Parisdə azərbaycanlı
rəssamın əsərləri böyük
maraq doğurub
Oktyabrın 24-dən 27-dək Parisdəki Pyer Karden mərkəzində məşhur modalar ustasının himayədarlığı ilə təşkil olunmuş İncəsənət Biznesinin 5-ci yubiley salonunda müasir incəsənət sərgisi keçirilib.
Sərgidə dünyanın on məşhur rəssamının əsərləri Fransanın tanınmış rəsm qalereyaları tərəfindən təqdim olunub. Tanınmış Stella Beynəlxalq İncəsənət Qalereyasının xətti ilə ölkəmizi təmsil edən Nigar Nərimanbəyovanın əsərləri Rotond zalında nümayiş etdirilib.
N.Nərimanbəyovanın böyük ustalıqla kətana köçürdüyü “Uşaqlıq yuxuları” seriyasından “Mələyin doğumu”, “Qız gecə”, “Maskalı qadın”, “Nar natürmortu”, “Gözətçi mələk” və digər əsərləri tamaşaçıların böyük marağına səbəb olub.
Sərgidə fransız ictimaiyyətinin nümayəndələri, tanınmış rəssamlar və sənət adamları, Azərbaycan səfirliyinin əməkdaşları, diaspor təmsilçiləri iştirak ediblər.
Fransız və ingilis dillərində
çap olunan “İncəsənət”
jurnalında Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyova
haqqında məqalə dərc edilib. Rəssamın
Bakıda anadan olduğu,
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini
və Moskvada Kinematoqrafiya
İnstitutunu bitirdiyi,
əsərlərinin Almaniyada, Avstriyada, Fransada sərgiləndiyi
diqqətə çatdırılır.
Mədəniyyət.- 2013.- 30
oktyabr.- S. 2.