qənimətləri topladı. Ancaq onların hamısını axıracan cəm edib ram eləyə bilmədi. Nədən ki, belə səfərlərin birində möhkəm sətəlcəm oldu və... az qala bir simfoniya müddəti ərzində əbədiyyətə köçdü...

Sənəddə əbədi gedən bu gənc dahi sənətdə əbədi qaldı.

Dilimizdə səslənərkən ürəyimizdə süslənən bir ünvanda - qocalarımızın hələ də “Dəmir qapı” təyinilə yad etdikləri Dərbənddə doğulmuşdu Asəf. Bəxtindən çox az qalmış fotoşəkilləri də adama az söz demir. Baxışları hələ yazılmamış neçə-neçə şedevrlər saçır...

Yuxarıda butalardan danışdım və onlar, təbii, sevgilik-yarlıq deyil. Onlar istedadi-sənətdarlıq, qeyrəti-səfərdarlıq elementləridir.

Siz onun əsərlərini dinləyərkən nə hislər keçirirsiz - bilmirəm. Amma mən həmişə Rübabə xanımın “Qaragilə”sindəki nəqarəti də xatırlayıram:

 

Dərbənd aralı,

Könlüm yaralı,

Bir qız sevmişəm, Qaragilə,

Dağlar maralı...

 

Bu poeziya nümunəsindən əvvəl bəhs açdığım “sevgilik-yarlıq, qeyrəti-səfərdarlıq” məsələsi yavaş-yavaş açılmırmı? Yəni bu cavan dahi, nakam dərbəndli birigid ömrü”ndən də az həyatını “dağlar maralı” timsallılara yox, büsbütün ellər folkloruna, xalq nəğmələrini toplayıb nota köçürmək zoruna, əcnəbi paxılların adımıza yamaq etmək istədikləri “çarıqlı-patavalı ölkə” fasonlu ayamalara qarşı “Ölkəm” kimi ultra-brendlər yaratmağa sərf edib.

İyirminci illərin əvvəllərində ailəsilə Bakıya köçən Asəf - ölümündən sonra adının veriləcəyi məktəbə - Musiqi Texnikumuna daxil olur. Sonra Azərbaycan Dövlət Konservatoriyasında oxuyur. Orkestr fakültəsindən bəstəkarlıq fakültəsinə keçməsilə öz gələcəyinə və ümumxalq mədəniyyət fondumuzun daha da zənginləşməsinə bünövrə qoymuş olur. Ü.Hacıbəyli, B.Karagiçev, L.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alması onun daha yüksək zirvələrə ucalmasında mühüm rol oynayır. Bu maraqlı sənətkarın yaradıcılıq tərcümeyi-halında ən maraqlı faktlardan birimilli romans janrının banisi olmasıdır.

Asəf Zeynallı həm də ilk simfonik musiqi nümunələrinin müəllifidir. Onun “Fraqmentlər” adlı simfonik əsəri bu janrda ilk orijinal Azərbaycan nümunəsi olmaqla, həm də yarandığı dövrdə SSRİ miqyasında çox yüksək novatorluq kimi qarşılanıb. Sonralar, sovet musiqişünaslarının rəyinə görə, onun tamamlaya bilmədiyi “Bakı” simfoniyası “dahiyanə bir əsərin yarımçıq cizgilərdə susması” imiş.

İyirmi üç “yarımçıqlı” bəstəkar haqda gözəl sözlər, maraqlı fikirlər az deyil. Dövrün mətbuatında onun adı tez-tez çəkilirdi: “Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq açmaqdadır”. “C.Cabbarlının “Sevil” dramının səhnə uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi səslənir”.

Gənc bəstəkarın “Tənqid-təbliğ” teatrında musiqi bölməsinə rəhbərlik etməsi ona fəaliyyət sahəsini daha da genişləndirməyə, daim mədəniyyət aləminin mərkəzində olmasına rəvac verirdi. Hələ iyirmi yaşında ikən “Yanğın” (S.Rüstəm və H.Nəzərli), “Gizli əl” (C.Xəndan), “Qəzəb” (A.Yanovski) və başqa teatr tamaşalarına cəzbedici musiqilər yazan bəstəkar Sovet İttifaqında tanınmış isimlərdən idi. O, 1931-ci ildə MoskvaLeninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil edib. Həmin möhtəşəm konsertlər zamanı iyirmi iki yaşlı bu oğlan nüfuzlu kürsülərə sinə gərərək, böyük mədəniyyət ağsaqqalı imicli çıxışları, nitqləri, məruzələri ilə daha da məşhurlaşıb.

O həm də nüfuzlu pedaqoq kimi tanınırdı. Təlim-tədris sahəsindəki yenilikçiliyi, tələbələrinə mədəni-mənəvi aləmi özünəməxsus təlqinçiliyi də elə əsərləri kimi seçkin imiş, duyğusal-universal elementlərlə zənginmiş. Təsadüfi deyil ki, zəmanəmizin dahi bəstəkarı Qara Qarayev onun da tələbəsi olmuşdur. Bu gün əsərlərini sevə-sevə dinlədiyimiz Tofiq Quliyev, Cövdət Hacıyev, Zakir Bağırov notları da Asəf Zeynallının bulaq pıçıltılı səs-sədalarından su içib...

O pıçıltılarda iki gənc dahinin şahanə ünləri yaşayır - otuz beşində getmiş Cəfər Cabbarlı ilə iyirmi üçündə getmiş Asəf Zeynallının ünləri:

 

Şiş ucları buludlarla öpüşən

Qayaları, dağları var ölkəmin”...

 

Bilmirəm bu yazı mənim... məndən qırx yaş kiçik rəhmətlik haqda indiyədək neçənci yazımdır, amma bu dəqiq faktdır ki, aşağıdakı yarımbaşlığı onların hamısında olduğu kimi saxlamışam:

 

Şikəstəsayağı...

 

Əzizinəm, a yaşlı oxucular! Deyin gəlsin nakam-nakam bayatılar...

Üstündən 80 ildən çox keçdiyinə görə, təbii ki, heç bir təsəvvürünüz olmayan, üzlərini-gözlərini görmədiyiniz o dövr gözəl-göyçəklərini xəyal ekranlarınıza gətirin ürəyinizin laaap dərinliyində xitab edin: “Mən aşiq ey sabiq qələmqaşlılar, görəsən, o vaxtlar bu füsunkar nəğmələr aşiqinin qismətindən hansınız yayınmısınız?..

Siz ey yazılmamış saysız mahnılar, çoxdan-çox simfoniyalar, romanslar, o dünyada var-nə yox?..

ey həmişə səhifə dolusu yazdığım yazılar, budəfəki həmkarınız nədən belə az çıxdı? İşarəsi 1909-1932-nin 2-3 misli ola-olmaya. Mütaliəsi xəyallanması iyirmi üç dəqiqə çəkə-çəkməyə...

..., əzəmətli dağlarımız, buludlarla öpüşən şiş uclu qayalarımız! Belə-belə gənc dahiləri də var, “Ölkəm”izin!..

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 12.