Həyat
çeşmələri
Tarixən insanlar sudan istifadə və onun müəyyən məsafələrə daşınması üçün yollar aramış, müxtəlif vasitələrdən istifadə etmişlər. Qədim tarixə malik kəhrizlər də bu zaman ortaya çıxmışdır. Azərbaycanda da içməli və təsərrüfat məqsədli suyun istifadəsi əsasən kəhriz sistemləri vasitəsilə mümkün olmuşdur. Zaman-zaman insanlar bu sistemi təkmilləşdirmiş, onun tikintisində memarlıq elementlərindən istifadə etmişlər. Xalqımızın əsrlərdən bəri qoruyub saxladığı bu “yeraltı su kəmərləri” - kəhrizlər haqqında məlumat almaq üçün AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı ilə həmsöhbət olduq.
Mütəxəssisin sözlərinə görə, kəhrizlər Azərbaycanda qədim suvarma mədəniyyətinin mühüm elementi olub:
- Arxeoloji qazıntılar nəticəsində əldə edilən məlumatlara əsasən demək olar ki, Azərbaycan qədim suvarma əkinçiliyi mədəniyyətinə malik bir ərazi olub. Tarixən regionlarda su qıtlığı olduğundan suvarma mənbəyi kimi kəhrizlərdən geniş istifadə edilib. Qarabağda 50 min desyatindən (1,09 hektara bərabər yer ölçüsü) çox torpaq kəhrizlər vasitəsilə suvarılıb.
- Azərbaycanda hətta Kəhrizli adlı kənd də var...
- XIX əsrin 80-ci illərində indiki Ağcabədi rayonunda Qarabağ bəylərindən Əhməd bəy Cavanşirin mülkü olan Kəhrizli kəndində xeyli kəhriz olub. Bu səbəbdən də ərazi belə adlandırılıb. Kənddə Əhməd bəy kəhrizinin suyu iki dəyirmanı eyni zamanda işlətməyə kifayət edib. Kəhrizin suyu ilə 1100 ha sahə suvarılıb. 1917-ci ilin məlumatlarına görə, Gəncə ətrafında, Şuşa və Cəbrayıl qəzalarında 1160 kəhriz olub. Onların suyu ilə 39 min desyatin ərazi suvarılıb. 1938-ci ildə Gəncə şəhəri yaxınlığında, Şəmkir çayı vadisində arxeoloji qazıntı aparan Yakob Hummel qədim kəhriz qalıqları aşkar edib və onların eradan əvvəl birinci əsrə aid olduğu təsdiq edilib. Kəhrizlərin qazılma işi çoxillik təcrübə və nəsildən-nəslə keçən sənətlə bağlıdır. Ənənəyə görə, kəhrizlər əsasən dağətəyi ərazilərdə, sulu çay məcralarında qazılıb.
- Mənbələrdə göstərilir ki, 1940-cı illərədək kəhrizlər respublikamızda etibarlı su mənbəyi olub...
- Bəli, ötən əsrdə də, ondan əvvəllər də Azərbaycanın çay şəbəkəsi zəif inkişaf etmiş bölgələrində geniş münbit torpaqların suvarma suyu, əhalinin içməli su ilə təminatı kəhrizlər hesabına ödənilib. 1920-1930-cu illərdə əkinçilikdə kəhrizlər suvarma şəbəkəsi kimi çox mühüm rol oynayıb. 1938-ci ildə Azərbaycanda 885 kəhriz işlək vəziyyətdə olub. Onların su sərfi il ərzində təxminən 420 milyon kubmetr təşkil edib. Bu gün isə Azərbaycanda kəhrizlərdən götürülən suyun miqdarı 1938-ci ildəki həcmin 20-25 faizini təşkil edir. Azərbaycanda vaxtilə fəaliyyət göstərən kəhrizləri bərpa etməklə böyük həcmdə su ehtiyatından istifadə etmək olar. Onu da deyim ki, bu gün 340-dək kəhriz erməni işğalı altındakı torpaqlarımızdadır.
“Kəhrizlər
memarlıq tariximizin bir hissəsidir”
- Tarixən şəhərsalma mədəniyyətində
kəhrizlərin əhəmiyyəti
nədən ibarət
olub?
