“Azərbaycan dilində səslənən kəlmələrdən zövq alıram”

 

   TRT-nin baş direktoru İbrahim Şahin: “Türksatpeyki İngiltərədən Çinə qədər ərazini əhatə etdiyi üçün “TRT Avaza geniş bir coğrafiyada baxmaq mümkündür. Biz türkdilli ölkələrin bu kanala sahiblənməsini istəyirik”

  

   Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da güclənməsində Türkiyə Radio Televiziyasının (TRT) böyük rolu var. Türkiyənin “ana televiziyası”nın yayımlarında Azərbaycanın Qarabağ problemi, tarixi həqiqətlərimiz, milli dəyərlərimizlə bağlı proqramlar müntəzəm yer alır. TRT ilə Azərbaycanın televiziya kanalları, eləcə də digər media qrupları arasında əməkdaşlıq genişlənməkdədir. Bir neçə ay öncə TRT-nin baş direktoru İbrahim Şahinin rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfəri zamanı bu yöndə bir sıra sazişlər imzalandı. İbrahim Şahindən bu günlərdə aldığımız müsahibədə həmin razılaşmaların nəticələri, Azərbaycanla media əməkdaşlığı, TRT-nin yeni layihələri, ümumtürk mədəni irsinin təbliği və digər məsələlərə toxunduq.  

   - İbrahim bəy, Azərbaycana etdiyiniz səfərdən hansı faydalı nəticələr əldə etdiniz?

   - Türkiyə ortaq din, dil, mədəniyyət və adət-ənənələri olan türk dünyası ilə könül tellərini daim qorumalıdır. Azərbaycana gəlincə, o, bizim üçün fərqli bir ölkədir. Biz bir millət, iki dövlətik. Öz növbəsində Azərbaycan mediasının TRT-yə baxışı çox qürurvericisevindiricidir. TRT olaraq biz də Azərbaycana hər zaman öz diqqətimizi göstəririk. Bakıya səfərimiz zamanı iki ölkənin televiziya, kütləvi informasiya vasitələri arasında işbirliyinin genişləndirilməsi mövzuları müzakirə olundu.

   Eyni zamanda, Azərbaycanın milli peykinin kosmik orbitə çıxarılması, radio-televiziya yayımlarında yeni rəqəmli texnologiyaların tətbiqini yüksək qiymətləndirdik. Milli peykə malik olmaq hər bir ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən amillərdən biridir. TRT də “Azerspace-1”in xidmətlərindən istifadəyə maraq göstərir. Hazırda TRT-nin 15 televiziya kanalı var. İlkin mərhələdə quruma məxsus 3-4 telekanalın yayımının “Azerspace-1”in üzərinə keçirilməsi mümkündür.

   Biz Azərbaycanla televiziya sahəsində əməkdaşlığa xüsusi önəm veririk. Azərbaycan dilində səslənən kəlmələrdən zövq alıram. Bəzən bu mənə uşaqlığımı xatırladır. Çünki bu sözlər zaman-zaman bizim lüğətimizdən çıxarıldı. İndi Azərbaycan türkcəsi bizə, bizim türkcə də sizə yaxınlaşır. Dilimizə sizin kəlmələrinizi qatırıq. TRT Azərbaycanla bağlı bundan sonra da bir çox layihələr gerçəkləşdirəcək. Əlaqələr davamlı şəkildə inkişaf edəcək.

   - 2009-cu ildə Bakıya gəlişiniz zamanı ortaq türk televiziyasının - “TRT Avaz”ın yaradılması ilə bağlı müzakirələr aparılmışdı. Bu kanal quruldu. Ümumiyyətlə, ötən zaman kəsiyində hansı işlər görülüb?

