Bölgələrin mədəniyyət və turizm infrastrukturu yenilənir

 

Prezident İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib

  

   Prezident İlham Əliyev sentyabrın 10-da Yevlax, Bərdə, Gədəbəy rayonlarına və Naftalan şəhərinə səfər edib. Dövlət başçısı bölgələrdə aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, yeni infrastruktur obyektlərinin, müəssisələrin açılışında iştirak edib.  

   Prezidentin iştirakı ilə Yevlax hava limanının açılışı olub. 1970-1980-ci illərdə fəaliyyət göstərmiş hava limanı əsaslı şəkildə yenidən qurulub və hazırda iritutumlu təyyarələri qəbul etmək gücündədir. Hava limanına yeni yol salınıb, abadlıq işləri görülüb.

   Sonra Bərdə rayonuna gələn dövlət başçısı 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olub.

   Həmin gün Prezident İlham Əliyev Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, elektron kitabxana, xarici dil kursları, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı da yaradılıb.

   Dövlət başçısı NaftalandaQarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub. Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaq. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Bu layihənin icrası ölkəmizdə turizmin inkişafına töhfə olacaq, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayı artacaq.

   Prezident Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında da iştirak edib. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılıb. Burada kitabxana və qiraət zalı yaradılıb, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilib. Məktəbin akt zalı və səhnə zəruri avadanlıqla təchiz olunub. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biriburada aşıq musiqisi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanıb.

   Dövlət başçısı Gədəbəy rayonunda Çolpan çayı üzərindəki körpünün açılışında və “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni qızıl emalı zavodunun açılışında iştirak edib.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 2.