Memar ideyasının
həcmini hiss etməyi bacarmalıdır
İlqar Əliyev:
“Memarlarımız xaricdə təcrübə keçməli,
dünyada baş verən yeniliklərlə tanış
olmalıdırlar”
Memarlıq binaları layihələndirmə, tikmə və bədii cəhətdən tərtib etmə sənətidir. Bu sənətin əhatə dairəsinə adi qapı dəstəyinin dizaynından böyük şəhər aqlomerasiyaların planlaşdırılmasına qədər müxtəlif məsələlər daxildir. Tikintinin bədii üslubu, xarakteri bilavasitə memarın düşüncə və zövqünün məhsuludur. Azərbaycan Memarlar İttifaqının üzvü, tanınmış memar İlqar Əliyev də bu sənətdə illərini yaşayış evlərinin layihələndirilməsinə həsr edib. Onunla redaksiyamızda görüşüb fəaliyyəti ilə tanış olduq. Həmsöhbətimiz əvvəlcə təhsil illərindən bəhs etdi:
- 1980-ci ildə
Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə
qəbul olundum. Məktəbi bitirməmiş, 1984-cü ildə
İnşaat Mühəndisləri İnstitutunun (indiki
Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsinə
daxil oldum və iki təhsil ocağında eyni vaxtda oxudum. 1986-cı ildə Rəssamlıq
Məktəbini, 1990-cı ildə institutu bitirdim.
1995-ci ildə Amerika
İnşaat Dizayn İnstitutuna (The America Institute of Building
Design - AİBD) üzv qəbul edildim. Bu
quruma üzvlük dünyada memarlıq sahəsində baş
verən proseslərə qoşulmaq, başqa ölkələrin
memarları ilə yarışmaq, ən əsası Azərbaycan
memarlığını ABŞ kimi böyük bir ölkədə
təmsil etmək, tanıtmaq imkanı verir. Təbii ki, Azərbaycan memarlarının professional
səviyyəsini sübut etmək, Amerikanın Milli
Sertifikatlaşdırma Şurasının sertifikatını
qazanmaq istəyi də vardı. Digər tərəfdən,
bu institut vasitəsilə hər il
keçirilən memarlıq konfranslarında iştirak
imkanı əldə etdim.
- İlqar müəllim, indi isə
2013-cü ildə qazandığınız uğur haqqında
ətraflı söhbət edək...
- 2013-cü ilin iyul ayında Amerika
İnşaat Dizayn İnstitutunun ənənəvi olaraq
keçirdiyi “American Residential Design Awards” (ARDA) müsabiqəsinə
qoşuldum. Müsabiqə Kaliforniya
ştatının Pasadena şəhərində
keçirilirdi. Bu müsabiqədə
“konseptual dizayn” nominasiyasında ikinci yerin qalibi oldum. Sözsüz ki, Amerikada belə bir nailiyyət əldə
etmək məni çox sevindirdi.
- Bəs müsabiqəyə təqdim
etdiyiniz layihə necə idi?
- Müsabiqəyə su üzərində,
sahildən 10 metr kənarda kiçik bir adada tikiləcək
evin layihəsini təqdim etmişdim. Ev iki hissədən
ibarətdir. Birinci hissə yaşlı valideynlər
, ikinci hissə isə gənc övladlar
üçün nəzərdə tutulub və bu iki hissəni
birləşdirən kənarları tam şüşədən
olan körpüdür. Bu onların rahat və
sakit yaşaması üçün vacibdir. Evin əsas hissəsində böyük zal, mətbəx
və gənclərin otaqları yerləşir. Layihənin fəlsəfəsi valideynlə
övladların həm bir yerdə, həm də ayrı
yaşama prinsipləridir.
- Bu müsabiqələrdə
iştirak sizə nə verir?
- Mən bu müsabiqələrdə
1997-ci ildən iştirak edirəm. Başlıca
məqsədim memar kimi Azərbaycanın adını tanıtmaqdır.
1997-1998-ci illərdə birinci yerə, 2008-ci ildə
ikinci yerə layiq görülmüşəm. İstəyirəm ki, Azərbaycan memarlarının
əl işləri daha geniş tanınsın, azərbaycanlıların
bu sahədə də öndə olduqlarını dünya
görsün.
- Amerika İnşaat Dizayn
İnstitutu haqqında bir qədər ətraflı məlumat
verərdiniz...