   - “TRT Avaz” 6 dildə fəaliyyət göstərən kanaldır, verilişlər türk, Azərbaycan, qazax, qırğız, özbək, türkmən dillərində yayımlanır. Kanalın 4 saatı Azərbaycana aiddir. “TRT Avaz”ın qurulmasının müəlliflərindən biri də Azərbaycandır. Bu layihə çox uğurla davam edir. Qeyd edim ki, “TRT Avazda yayımlanan proqramlar ötən müddətdə keyfiyyəti ilə bəlli bir nöqtəyə gəlib. Hətta ilk canlı yayımları Azərbaycanla birlikdə həyata keçirdik. Türkiyədə də Azərbaycan dilində verilişlər insanların xoşuna gəlir və onları maraqla izləyirlər. İndi belə bir yeniliklər Qazaxıstan və Qırğızıstanla birgə tətbiq olunur. Əgər ayrı-ayrı verilişləri, məsələn, Azərbaycan da istifadə etmək istəyirsə, ona veririk, hansı dildə istəyirlərsə, elə də yayımlayırlar. Orta Asiyada da çox böyük tamaşaçı auditoriyamız var. Kanalın Balkanlarda izləndiyini duyunca Bosniyaalban dillərində də verilişlər yayımladıq. Bütün bunlar bizə həm qürur verir, həm də məsuliyyətimizi artırır. Eyni zamanda, Avropada, Rusiyada yaşayan türkləri nəzərə alaraq onların dilində də bəlli saatlarda verilişlər yayımlayırıq. Hazırda “Türksatpeyki İngiltərədən Çinə qədər ərazini əhatə etdiyi üçün “TRT Avaza geniş bir coğrafiyada baxmaq mümkündür. Biz türkdilli ölkələrin bu kanala sahiblənməsini istəyirik. Məsələn, əgər Azərbaycan üçün 4 saat ayrılıbsa, həmin zamanı tamamilə əhatə etsin. Hazırda “TRT Avazda mədəniyyət, musiqi proqramları, teledebat janrında proqramlar var. Tamaşaçı istəyinə gəlincə, əsasən keyfiyyətli filmləri istəyirlər.

   - İbrahim bəy, gələn il TRT-nin 50 yaşı tamam olacaq. Ötən müddətdə teleradio qurumu olaraq nələr əldə olunub? TRT üçün televiziyaçılığın anlamı nədir?

   - TRT-nin tərkibində qeyd etdiyim kimi 15 telekanal, həmçinin 18 radio fəaliyyət göstərir. Televiziyada 8 dildən istifadə olunur. Ərəb dilində 24 saat yayımlanan kanalımız var ki, bu da ərəb dünyası üçün nəzərdə tutulub. Fəxr edirik ki, ötən müddətdə TRT dünyada 5 kanalın sırasında yer alan media qurumuna çevrilib.

   Televiziyaçılığın anlamına gəlincə, biz öz işimizi peşəkar şəkildə görməyə çalışırıq. Keyfiyyətli verilişlər hazırlayır, dünya televiziyası olmağa can atırıq. Xüsusilə də, xəbərləri yayımlayarkən həm operativliyə, həm də tərəfsiz olmağa çalışırıq.

   - TRT ilə Azərbaycan televiziyaları arasında münasibətlər hazırda hansı müstəvidə davam edir?

   - Bizim Azərbaycan Televiziyası ilə münasibətlərimiz çox yaxşıdır. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında Qəbələdə keçirilən görüşdə mən də iştirak edirdim. Həmin görüşdə Azərbaycan Televiziyası ilə TRT arasında anlaşma imzaladıq. Hazırda qarşılıqlı şəkildə proqram mübadiləsi aparırıq. Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. TRT Azərbaycanın İctimai Televiziyası ilə əlaqələrə də hər zaman xüsusi əhəmiyyət veribbu əməkdaşlıq davam edəcək. "TRT Avaz"la İctimai Televiziyanın əməkdaşlığı digərlərinə hər zaman örnək kimi təqdim olunur. TRT-nin veb səhifəsində hər zaman Azərbaycanla bağlı xəbərlərə xüsusi önəm verilir.

   - Bu il Türkiyənin “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə qatılmaması ilə bağlı bir sıra fikirlər səsləndirilir. Türkiyənin uzun illər iştirak etdiyi bu tədbirdən imtina etməsinin əsas səbəbləri nədir?

