Heç bir müraciət diqqətdən kənar qalmayacaq

 

Mədəniyyət və turizm naziri bu dəfə cənub bölgəsində vətəndaşlarla görüşdü

  

   Sentyabrın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəlilabaddakı Olimpiya İdman Kompleksində Lənkəran şəhər, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul etdi. 40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı xahiş və təklifləri dinlənildi.

  

   Yerlərdə mədəniyyət və turizmin inkişafına vətəndaş marağı

  

   Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidə və məkanlardan turizm məqsədilə istifadə olunması, tarix-mədəniyyət abidələrinin bərpasına köməklik göstərilməsi, uşaq musiqi və incəsənət məktəblərinin yeni filiallarının açılması, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təminat, müəssisələrə ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı idi.

   Qəbula yazılmış vətəndaşlarla həmsöhbət olduq. Astara rayonunun Kakalos kənd sakini Fərbiyyə Şabanova uzun illərdir mədəniyyət sahəsində çalışır, Mədəniyyət evinin nəzdində “Əvəsor” folklor kollektivinin rəhbəridir. Mədəniyyət evinin “Nəcib qızlar klubuxalq yaradıcılığının müxtəlif növlərini yaşatmaqla yanaşı, onların təbliği ilə də məşğul olur. Müraciəti tarix-diyarşünaslıq muzeyinin kənddə filialının yaradılması ilə bağlı idi: “Folklor qrupu olaraq müxtəlif tədbirlərdə, festival və müsabiqələrdə iştirak edirik. Fəaliyyətimiz nəticəsində 2000-dən çox eksponat toplamışıq. Əksəriyyəti xalq yaradıcılığı nümunələridir. İstədik, bu eksponatların sərgilənməsinə lazımi şərait yaradılsın. Kənddə bununla bağlı muzey filialı açılsa, çox yaxşı olardı”.

   Neftçala rayonu Mədəniyyət evində baletmeyster işləyən Çingiz Məmmədov vətəndaşlarla belə görüşlərin təşkilinə görə minnətdarlığını bildirdi. Qəbula klub müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə yeni metodiki vəsaitlərin hazırlanması barədə təşəbbüslə gəlmişdi: “Hesab edirəm ki, belə metodiki vəsaitlərin hazırlanmasına ehtiyac var. İndi klub müəssisələrindən müasir istiqamətdə fəaliyyət tələb edilir. Bununla bağlı nazirlik tərəfindən layihələr icra olunur. Metodiki göstərişlərə aid jurnallar, qeyri-maddi mədəni irs üzrə dərnəklərin yaradılması və fəaliyyəti üçün proqramlar olarsa, gördüyümüz işin nəticəsi də uğurlu alınar”.

   Biləsuvar rayonundan gələn Günel Mirzəyeva da eyni məsələ ilə bağlı müraciət edəcəkdi. O da ümidvar olduğunu bildirdi ki, bu məsələ ən qısa zamanda həllini tapacaq.

   Cəbrayıl rayon sakini Məhəbbət Süleymanov Böyük Mərcanlı kənd uşaq incəsənət məktəbinin müəllimidir. Deyir ki, hazırda məktəb Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbəsində yerləşir: “Qəsəbədə fəaliyyətimiz üçün lazımi şərait yaradılıb. Ancaq müəyyən texniki avadanlıqlara ehtiyacımız var. Xahiş etdim ki, məktəbimizə musiqi alətlərinin verilməsinə köməklik göstərilsin. Cənab nazir müraciətimizə diqqətlə yanaşdı və lazımi tapşırıqlar verdi. Bundan başqa, məktəbimizin rəqs qrupu üçün ixtisaslı xoreoqrafamilli geyimlərə ehtiyacımız olduğunu bildirdim. İnanıram ki, bu məsələlər də qısa zamanda həllini tapacaq”.

   Biləsuvar rayonundan gəlmiş Şahin Ağayev tarix-diyarşünaslıq muzeyində baş fond mühafizi işləyir. Deyir ki, Biləsuvar rayonu ərazisində 11 tarixi-arxeoloji abidə qeydə alınıb. Bu abidələrdə, o cümlədən Şəhriyar qalasında tədqiqat işlərinin, arxeoloji qazıntıların aparılmasına ehtiyac var. Aşkar ediləcək nümunələr muzey fondlarının zənginləşməsinə də zəmin yaradar.

   Cəlilabad rayonundakı uşaq incəsənət məktəbində müəllim işləyən Musa Əmiraslanov tədris ocağı yaradılandan - 1982-ci ildən burada rəssamlıq şöbəsində çalışır. Deyir ki, uşaq və gənclər arasında təsviri sənətə maraq böyükdür. Rayonda ayrıca rəssamlıq məktəbi açılarsa, daha çox görülə bilər.

   Salyan rayonu Sarvan kənd sakini Elnur Nuriyev kənddə musiqi məktəbinin filialının açılmasına köməklik göstərilməsi barədə müraciət edəcəyini dedi. Müraciətlərdə həmçinin Lənkəranda turizm potensialının inkişafı, Yardımlı rayonunda rəsm qalereyasının və tarix-mədəniyyət qoruğunun, Masallı şəhərində folklor teatrının yaradılması barədə təkliflər səsləndirildi.

   Qəbula yazılmış vətəndaşları dinləyən nazir heç bir müraciətin diqqətdən kənar qalmayacağını, səslənən bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq addımların atılacağını vurğuladı.

  

   Təşəbbüslərə dəstək veriləcək

  

   Görüşdən sonra Əbülfəs Qarayev mətbuata açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən görüşlər yerlərdə mövcud problemlərin öyrənilməsi, onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır: "Biz hər dəfə regionlarda olarkən görürük ki, ölkə başçısının siyasəti insanlar tərəfindən dəstəklənir. Eyni zamanda, vətəndaşlar müxtəlif məsələlərlə bağlı təkliflərlə çıxış edirlər. Məsələn, regionlarda tarixi abidələrin vəziyyəti insanları narahat edir, onların bərpası, mühafizəsi, tədqiq olunması ilə bağlı məsələ qaldırılır. Bir sıra müraciətlərdə musiqi məktəblərinin müəyyən ixtisaslar üzrə müəllimlərlə təmin olunması, və yaşayış şəraitinin yaxşılaşdırılması, tədris prosesinin təkmilləşdirilməsi kimi məsələlər də yer almışdı. Bu o deməkdir ki, vətəndaşlar bölgələrdə mədəni həyatın daha da inkişaf etdirilməsini istəyir, təşəbbüslərlə çıxış edir, işin yeni tələblər səviyyəsində qurulmasına çalışırlar. Bizöz növbəmizdə bu təşəbbüslərə dəstək verəcəyik. Müəyyən məsələlər - musiqi avadanlıqlarının, rəqs kollektivlərinin geyimlərinin çatışmaması, digər müraciətlər dərhal həll olunacaq. Lakin elə məsələlər də var ki, onların həll olunması zaman tələb edir, bununla bağlı müvafiq proqram üzərində işləyirik və səslənən fikir və təkliflər də nəzərə alınacaq".

   Nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı müraciətlərinin də diqqətdə saxlanılacağını bildirdi.

   Qəbuldan sonra Əbülfəs Qarayev Cəlilabad şəhərinin bir sıra mədəniyyət müəssisələrinə baş çəkdi, mövcud şəraitlə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi.

  

   Ceyhun Zərbəliyev

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 6.