Trabzon teatrı Naxçıvanda qastrol səfərində olub
30-31 avqust
tarixində Türkiyənin
Trabzon Dövlət Teatrı
Naxçıvanda qastrol
səfərində olub.
Türkiyənin Naxçıvandakı
baş konsulluğunun
təşkilatçılığı ilə reallaşan səfərdə yaradıcı
heyət Cəlil Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında yazıçı
Uğur Saatçının
“Bu da geçer yahu” əsərini teatrsevərlərə təqdim
edib.
Rejissor Barış Erdenkin
quruluş verdiyi tamaşa Türkiyə Cümhuriyyətinin dövlətçilik
tarixində mühüm
yer tutan 30 avqust - Zəfər bayramı münasibətilə
nümayiş etdirilib.
Səhnə əsərində XX əsrin əvvəllərində
İstanbulun müttəfiq
Qərb dövlətləri
tərəfindən işğalı
təsvir edilir. Gözlənilmədən işğalçı ordunun komandanı admiral Qoldhartın yavəri vəzifəsini icra etməyə məcbur olan yüzbaşı Süha yoldaşları ilə çıxardığı
satirik bir jurnalda admiralın başını balqabaq şəklində təsvir
edir və jurnalın nəşri dayandırılır.
Əsərdə
Sühanın kiçik qardaşı Kamal və onun
yoldaşı Falih obrazları da özünəməxsus şəkildə
yaradılıb. Anadolu alovlar
içində yanarkən bir ovuc insan nələrsə
etməyin yolundadır. “Bu da
geçer yahu” işğal ağrısı çəkən
İstanbulda mübarizə aparan insanların gülüş
dolu bir hekayəsidir.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 11.