“Xaraba
Gilan” arxeoloji
ekspedisiyasının nəticələri açıqlanıb
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xaraba Gilan” arxeoloji ekspedisiyasının muxtar respublika ərazisində apardığı tədqiqatın nəticələrinə həsr olunmuş yığıncaq keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev artıq bir neçə ildir ki, muxtar respublika ərazisində təşkil edilən arxeoloji ekspedisiyaların səmərəli fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarının da fəal iştirak etdiyi arxeoloji ekspedisiyalara ABŞ, Fransa, Macarıstan, Türkiyə, Suriya və Rusiyadan tədqiqatçılar da qatılıblar.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Xaraba Gilan” arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin sözlərinə görə, bu il aparılan tədqiqatların ən mühüm nəticələrindən biri Naxçıvan tarixinin ilkin orta əsrlər dövrünə aid tapıntıların aşkara çıxarılmasıdır. Bu məqam həm də o cəhətdən mühümdür ki, Naxçıvanın ilkin orta əsrlər tarixi dövrü digər dövrlərə nisbətən az tədqiq olunub.
Bəhlul İbrahimli ekspedisiya üzvlərinin Ordubad rayonu ərazisində yerləşən arxeoloji abidələrdə - Dəlmə qalasında, Rəsul dərəsində, II və III Plovdağ nekropollarında və Aza yaşayış yerində tədqiqatlar apardığını diqqətə çatdırıb. O, ekspedisiya üzvlərinin 80 faizinin yerli mütəxəssislər olmasını təqdirəlayiq hal kimi qeyd edib.
Qeyd edək ki, arxeoloji ekspedisiyasının tədqiqatları nəticəsində əldə olunmuş bir sıra maddi mədəniyyət nümunələri institutda yaradılmış muzeyə təhvil verilib.
Ceyhun
Mədəniyyət.- 2013.- 11
sentyabr.- S. 15.