“Müxtəlif mədəniyyətlər
- vahid dünya”
Azərbaycanın
gənc rəssamları Daşkənddə beynəlxalq müasir incəsənət biennalesində iştirak ediblər
Oktyabrın 22-dən 27-dək Özbəkistanın Mədəniyyət və İncəsənət Fondu, Özbəkistan Rəssamlıq Akademiyası və Daşkənd Şəhər Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müxtəlif mədəniyyətlər - vahid dünya” mövzusunda VII Daşkənd Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilib. Sənət bayramında dünyanın 105 ölkəsindən 245 rəssam iştirak edib. “YARAT!” Müasir İncəsənət Məkanının dəstəyi ilə ölkəmizi biennaledə gənc rəssamlar - Fərhad Fərzəliyev, Ramal Kazımov və İnna Kostina təmsil ediblər. Biennalenin əsas məqsədi müasir incəsənətdə yeni meyllərin nümayiş etdirilməsi, yeni adların aşkarlanması, ölkələrarası beynəlxalq mədəni münasibətlərin fəallaşdırılmasıdır.
Biennale çərçivəsində eyniadlı beynəlxalq konfrans da gerçəkləşib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadənin “Şəbəkə sənəti və mədəniyyətlərin mozaikası” mövzusunda məruzəsi maraqla qarşılanıb. O, çıxışında bildirib ki, şəbəkə sənəti orta əsrlərdə bir qayda olaraq Azərbaycanın qədim şəhərlərində - ilk növbədə Şəki, Şuşa, Ordubad və digər tarixi şəhərlərimizdə inkişaf edib. Fərhad Fərzəliyev isə “YARAT!” azad incəsənət məkanıdır” mövzusunda məruzə edib, “YARAT!” Müasir İncəsənət Məkanının fəaliyyəti və burada fəaliyyət göstərən gənc rəssamlar haqqında iştirakçılara məlumat verib.
Biennale çərçivəsində ustad dərsləri, seminarlar keçirilib, rəssamlar Daşkəndin görməli yerləri və incəsənət obyektlərinə baxıb, qədim Səmərqənd şəhərinin tarixi abidələrinə tamaşa ediblər.
Biennalenin qalibləri Site de Art
Assosiasiyasının prezidenti Jan İv Lanqlenin
rəhbərliyi altında münsiflər heyəti tərəfindən
müəyyən edilib.
Bağlanış mərasimində fərqlənən rəssamlar
müxtəlif mükafatlarla təltif olunublar. Azərbaycan rəssamları Fərhad
Fərzəliyev, Ramal Kazımov və İnna Kostina diplomlara layiq görülüb, onlara hədiyyələr
təqdim edilib.
Mədəniyyət.- 2013.- 30
oktyabr.- S. 16.