Məhəbbət və nifrətin səsi

 

Və ya “səs oyunu”nun baş qəhrəmanı

 

Hər axşam bir xoş nağıl, nağıl nağıldan gözəl.

Onlarda qorxu bilməz uşaq xəyalı gəzər.

Oynadıb sal daşları qıjıltıyla axar sel.

Ağacları qopardıb, dirəkləri yıxar yel...

 

Uşaqlığımın uzaq-yaxın xatirələrində ilişib qalan bu səsin sahibinə nağıllardakı yekə, yepyekə qəhrəmanlar qədər pərəstiş edib, əfsanələr uydurmuşdum bir zamanlar. Radio dalğalarından axan ilğım səs mənim kimi minlərlə uşağı xəyal dünyasının ən əzəmətli pəhləvanı ilə görüşdürürdü tez-tez. Bilmirəm, bəlkə elə o səsin doğma, inandırıcı avazında həyatla reallıq arasında qərib düşdük. Hər halda, bizim dövrün uşaqları da o səsdən nəsibini almışdı. Hələ böyükləri demirəm. Diri, bütöv, işıq saçan bu səs nə qədər ürəkləri parçalamışdı. Özü də, səsi də, oyunu da, həyatı da sadə, gözəl, maraqlı və bütün bunların fonunda həm də qeyri-adi olan

 

Şahmar Ələkbərov

 

Səsi özündən, şəxsiyyəti oyunundan böyük insan, aktyor, yaradıcı və ifaçı. Onun səsi, baxışı, ümumilikdə hər halı istənilən yüksək, peşəkar oyundan böyük bir tamaşa, təbii bir səhnə, nümayiş idi. Səsi ilə oynayıb xarakterindən gələn sadə, təbii, səmimi, bizə yaxın keyfiyyətləri soyuq ekrandan, uzaq radio dalğalarından, ögey kinolentlərdən asanlıqla tamaşaçıya ötürə bilirdi. Azərbaycan kinosunda sözün bütün mənalarında əvəzsiz aktyor. Və elə təəssüf ki, əvəzsiz aktyor. Çünki bu təəssüf Azərbaycan kinosu üçün yeri dolmayan boşluq, tamaşaçının daim qulağını cingildədən səssizlik, gözün pərakəndəliklə gəzdiyi sevilən simanın yoxluğudur.

 

Həyat səhnəsində

 

İkinci cahan savaşının qorxu saçdığı 1943-cü ilin 25 avqustunda başladı onun hekayəsi. Atası Zülfüqar kişi, anası İzulət xanım barıt qoxulu “qara kağız”ların kölgəsində sevinclə sarıldılar körpələrinə. Beləcə qayğı və nəvazişlə böyüyüb həyatla tanış olmağa başladı balaca Şahmar. Cavad xanın vətəni Gəncədə 9 il yaşayan gələcəyin böyük aktyoru sonra ailəsilə Bakıya köçür. Orta məktəbi bilikli, istedadlı şagirdlər sırasında başa vuraraq qəlb döyüntülərinə qulaq verib sevdiyi sənəti öyrənməyə yönəlir. Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olaraq görkəmli sənətkar Rza Təhmasibin sinfində təhsil alır. İstedad və taleyin üzünə gülümsəməsi sayəsində 3-cü kursda Akademik Dram Teatrında fəaliyyətə başlayır. Qocaman sənət ocağında tamaşaçı rəğbəti qazanır. Bununla da məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı "kino aktyorluğu" studiyasına dəvət edir. Bir müddət “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərir. Təhsilini başa vurduqdan sonra isə müəllim-assistent kimi institutda saxlanılır.

