Yeni dəfinə tapılıb
Çəkisi 2,7 kiloqram
ağırlığında mis sikkələr XII-XIII əsrlərə
aiddir
2009-cu ildən başlayaraq Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası tərəfindən Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqatlar aparılır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, arxeoloji ekspedisiyanın rəhbəri Təvəkkül Əliyev bildirib ki, neolit dövrünə aid məşhur Kamiltəpə yaşayış məskənində geniş qazıntı işləri ilə yanaşı, bölgənin arxeoloji xəritəsini tərtib etmək məqsədilə Füzuli, Beyləqan, Xocavənd və Ağcabədi rayonlarının ərazisində, xüsusilə Şpartı, Qarasu və Qarqarçay hövzələrində, Xonaşen dərəsi ətrafında kəşfiyyat-axtarış işləri də davam etdirilir. Artıq bölgədə son neolit dövründən (eramızdan əvvəl VII minilliyin axırları) son orta əsrlərə qədər böyük bir tarixi mərhələni əhatə edən 120-yə yaxın abidə qeydə alınıb. Bu abidələr Azərbaycanın qədim və orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Andrea Riccinin başçılıq etdiyi kəşfiyyat qrupu Kamiltəpədən 8 kilometr cənub-şərqdə, Şpartı (Şivarxı) çayı hövzəsində - Ağcabədi, Xocavənd və Füzuli rayonlarının kəsişdiyi ərazilərdə kəşfiyyat apararkən mis sikkələrdən ibarət dəfinə aşkar edilib. Dəfinə ümumi çəkisi 2,7 kiloqram olan 586 ədəd sikkədən ibarətdir.
AMEA-nın
Milli Azərbaycan Tarixi
Muzeyinin əməkdaşı Aygün Məmmədovanın verdiyi
məlumata görə, bu metal
pullar Azərbaycan Atabəylər (Eldənizlər)
dövlətinin hökmdarları Əbu Bəkr və Özbəyin
adından XII əsrin sonları - XIII əsrin əvvəllərində
zərb edilib. Həmin ərazidən
13 kiloqrama yaxın vulkanik
şüşə olan iri
obsidian parçasının - dəvəgözü
daşı və XI yüzilliyin 70-ci illərində
rum səlcuqlarının
hökmdarları adından kəsilmiş metal
pullar da
tapılıb. Onların arasında üzərində atlı
təsviri olan sikkələr diqqəti daha çox cəlb edir. Yaxın gələcəkdə bu nümunələrin təmizlənərək
kompleks halda tədqiq
olunması nəzərdə tutulur.
Mədəniyyət.- 2013.- 11
sentyabr.- S. 14.