Parisdə UNESCO
Hökumətlərarası Komitəsinin büro
iclası keçirilib
İclasa Azərbaycanın mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev sədrlik edib
Xəbər verdiyimiz kimi, bu il dekabrın 2-dən 7-dək Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək, eyni zamanda, Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyi qeyd olunacaq. Bu mühüm tədbirin ev sahibi kimi Azərbaycan hazırda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə sədrlik edir.
Oktyabrın 28-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə qurumun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası keçirilib.
İclasda Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına dair məlumat təqdim olunub.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində Hökumətlərarası Komitənin büro iclasında bır sıra məsələlərin müzakirə olunduğunu deyib. Nazirin sözlərinə görə, müzakirələr zamanı dekabr ayında Bakıda keçiriləcək komitənin yubiley sessiyası barədə ətraflı məlumat dinlənilib, yığıncağa hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti lazımi sənədləri təqdim edərək sessiyaya hazırlığın artıq başa çatdığını bildirib.
Komitədə bəzi ölkələrdə acınacaqlı vəziyyətdə olan ənənələr, tarixi abidələr, qeyri-maddi mədəni irs nümunələri və onlara UNESCO tərəfindən göstəriləcək maddi yardımlar da müzakirə olunub. Mali, Keniya, Vyetnam və Uqandaya yardım göstərilməsi qərara alınıb.
Nazir vurğulayıb ki, artıq ölkəmiz ayrı-ayrı beynəlxalq təşkilatlarda öz sözünü deyir, müvafiq qərarların qəbul olunması ilə bağlı keçirilən yığıncaqlara sədrlik edir. Qeyd olunub ki, Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə sədrlik etməsi də ölkəmizin dünyanın bu mötəbər təşkilatı ilə əlaqələrinin yüksək səviyyədə olmasından və qurumda yüksək fəallığından xəbər verir: “Bütün bunların arxasında böyük zəhmət durur. Bu zəhmətin əsasını sözsüz ki, Prezident İlham Əliyevin şəxsən beynəlxalq münasibətlərə, ölkəmizin dünyada imicinin yüksəlməsinə yönəltdiyi diqqət və davamlı siyasət təşkil edir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizi tanıtmaq istiqamətində UNESCO-da, eləcə də Fransada təşkil etdiyi müxtəlif tədbirlər belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycanın nüfuzu hər yerdə yüksəkdir. Bunlar olmadığı təqdirdə bu gün Azərbaycanın güclü bir mövqedən çıxış etməsi mümkün olmazdı”.
Yığıncaqda Bakıda keçiriləcək sessiyanın gündəliyi, iştirakçıların qəbulu, yerləşdirilməsi, komitənin strukturu və fəaliyyəti barədə məlumat verilib.
Azərbaycan paytaxtının ümumi görünüşünün, tarixi abidələrin, milli rəqslərin, turizm məkanlarının, milli mətbəx nümunələrinin, qədim çövkən oyununun əks olunduğu film nümayiş etdirilib.
* * *
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşkilatın baş direktoru İrina Bokova ilə görüşü olub. Nazir Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın salamlarını baş direktora çatdırıb və onu dekabrda Bakıda keçiriləcək Hökumətlərarası Komitənin 8-ci sessiyasına dəvət edib.
Görüşdə sessiyanın gündəliyində duran məsələlər müzakirə edilib, Azərbaycan hökuməti ilə UNESCO arasında cari ilin iyul ayında imzalanan çərçivə sazişindən irəli gələn məsələlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
UNESCO-nun iki ildə bir dəfə Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna tərəfdaşlığı və bu tərəfdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
Görüşdən sonra UNESCO-nun baş direktoru İrina Bokova və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasının 10 illiyinə həsr olunan sərginin açılışında iştirak ediblər.
Qeyri-maddi mədəni irsin davamlı inkişafından bəhs edən sərgidə dünyanın müxtəlif bölgələrindən nümunələr nümayiş etdirilib.
Sərginin açılışında çıxış edən baş direktor İrina Bokova qeyri-maddi mədəni irsin vacibliyi, onun insanlar arasında sülh və dialoqun təşviqi, habelə davamlı inkişafa nail olunmasında xüsusi rolundan söhbət açıb. O, UNESCO Hökumətlərarası Komitəsinin Bakıda iclasının keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Əbülfəs Qarayev
ölkəmizin UNESCO ilə əməkdaşlığa
önəm verdiyini, xüsusilə qeyri-maddi mədəni irsin
qorunması sahəsinə diqqət göstərdiyini deyib. Qeyri-maddi mədəni
irsin mədəniyyətlərin
yaxınlaşmasında təsirli bir vasitə
olduğunu bildirən nazir
bu məsələnin UNESCO-nun
daima diqqətdə saxlamasının vacibliyini qeyd edib. Nazir vurğulayıb ki, UNESCO-nun ən mühüm
sənədlərindən olan Qeyri-maddi mədəni irsin
qorunması haqqında Konvensiyanın 10 illik
yubiley sərgisinə Azərbaycan
nümayəndə heyətinin dəvət olunması qurumda ölkəmizə olan
böyük hörmətin əlamətidir.
Mədəniyyət.- 2013.- 30
oktyabr.- S. 3.