- XX əsrin əvvəllərinə qədər
Gəncə, Cəbrayıl,
Füzuli, Bərdə,
Ağdam, Naxçıvan,
Ordubad və s. şəhərlərin və
200-dən çox kəndin
su təchizatını
kəhrizlər təmin
edib. Naxçıvan Dövlət Universiteti
ekologiya və ümumi texniki fənlər kafedrasının
müdiri Əlövsət
Quliyev araşdırmalarında
göstərir ki, XVII
əsrin əvvəllərində
Ordubadda üstü günbəzlərlə örtülmüş
su təchizatı olan kəhriz sistemi fəaliyyət göstərib. 71 kəhrizi ilə tanınan Ordubad şəhərinin su təchizatı sistemi bütövlükdə memarlıq
mədəniyyəti nümunəsidir.
Şəhərdə kəhrizlərin və onların üzərində inşa
olunan “40 pillə”lərin
yerləşdirilməsi məharətlə
həyata keçirilib.
Belə abidələr
Hacı Abutalıb, Hacı Tağı, Hacı Fəttah, Hacı Abbas, Dilbər, Mingis, Sərşəhər, Hamam,
Nəhər, Əngəc
və s. kəhrizlər
üzərində daha
çoxdur.
Kəhrizlərdə həm qidalanma
zonası ətrafında,
həm də suyun yer səthinə
çıxana qədər
yolu boyunca sanitariya normalarına riayət olunub. Yəni kəhriz quyuları elə etibarlı mühafizə olunub ki, oraya
heç bir yerüstü axıntılar
və çöküntülər
daxil ola
bilməyib. Ordubadda həyətlərdən keçən kəhrizlərdən
olduqca məharətlə
istifadə olunub.
Kəhriz hesabına həyətlərdə
həmişə əlverişli
mikroiqlim yaranıb.
Bəzi həyətlərdə kəhrizlərin
yer səthinə çıxışından sonra
su arxla həyəti dolanır və hovuzun doldurulmasını təmin
edir. Məhəllələrdə qoyulmuş “40 pillə”lər
yalnız su götürmək üçün
istifadə olunub.
Şəhərlərin genişlənməsi və abadlaşdırılmasında
kəhrizlərin rolu böyük olub. Maraqlıdır ki, 1970-ci illərdə
Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı
Nazirliyində kəhrizlər
şöbəsi də
olub. Sonrakı illərdə kəhrizlər
unudulub. Əvəzində subartezian quyularına üstünlük verilib.
- Müasir dünyada kəhrizlərə
münasibət necədir?
- Müxtəlif
illərdə kəhrizlərə
həsr olunan ümumdünya konqresləri
keçirilib. 2004-cü ildən İranın Yəzd şəhərində
UNESCO-nun köməyi ilə
“Su muzeyi” və Taft şəhərində “Qanat”
kolleci yaradılıb.
Naxçıvan MR-də 1999-cu ildən
başlayaraq kəhrizlərin
bərpası işi ilə beynəlxalq mütəxəssislər məşğuldur.
Onlar Azərbaycanın
Goranboy, Samux, Gəncə və s. bölgələrində də
kəhriz-bərpa işləri
ilə məşğul
olublar. Kəhriz sahəsində mütəxəssislərin
azlığı təəssüf
doğurur. Çünki bu sistemlərin batması ərazilərdə
qrunt suları səviyyəsinin artmasına
və suffoziya kimi ekzogen proseslərin
inkişaf etməsinə
şərait yaradır.
- Sizcə, kəhrizləri xilas etmək mümkündürmü?
- Kəhrizlərin bərpa və inkişaf etdirilməsi üçün hidrogeoloqlar, hidrotexniklər, hidroloqlar, dağ-mədən mütəxəssisləri və peşəkar kankanların iştirakı ilə geniş şəkildə müzakirələr aparmaq, yollar tapmaq lazımdır. Bərpa işləri müəyyən vəsait tələb edir. Kəhrizlərin pasportlaşma işi mühəndis qrafikası əsasında sənədləşdirilsə daha yaxşı olar. Kəhrizlər iqtisadi cəhətdən də səmərəli hidrotexniki qurğudur. Kəhriz sistemləri strateji və tarixi əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatına alınıb. Lakin onların sayı hələ də dəqiqləşdirilməyib. Eyni zamanda, kəhrizlər və onların üzərində qurulan abidələr memarlıq tariximizin bir hissəsi kimi qorunmalıdır. Onları yaşatmaq tarixə xidmətdir.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 13.