“O, ümumbəşəri
sənətkar idi”
Böyük musiqiçi Müslüm Maqomayev yad edildi
Oktyabrın 25-də görkəmli opera və estrada müğənnisi, bəstəkar, Azərbaycan və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının beşinci ildönümü ilə əlaqədar sənətkarın Fəxri xiyabandakı məzarı önündə anım mərasimi keçirildi.
Dahi musiqiçinin xatirəsi ehtiramla yad edildi, məzarı önünə gül dəstələri, əklillər qoyuldu.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük müğənninin xatirəsinin hər zaman xalqımızın qəlbində əziz tutulacağını bildirdi: “Vaxt keçdikcə, sözsüz ki, insanlar öz sənətkarlarını daha dərindən dərk edirlər. Biz beş ildir ki, böyük musiqiçi, Azərbaycan mədəniyyətinin parlaq ulduzlarından biri, görkəmli sənətkar, əsl şəxsiyyət Müslüm Maqomayevi itirmişik. Musiqi ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri beşinci ildir ki, onun xatirəsini yad etmək üçün Fəxri xiyabana toplaşırlar. Bu o deməkdir ki, illər ötsə də, Müslüm Maqomayevin mahnıları, səsi hər zaman xalqın qəlbində yaşayır və eyni zamanda Azərbaycan mədəniyyətini yaşadır. Onun musiqiləri bütün televiziya, radio məkanlarında səslənir. O, daima axtarışda olan sənətkar olub, Azərbaycan musiqisinin inkişafı naminə müxtəlif janrlardan peşəkarcasına istifadə edib. Bu səbəbdən tərəddüd etmədən demək olar ki, o həm də ümumbəşəri sənətkar idi. Onun XX əsr estradasına verdiyi töhfələr bəlkə də heç kimlə müqayisə oluna bilməz”.
Əbülfəs Qarayev qeyd etdi ki, dövrün müəyyən məhdudiyyətlərinə rəğmən Müslüm Maqomayev SSRİ kimi böyük bir dövlətdə və dünyada öz adını tanıtmağı bacardı: “O zaman Azərbaycan müstəqil olsaydı, bəlkə də Müslüm Maqomayev Azərbaycanın təmsilçisi kimi dünyada müasir musiqinin nümayəndələri arasında ön sıralarda dura bilərdi. Lakin o dövrdəki məhdudiyyətlər buna imkan vermədi. Ancaq yenə də o, insanlar tərəfindən sevildi, yaddaşlarda unudulmaz iz qoydu. Müslüm Maqomayev sənəti, yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və bu gün də qiymətləndirilir”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov dahi sənətkarla bağlı xatirələrini bölüşdü, onun doğma Azərbaycanı nə qədər böyük məhəbbətlə sevdiyinin canlı şahidi olduğunu bildirdi: “Müslüm Maqomayevlə daim yaxın ünsiyyətdə olmuşuq. O, demək olar ki, dünyanın bütün möhtəşəm konsert zallarında çıxış etmişdi. Müslüm vətənini çox sevirdi, çox yüksək mənəviyyata malik insan idi və səhnədən də bir kral kimi getdi. Biz bu gün dahi musiqiçinin əsərlərini dinləyərək mənən qidalanırıq”.
Xalq artisti, professor Ramiz Quliyev də Müslüm Maqomayevin bəşər mədəniyyətinin siması olduğunu vurğuladı: “Müslüm azərbaycanlı olmağı ilə fəxr etdiyi kimi, Bakıda özünü hər zaman xoşbəxt hiss etdiyini də dilə gətirirdi. Dünyada onu sevən insanlar çox olub, bunu Müslüm Maqomayevlə qastrol səfərlərində şəxsən görmüşəm. Bu gün dahi müğənninin vəfatından 5 il ötür. Bu müddətdə biz onu fiziki olaraq itirmişik, ancaq hər anımız onun gözəl musiqilərini dinləməklə keçir. İnanıram ki, Azərbaycan musiqisi yaşadıqca Müslüm Maqomayev mahnıları, səsi, sənəti daima yaşayacaq”.
Xalq artisti, kinorejissor, Müslüm Maqomayevlə uzun illər dostluq etmiş Eldar Quliyev çıxışında diqqəti böyük sənətkarın yaradıcılığına, əsərlərinə yönəltdi. Dahi Nizamidən sitat gətirən rejissor Müslüm Maqomayev şəxsiyyətini də onun əsərlərində axtarmalı olduğumuzu vurğuladı: “Böyük sənətkardan danışmaq üçün gərək onun yaradıcılığına, sənətinə diqqət yetirəsən. Müslümü, onun şəxsiyyətini anlamaq üçün sadəcə onun mahnılarına qulaq asmaq lazımdır, “Azərbaycan”, “Əlvida, Bakı” mahnısını, “Sənsiz”i eşitmək lazımdır. Müslüm budur, Müslümün böyük ürəyi, milliliyi bu mahnılardadır. Bu əsərlərdən artıq heç kəs heç nə deyə bilməz. Dahi Nizami də deyirdi ki, məni başqa yerlərdə axtarmayın, mən hər yazdığım sözdəyəm, hər cümlədəyəm”.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 30
oktyabr.- S. 6.