Qəbələdə yeni maddi-mədəniyyət nümunələri aşkar edilib

 

   Ümumi ərazisi 420 hektar olan Qəbələ Tarix-Bədii Qoruğunun Səlbir, Qala və Qəbələnin antik şəhər yeri ərazisində arxeoloji qazıntılar uğurla davam etdirilir.

   Bu günlərdə Qala arxeoloji qazıntı ərazisində yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. Qazıntılar zamanı dərinliyi 5 metr olan təsərrüfat quyusundan 2 min il öncəyə aid armud, heyvaüzüm tumları, eləcə də arpa aşkar edilib. Tapılan nümunələr o dövrdə meyvəçiliyin və taxılçılığın inkişafından xəbər verir, eləcə də meyvələrdən qıcqırma yolu ilə şərab hazırlandığını göstərir.

   Qazıntının aşağı hissəsini tədqiq etdikdə məlum olub ki, Qala ərazisi, indiyədək ehtimal edildiyi kimi, XI-XVIII əsrlərə yox, daha qədim tarixə malikdir. Arxeoloqlar həmin ərazidən kərpic və kirəmitlərin bişirilməsi üçün müxtəlif təyinatlı kürələr, iki min il öncəyə aid müxtəlif sənətkarlıq və kənd təsərrüfatı tikililərinin qalıqlarını aşkar ediblər.

   Bundan əlavə, ərazidə müsəlman adət-ənənəsi ilə dəfn aparılmış 3 torpaq qəbir, su təchizatı xətti, 50-yə yaxın müxtəlif maddi-mədəniyyət nümunəsi - əmək alətləri, şüşə və saxsı qablar, gümüşmis sikkələr, bəzək əşyaları tapılıb. Əldə edilən arxeoloji materiallar VIII əsrin sonlarında ərazidə intensiv şəhər həyatının olduğunu göstərir.

   Ərazidə arxeoloji qazıntılarla bərabər konservasiya işləri də aparılmaqdadır. Bu da öz növbəsində arxeoloji turizmin inkişafına öz töhfəsini verəcək. Bu ilin əvvəlindən indiyədək Qəbələ Tarix-Bədii Qoruğuna 2500-dək turist səfər edərək maddi-mədəniyyət nümunələri, arxeoloji qazıntı sahələri ilə tanış olub.

   Qeyd edək ki, Qəbələ şəhərinin yaranma tarixi miladdan öncə IV əsrə qədər gedib çıxır. Qəbələ şəhər xarabalıqları ərazisində arxeoloji qazıntılar əsaslı olaraq 1950-1960-cı illərdə aparılıb. 2005-ci ildə AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və dəstəyi, professor İlyas Babayevin ümumi rəhbərliyi ilə Qəbələ ərazisində qazıntı prosesi bərpa edilib. 2008-ci ildən Azərbaycan-Koreya beynəlxalq ekspedisiyası təşkil olunub.

 

Mədəniyyət.- 2013.- 4 sentyabr.- S. 14.