Nizami obrazları xalçalarda

 

Miniatür kitabın təqdimatı keçirilib

  

   Sentyabrın 6-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə təşkil olunan “Ali səviyyədə görüş” çərçivəsində dahi Azərbaycan şairinə həsr olunmuş “Nizami obrazları xalçalarda” miniatür kitabının təqdimatı keçirilib.  

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan kitabın müəllifi Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır. Nəşr Miniatür Kitab Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Zərifə Salahova tərəfindən həyata keçirilib.

   Dahi Azərbaycan şairinin yaradıcılığı ədəbiyyatşünaslarla yanaşı, müxtəlif sənət sahələrini araşdıran mütəxəssislərin də daim diqqət mərkəzində olub. Nizaminin qəhrəmanları fırça və tişə ustaları tərəfindən heykəlləşib, miniatürlərə, tablolara çevrilib, habelə parça, tikmə və bədii metalda həkk edilib.

   Orta əsrlərdən başlayaraq şairin əsərləri ən yaxşı xəttatlar tərəfindən köçürülüb, zərif şəkildə cildlənib, miniatürlərlə bəzədilib. Nizaminin poemaları əsasında yaradılan bu nümunələr yüksək bədii keyfiyyəti, incə zövq və zərif harmoniyası ilə seçilib, şairin yaratdığı obrazların qəhrəmanlığını, humanizmini, taleyiniülvi məhəbbətini təcəssüm etdirib.

   Nizami dühasından bəhrələnən, onun əsərlərinin ruhuna nüfuz edən, obrazlarının daxili dünyasını duya bilən Şərq, o cümlədən Azərbaycan, Türkiyə, İran, Hindistans. ölkələrin sənətkarları həmin mövzuda yüksək sənət əsərləri olan xalçalar da yaradıblar. Qarabağ, Şirvan, Təbriz xalça ustaları ədəbi mənbədən istifadə etməklə örnək kimi miniatür təsviri sənət üslubundan da geniş bəhrələniblər. Nizaminin gözəllik, ədalət, humanizm, xoşbəxtlik uğrunda mübarizə ideyaları insanı zərif hisslər və xoş əhvali-ruhiyyə aləminə salır. Məhz bu amillər, əsrlər keçməsinə baxmayaraq, müasir dövrdə də xalça sənətində istifadə olunan humanist ideyalı Nizami əsərlərini tam dolğunluğu ilə göz önündə canlandırır.

   Röya Tağıyevanın “Nizami obrazları xalçalarda” kitabında təqdim olunan nümunələrə tamaşa edərkən sanki insan Nizami poeziyasının dünyasına qərq olur. Kitabda dünya muzeylərini bəzəyən xalçalarla yanaşı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət MuzeyininMilli Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda olan müəllif xalçalardan da nümunələr gətirilib. Bu mənada Xalq rəssamı Lətif Kərimovun 1938-ci ildə toxuduğu “Məcnun vəhşi heyvanlar arasında”, Lətif Kərimov və Məmmədəli Şirinovun “İsgəndər və Nüşabə”, Lətif Kərimov və Qəzənfər Xalıqovun “Şirinin Bisutun dağına Fərhadın görüşünə getməsi” (1939), Kamil Əliyevin “Nizami Gəncəvi” (1978) və s. xalçalar haqqında yazılanlar da maraq doğurur.

   Nəfis şəkildə, maraqlı və rəngli illüstrasiyalarla tərtib olunanNizami obrazları xalçalardaminiatür kitabı “İndiqo” nəşriyyatında işıq üzü görüb. Kitabda məlumatlar Azərbaycan, rusingilis dillərində verilib.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 7.