 

“Dağlarda döyüş”lə başlanan sənət savaşı

 

Bilmirəm niyə, amma onun sənət tərcümeyi-halı, kino yaradıcılığı mənə bir döyüşü, sonu Şahmar sənətinin qələbəsi, əbədi qalibiyyəti ilə bitən mücadiləni xatırladır. Bunu xronoloji ardıcıllıq bir daha sübut edir. O, 24 yaşında taleyini kinoya bağlayır. İlk dəfə 1967-ci ildə “Dağlarda döyüş” filmində Fərrux roluna çəkilir. Kinorejissor Kamil Rüstəmbəyovun quruluş verdiyi filmdə aktyor sərhəd qoşunlarında xidmət edən əsgər obrazını yaradır. Amma gəl gör ki necə yaradır. Maraqlı süjeti olan filmdə sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum olur ki, bu, onun müharibədən qayıtmayan, vətəndən qaçaq düşən atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınır və onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq, rəssam dəqiqliyi ilə yaradılır. Beləliklə, sərhədçi obrazı ilə Şahmar Ələkbərovun yaradıcılıq məkanının sərhədi müəyyənləşir. Və bu sərhəddən onun rejissor kimi tamamladığı sonuncu filmə - “Qəzəlxan”a qədər uzun və kəşməkəşli bir yol keçir.

Beləcə, kinoya Fərrux rolu ilə gələn Şahmar sonra Məzahir olur, Qəzənfərə çevrilir, Qatır Məmməd, İman, Gündüz Kərimbəyli kimi neçə-neçə qəhrəmanın taleyini yaşayır. Yaşayır dedim, çünki o, oynamaq sözünü heç sevməz, aktyor düşünmədən düşündürə, gülmədən güldürə, ağlamadan ağlada bilməz deyib daim obrazı yaşamağı tərənnüm edərmiş. Uğurun sirrini və bəlkə də sənət sevgisinin obrazını tapmaqla...

 

“Qəqənisən ki Qəqəni”...

 

Şahmar Ələkbərovun yaratdığı obrazlar sırasında “Yeddi oğul istərəm” filmindəki Qəzənfər xüsusilə seçilir və sevilir. Obrazın hər frazası - mimikası, zarafatı, kədər dolu sonluğu bütün detallarıyla dillər əzbəri olub. Bu işdə Qəqəninin də payı var, təbii. Məhz bu ikilinin oyunu filmə ayrı bir gözəllik, ayrı bir oyun texnikası gətirib. Film içində bir filmə çevrilib. Bu filmə tamaşa edəndə hamı Qəzənfərin Qəqəniyə silah atma dərsindəki dialoquna heyranlıqla baxır, şəyirdin finaldakı “Ölmə, Qəzənfər dayı, ölmə!” - deyə onu yaralı halda qucaqladığı səhnəyə heyrətlə, kədərlə, göz yaşı ilə tamaşa edir, o epizodu səbirsizliklə gözləyir. Bu, çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə, ölümün gözünə dik baxmaq qalibiyyətinə qovuşdurur. Şahmar Ələkbərov bunu bacarırdı, bu, hər aktyora xas olan keyfiyyət deyildi.

 

“Deyəsən, bu gecə pis yatmısan, Kərbəlayi”...

 

Sovet ideologiyasının tərənnümünə həsr olunan “Axırıncı aşırım” filmi də istər sətiraltı mətləbləri, istərsə də rejissor işi, aktyor oyunu baxımından əsl sənət əsəridir. Elə götürək qatı komsomolçu İmanla (Şahmar Ələkbərov) sapına qədər bəy Kərbəlayini. Ekrandakı qısa qarşılaşmalarında bir film-tamaşa qurur iki nəhəng aktyor. O, qısa dialoqlarda işlətdiyi sözləri elə bir qıcıq, elə bir istehza ilə deyir ki, peyğəmbər səbirli Kərbəlayini bir anda hədəqədən çıxarır. Bir epizodda obrazın bütün hiss və həyəcanlarını nə qədər böyük ustalıqla yaradır! O, susduqda belə baxışları, çatılan qaşı, əl-ayağı danışırdı. Şahmar Ələkbərovun “Axırıncı aşırım” filmindəki obrazı bu mənada onun kino yaradıcılığında tam fərqli bir mərhələdir.

