“Folklor
paytaxtı”nda gənclər festivalının zona
mərhələsi keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinə dair tədbirlər planına uyğun olaraq, respublikamızda gənclərin folklor festivalının zona mərhələsi üzrə baxışlar keçirilir. Tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşır.
Festival çərçivəsində ilk zona baxışı Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən 2013-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunmuş Zaqatalada keçirilib.
Zona mərhələsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən 15 xalq kollektivi, folklor qrupları, habelə zurnaçı, tanburçalan, kəndirbaz qrupları iştirak ediblər. İlkin seçim turunda fərqlənən ən yaxşı 7 kollektiv Zaqatala Tarix-Mədəniyyət Qoruğunda təşkil olunmuş qala-konsertdə çıxış edib.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşlarından ibarət münsiflər heyətinin rəyinə əsasən, Zaqatala rayonunun “Yallı”, Şəkinin “Abay” və Qax rayonunun Qaşqaçay kənd mədəniyyət evinin “Xınayaxdı” folklor kollektivləri zona mərhələsində ilk yerləri tutaraq, festivalın respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Qalib
kollektivlər fəxri fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 11.