- Qeyd edim ki, ABŞ-da memar
professional bacarığını sübut edən
sertifikatını qüvvədə saxlamaq üçün
ömrü boyu fasiləsiz təhsil sistemində iştirak etməlidir.
AİBD də yaşayış evlərini layihələndirən,
memar və layihə rəhbərlərini müdafiə edən,
onların professional bacarıqlarına zamin duran, fasiləsiz təhsil
sistemində yardım göstərən dünyada yeganə
tanınmış milli təşkilatdır. Amerika İnşaat Dizayn İnstitutu 1950-ci ildə
yaradılıb və ABŞ-dan kənarda 48 ölkədə üzvləri
var. Bu institutda memarlar həm də dərs alır və
kateqoriyalar üzrə yüksəlirlər. 1995-ci ildə həmin instituta üzv olduğum zaman
interna, 2007-ci ildə isə professional kateqoriyasını
aldım.
- Bizim Memarlar
İttifaqı ilə həmin təşkilatın fərqi nədədir?
- Amerikadakı təşkilat
memarları öz ətrafında birləşdirməklə
yanaşı, həm də onların daha da püxtələşməsi
üçün dərslər keçir. Bu dərslər
birbaşa, yaxud onlayn da ola bilər. Bu imkandan yararlanaraq 2009-cu ildə ABŞ Konqresinin
maliyyə dəstəyi ilə orada şəhərsalma
universitetlərində bələdiyyə və başqa
dövlət orqanlarının təşkil etdiyi seminar və
məşğələlərə qatıldım. 2010-2011-ci illərdə GROHE və “Knauf” şirkətlərinin
dəvəti ilə Almaniyada müasir texnologiyaları öyrənmək
üçün işgüzar səfərdə olmuşam.
Müxtəlif vaxtlarda İtaliya və Birləşmiş
Ərəb Əmirliklərində olmuşam. Ərəb əmirinin oğlu üçün
yaşayış evinin layihəsini hazırlamışam.
- Azərbaycanın müasir
memarlığını necə qiymətləndirirsiniz?
- Bu gün
memarlığımız dövlətin dəstəyi ilə
inkişaf edir. Xaricdən dəvət olunmuş
memarların layihəsi əsasında uğurlu sənət
nümunələri yaradılır.
Memarlarımızın əksəriyyəti təcrübə
keçməli, dünyada baş verən yeniliklərlə,
modern texnologiyalarla tanış
olmalıdırlar. Xarici mütəxəssislərin
müasir işləri bizim memarlara da yaradıcılıq
stimulu verir.
- Bizim memarlıqla dünya
memarlığı arasında hansı fərqləri
görürsünüz?
- Fransalı memar Onri deyib ki,
memarlıq sənəti təkcə klassika və gözəllik
üçün deyil, memarlıq sifarişçinin
gücünü və nəyə qadir olmağını
göstərmək üçündür. Bu
gün dünya memarlığı ilə yanaşı, Azərbaycan
memarlığı da inkişaf edir. Ölkəmizdə
yaradılan memarlıq nümunələri Azərbaycanı
dünyada tanıdır və bu həm də dünyaya bir
çağırışdır. Biz yeni layihələrimizlə
dünyaya kim olduğumuzu sübut etmək
istəyirik.
- Arzusunda olduğunuz, lakin çox
maliyyə tələb edən layihə varmı?
- Bəli var. Mənim
www.architecture.az adlı saytım fəaliyyət göstərir.
Burada dərs dediyim tələbələrin
işlərini nümayiş etdirməklə yanaşı, bu
sahədə baş verən yenilikləri paylaşıram.
Həmin qeyd etdiyiniz layihələri də, ola
bilsin ki, yaxın gələcəkdə həmin saytda yerləşdirim.
- Hazırda Azərbaycan
Memarlıq və İnşaat Universitetində baş müəllimsiniz.
Dərs dediyiniz gənclərin bu sahəyə
marağı hansı səviyyədədir?
- İstedadlı, sənəti
sevən, böyük gələcəyi olan tələbələrim
də var, tam təsadüfi gələnlər də. Onu da qeyd edim ki, mən özüm də nə vaxtsa
bu sahəyə təsadüfən gəldim. Uşaq vaxtlarımdan rəssam olmaq arzusunda
olmuşam. Hətta 1982-ci ildə sənədlərimi
Moskvada Surikov adına Rəssamlıq
Akademiyasına vermişdim. Amma sonradan
memarlığı sevdim və bu sahəyə gəldiyim
üçün heç də peşman deyiləm.