 

“Səidə, anama gəlin olarsan?”

 

Görəsən, rejissor bu vəziyyəti, bu epizodu neçə dubla çəkib? Bilmirəm, amma onu anlayıram ki, onun obrazı bəlkə də dünyada ən romantik evlilik təklifinin ekran həllidir. Aktyorun yaradıcılığında Məzahirin özünəməxsus yeri var. Rejissor Tofiq Tağızadənin quruluş verdiyi "Mən ki gözəl deyildim" filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil Şahmar Ələkbərovun xarakterinə biçilib. Aktyor heç bir improvizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini elə canlı yaradır ki, insan sadəcə heyran qalır.

 

“Gəncəbasarlı qisasçı”

 

Deyilənə görə, bu filmdə Qatır Məmməd rolu ona təklif olunarkən çox sevinir. Valideynlərinin gördüyü, doğma şəhərində adının əfsanəyə çevrildiyi qəhrəmanı kinoyaddaşa daşıyacaqdı. O, bu vəzifənin də haqqını verdi. Bütün ideoloji faktorlara, fərqli baxış bucaqlarına və münasibətlərə rəğmən bu film də onun aktyor oyunu ilə sənət əsərinə çevrilib.

 

“Motor!”

 

Əslində sərbəst film çəkmək arzusu neçə illərdir, onu rahat buraxmırdı. Səhhətində problemlər yaranandan sonra isə bu arzunu daha tez gerçəkləşdirmək fikrinə düşür. Beləliklə, o, rejissor kimi işləməyə qərar verir və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə “İmtahan” filmini çəkir. Bu ictimai motivli filmdə Şahmar Ələkbərov çox böyük həvəslə işləyib. Çünki hər şey - kamera, operator işi, dekorasiyaların qurulması, aktyor oyunları ona çox tanış, doğma idi. Amma buna rəğmən həyəcanlı idi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyulur. Ssenari müəllifi (Xalq yazıçısı Anar) də, tamaşaçılar da filmi bəyənirlər.

 

“Sahilsiz gecə”nin gətirdiyi əzablar...

 

İlk uğurlu rejissura onu daha da həvəsləndirir. 1989-cu ildə, siyasi hadisələrin gərgin məqamında Xalq yazıçısı Elçinin ssenarisi ilə “Sahilsiz gecə”ni çəkir. O vaxt dəhşətli xəstəlik ona əzab versə də, işləyir. Harasa tələsirmiş kimi. Ona görə də kino nümunəsi qısa müddətə ərsəyə gəlir. Amma film çox ciddi tənqidlərlə qarşılanır. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların, onların pis yola düşməsinin göstərilməsi idi.

 

Sonuncu dayanacaq

 

Baş verənlərə rəğmən “Sahilsiz gecə” rejissor kimi ona sonsuz səadət bəxş edir, dəhşətli ağrılara təslim bədəninə, ruhuna yüngüllük gətirirdi. Amma ürəyincə sevinə bilmirdi. Artıq yolun sonuna yaxınlaşdığını anlayırdı. Di gəl ölümə meydan oxuyaraq durmadan çalışır, arzularına qanad verirdi. Beləliklə, günlərin birində (1990-cı il) bu arzusunu da gerçəkləşdirir və öz ssenarisi əsasında “Qəzəlxan” filmini çəkməyə başlayır. Ağrılar artdıqca çəkilişlər də sürətlənir... və nəhayət ekranlara çıxır. Ancaq təəssüf ki, o özü “Qəzəlxan”ın ekran uğurlarını izləyə bilmir. 50-ni haqlamamış (12 avqust 1992-ci il) əbədiyyətlə “salamlaşır”.

...Yeddi oğuldan Qəzənfər (Şahmar Ələkbərov) məğrur avazıyla

 

Bir də görürsən ki açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

- deyərək köks ötürür...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 13.