Türkdilli ölkələrin UNESCO üzrə
milli komissiyalarının iclası
Türkiyənin Əskişəhər şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının dördüncü iclası keçirilib.
İclasda Türkiyə, Azərbaycan və digər türkdilli dövlətlərin nümayəndələri ilə yanaşı, tərkibində türk muxtariyyətləri olan Rusiya Federasiyası və Moldovanın təmsilçiləri də müşahidəçi statusunda iştirak ediblər.
Türkiyənin təhsil naziri Nəbi Avcı, Əskişəhər valisi Güngör Əzim Tuna və TÜRKSOY-un baş katibi Düsen Kaseinov tədbirin 2013-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilən Əskişəhərdə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mədəni dəyərlərin üzə çıxarılması, qorunması və dünya mədəniyyətinə təqdim edilməsi istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində mühüm mədəniyyət abidələrinin məhv edilməsinə dünya birliyinin seyrçi münasibət bəslədiyini təəssüflə qeyd edən natiq tədbir iştirakçılarını bu məsələdə daha fəal mövqe tutmağa çağırıb.
Daha sonra toplantı işini müxtəlif mövzulara həsr edilmiş seminar formasında davam etdirib. Qeyri-maddi mədəni irs, təhsil və digər mövzularda təşkil edilən seminarlarda Azərbaycan nümayəndə heyətinin üzvləri də fəal iştirak ediblər.
İki gün davam edən müzakirələr nəticəsində toplantının yekun bəyannaməsi qəbul edilib. Sənəddə TÜRKSOY-a üzv ölkələrin UNESCO-nun baş konfransının sessiyaları və digər tədbirlərində ortaq mövqedən çıxış etmələri üçün fəaliyyətlərinin daha sıx əlaqələndirilməsi zərurəti qeyd edilib.
Azərbaycan
nümayəndə heyətinin təklifi ilə milli komissiyaların növbəti
toplantısının gələn il
ölkəmizdə keçirilməsi qərara alınıb.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 4.