Milli kinomuzun Şahmarı

 

Görkəmli sənətkarın 70 illik yubileyi münasibətilə xatirə gecəsi

  

   Avqustun 30-da Azərbaycan Dövlət Film Fondunda görkəmli aktyorkinorejissor, Xalq artisti Şahmar Ələkbərovun 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə fondun foyesində sənətkarın yaradıcılığına həsr edilmiş fotosərgi ilə tanış oldular.  

   Xatirə gecəsini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Şahmar Ələkbərovun yaradıcılığı haqqında məlumat verdi, onun aktyorrejissor kimi milli kino sənətimizə töhfələrini yüksək dəyərləndirdi.

   Sonra Şahmar Ələkbərovun qısa, lakin zəngin həyat və sənət yolunu əks etdirən xatirə çarxı nümayiş olundu.

   Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə istedadlı sənətkarın taleyi və bənzərsiz sənəti haqqında məruzə ilə çıxış etdi.

   Bildirildi ki, Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə anadan olub. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçüb. O, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində görkəmli aktyor, kinorejissor, Xalq artisti Rza Təhmasibdən sənətin sirlərini öyrənib. Məzun olduğu universitetdə bir müddət assistent işləyib, sonra aktyorluq sənətindən dərs deyib.

   Şahmar Ələkbərov ali məktəbdə üçüncü kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb, ilk dəfə həmin teatrda Vilyam ŞekspirinLope de Veqa” tamaşasında çıxış edib. Aktyorun kinoda ilk rolu isə “Dağlarda döyüş” filmində (1967) Fərrux obrazıdır. Bundan sonra gənc aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

   Kinoşünas Aydın Kazımzadə sənətkarla tez-tez görüşdüyünü və yaradıcılığı haqqında söhbətlər etdiyini dedi, onun yüksək intellekt sahibi olduğunu vurğuladı: “Şahmar Ələkbərov aktyor kimi öz işinin öhdəsindən layiqincə gəlməklə yanaşı, zəngin biliklərə malik idi. Sənətin nəzəri və təcrübi tərəfləri haqqında özünəməxsus yanaşmaları vardı. 49 illik nakam ömrünün 25 ilini sırf kinoya həsr etmişdi. 30-dək filmə çəkilmiş, hər birində də fərqli ifası ilə tamaşaçıların qəlbinə yol tapmışdı”.

   Qeyd olundu ki, Şahmar Ələkbərov istedadlı aktyor kimi özünü təsdiqləməklə yanaşı, rejissorluq fəaliyyətində də uğur qazanıb. Bu sahədə əvvəlcə rejissor Gülbəniz Əzimzadə ilə birlikdə Xalq yazıçısı Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə (1987) quruluş verib. Sonra müstəqil olaraqSahilsiz gecə” (1989) və “Qəzəlxan” (1991) bədii filmlərini çəkib. Şahmar Ələkbərov eyni zamandaYük” bədii filminin ssenari müəllifidir. Bir çox filmlərin səsləndirilməsində də fəal iştirak edib.

   İstedadlı sənətkar və gözəl insan Şahmar Ələkbərov sənətinin barlı-bəhərli çağında, 1992-ci ildə 49 yaşında dünyasını dəyişib.

   Tədbirdə çıxış edən tanınmış bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı Şahmar Ələkbərovla kinoradioda birgə fəaliyyətindən danışdı, Xalq şairi Məmməd Arazın məşhur “Yaşadım” şeirini sənətkarın ruhuna ithaf olaraq səsləndirdi.

   Xalq artisti Nuriyyə Əhmədova çıxışında unudulmaz sənətkarın ciddiyyətindən və gənc aktyorlarda özünə inam hissi yaratmasından danışdı, onun yarımçıq qalan ideallarından bəhs etdi. Ömrünün son illərində səhhətində yaranan ciddi problemlərə baxmayaraq, Şahmar Ələkbərovun böyük sənət şövqü ilə çalışdığını, məşhur qəzəlxan şair Əliağa Vahidə həsr olunmuş film çəkmək arzusu ilə yaşadığını və buna nail olduğunu vurğuladı.

   Yubiley gecəsində digər çıxış edənlər də geniş diapazonlu aktyorun yaratdığı obrazların sənətsevərlərin yaddaşında əbədi yaşayacağını bildirdilər.

   Çıxışları Şahmar Ələkbərovun bənzərsiz ifalarından, çəkildiyi və rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər müşayiət etdi.

  

   Fariz Yunisli

 

Mədəniyyət.- 2013.- 4 sentyabr.- S. 6.