   - Türkiyədə geniş yayılmış bir ifadə var: “Haqsızlıq qarşısında susan dilsiz şeytandır”. Bizlər bu günə qədər heç bir haqsızlıq qarşısında susmadıq, haqqımızı aradıq. “Eurovision” yarışmasında da haqsızlıqlar baş verdiyini hər zaman söylədik. Bu müsabiqədə imtiyazlı ölkələr (Almaniya, Fransa, Britaniya, İtaliya, İspaniya - red.) yarımfinallara qatılmadan birbaşa finalda iştirak edir. Səsvermə zamanı musiqi, sənət meyarları əksər hallarda ölkələrin bir-birinə siyasi münasibətlərinin arxasında qalır. Biz səsimizi daha çox eşitdirməliyik. Bu il Azərbaycanın da səsvermə ilə bağlı haqlı etirazları var. Əslində, bizEurovisiona öz reaksiyamızı 2012-ci ildə bildirəcəkdik. Amma tədbirin qardaş Azərbaycanda keçirildiyini nəzərə alıb ona zərər gəlməsini istəmədik. Ona görə də 2013-cü ildə bu müsabiqəyə qatılmamaqla münasibətimizi bildirdik. Bəzi ölkələr bizə “xəbər versəydiniz bərabər münasibət bildirərdik” - dedilər. “Eurovision-2014” müsabiqəsinə qatılıb-qatılmamağa da hələ qərar vermədik. Bəlkə bu iliştirak etmədik. Bu, dünyanın sonu deyil...

   - Sentyabrda baş tutacaq “Türkcəvizion” mahnı müsabiqəsinin ideyası haradan qaynaqlandı və bu layihənin məqsədi nədir? Ümumiyyətlə, bu tədbir nə kimi yeniliklər vəd edir?

   - Bu il dördüncü dəfə gerçəkləşdirəcəyimiz “Türkcəvizion” mahnı yarışması türkdilli ölkələrin sənətçilərini bir araya gətirərək qardaşlığımızı gücləndirən bir layihədir. Festivalın qala gecəsi 20 min tamaşaçı tutanPamukkale Anıt Teatrı”nda (Dənizli vilayəti - red.) baş tutur. “Türkcəvizyon”a 22 ölkədən sənətçilər, qonaqlar gəlir. Gecəyə qatılan iştirakçı ölkələrin sənətçiləri türk dilində populyar mahnı və türkülər söyləyir. Bu tədbirdə türkdilli ölkələrin sənətçiləri əsərlərini səsləndirirlər.

   - Sizcə, “Türkcəvizyon” türk musiqisini bir araya gətirməklə ortaq mədəniyyətimizin tanıdılmasında mühüm rol oynaya biləcəkmi?

   - Bilirsiniz ki, musiqi bəşəriyyətin universal ortaq dilidir. Könüllərə xitab edən, könül telimizi titrədən, içimizdə həyəcan yaradan, coşqumuzu artıran, bəzən ağladan, bəzən sevindirən özəllikləri ilə o qədər bəşəridir ki, hansı dildən, ya da millətdən olursa-olsun, eyni təsiri, hissləri bizlərə yaşadır. Bu çərçivədəTürkcəvizyonbu müsabiqəyə qatılan ölkələrin xalqlarının bir-birilərini tanımalarında, qaynayıb-qarışmalarında, bir sevgi bağının meydana gəlməsində mədəniyyətlərin tanıdılmasına verdiyi töhfələrlə ayrı bir anlam daşıyır. BuilkiTürkcəvizyonyarışmasıBir dil - bir ürəkşüarı altında gerçəkləşəcək. Ümid edirik ki, qarşıdakı illərdə müsabiqənin əhatə dairəsi daha da genişlənəcək. Türkcəvizyontürk musiqisinin bir araya gəlməsində önəmli rol oynayacaq buna şübhəm yoxdur.

   - Bakıya bir neçə dəfə səfəriniz olub. Son səfəriniz sizdə hansı təəssüratlar yaratdı?

   - Bakıya hər gəlişimdə şəhərin bu qədər sürətli inkişafına təəccüblənirəm. Bakı çox dinamik bir şəhərdir. Davamlı inkişaf edir dəyişir. Artıq Bakının şəhər mədəniyyət kimliyi meydana gəlib. Tarixi quruluşu qədər müasir binaları ilə diqqətçəkən Bakıda məscidlər, evlər, meydanlar bütün dünyaya nümunə olacaq formada dizayn edilib. Bakının şəhərsalma baxımından ortaya qoyduğu bu performansdan hər bir ölkə örnək götürə bilər. Bakıda Avropada olmayan bir gözəllik var. Gecələr isə binaların işıqlandırılması çox əsrarəngizdir. Qardaş Azərbaycanımızın paytaxtını belə inkişaf etmiş Avropa şəhərinə çevrildiyini görmək bizə qürur verir.

  

   Mehparə

 

Mədəniyyət.- 2013.- 4 sentyabr.- S. 7.