- Memar olmaq istəyən insan necə
olmalıdır?
- O, kağızdan başqa
ideyasının həcmini hiss etməyi bacarmalı, görməlidir.
Bu onun daxilində özünü hiss etdirməlidir. Keçən
il Rusiyanın Krasnoyarsk şəhərində
“Memarlıq təhsilinə yardım üzrə
regionlararası ictimai təşkilatı”n keçirdiyi beynəlxalq
müsabiqədə memarlıq universitetlərinin ən
yaxşı diplom işləri nümayiş olundu. 5 magistr və 12 bakalavrımızın diplom işləri
həmin müsabiqədə iştirak edirdi. Tələbələrimizin 11 nəfəri birinci, 5
nəfəri ikinci, bir nəfər isə
üçüncü yerə layiq görüldü. Müsabiqədə azərbaycanlı memar tələbələrin
diplom işlərinin yüksək səviyyəli olduğunu
xüsusən qeyd etdilər. Bu nailiyyətlərin əldə
olunmasında universitetimizin rektoru, Milli Məclisin üzvü,
professor Gülçöhrə Məmmədovanın
memar kimi professionallığı və gözəl
zövqü böyük rol oynayır.
- Bəs sizin qalib olan işlərinizdə
əsas hansı meyarlar nəzərə alınıb?
- Mənim işlərimdə əsasən
Abşeron tərzi diqqətləri cəlb edib. Bakının
xarakterik iqliminə məxsus layihələrim xaricdə daha
çox maraqla qarşılanıb. Düşünürəm
ki, Azərbaycan memarlığının özünün
xüsusi cizgiləri var və bu da başqa ölkələrdə
seçilir, maraq doğurur.
- Hazırda yeni memarlıq layihələrində
sizi qane etməyən məqamlar varmı?
- Əsas məsələlərdən
biri bəzi layihələrdə əlillərin və
yaşlı insanların nəzərə
alınmamasıdır. Məsələn,
böyük parkın tikilməsi hamıya sevinc gətirir.
Nəzərə alsaq ki, parkda əsasən
yaşlı təbəqə, uşaqlar, eləcə də əlillər
istirahət edir, bu zaman parka daxil olmaq üçün rahat
keçidlərin olması vacibdir. Parka
keçidlərdə sıfırdan başlayan panduslar
olmalıdır, yanı üstə qoyulmuş bordür
daşı problemi həll etmir. İkinci məsələ
isə yeni yaradılan memarlıq nümunələrinin təkcə
paytaxtda deyil, bölgələr də layihələndirilməsidir.
Çox istərdim ki, bölgələrimizdə
gözəl müasir memarlıq nümunələri
yaradılsın, bu sahə inkişaf etsin. Böyük memarlıq nümunəsi olan daha
çox muzey və başqa binalar tikilsin. Məsələn,
Almaniyanın Essen şəhərində dünyanın
tanınmış ingilis memarı Foster tərəfindən
RED DOT böyük dizayn muzeyinin layihəsi verilib.
- Yeni layihələriniz,
planlarınız haqqında nə deyərdiniz?
- Mən hündür mərtəbəli
binaları layihələndirmirəm. Bu günə kimi 80-dən
çox bir neçə mərtəbəli ev
və 50-dən artıq interyer layihəsinə imza
atmışam. Son böyük layihəm isə
Ələtdə inşa olunacaq dəniz limanının sərnişinlər
üçün nəzərdə tutulan vağzal hissənin
eskizi olub.
Universitetdə bir çox işlərimiz, layihələrimiz var. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tələbələrimizə və müəllim kollektivinə bütün işlərində yaxından köməklik göstərir. Hər bir yeni ideya və layihəyə diqqət ayırır, tələbələri işləməyə ruhlandırır. Biz müəllimlər də bu yolda daim gənclərə dəstək olmağa çalışırıq. Onların müsabiqələrdə və digər tədbirlərdə iştirakına şərait yaradırıq. Bu il memarlıq fakültəsinin diplom işləri Sankt-Peterburq şəhərinə - “Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilatı”n keçirdiyi beynəlxalq müsabiqəyə göndərilib. Ümid edirəm ki, uğur qazanacağıq.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 11
sentyabr.- S. 10.