Sənətdə keçən ömür

 

   Sentyabrın 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət MuzeyininKlassik Musiqi Həvəskarları Klubunun təşkilatçılığı ilə maestro Niyazinin mənzil-muzeyində bəstəkar, dirijor, Əməkdar artist Həsənağa Abasquliyevin 75 illik yubileyi qeyd olundu.  

   Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova açaraq yubilyarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, 12 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olan Həsənağa Abasquliyev 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən Bərdə şəhərində uşaq evinə verilib. Gələcək bəstəkarın musiqiyə marağı da burada yaranıb. Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənir. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyur. 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Kərim Babayevin truba ifası sinfində təhsil alır. Texnikumu başa vurduqdan sonra indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (1958-1963) təhsilini davam etdirir. 1963-cü ildə o, Xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayır.

   1960-cı illərdə Həsənağa Abasquliyev Rusiya Federasiyası Tomsk vilayətinin filarmoniyasından dəvət alır və oraya işləməyə gedir. 1967-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan “Biz Bakıdanıq” estrada-caz ansamblından dəvət alaraq vətənə qayıdır.

   Bakı Musiqi Akademiyasının dosenti olan bəstəkar Azərbaycan və Rusiya artistlərinin sirk nömrələrini müşayiət edən musiqilər yazır. Onun rus sirk ustasının “Canlı şlyapa” nömrəsi üçün yazdığı musiqi 1990-cı illərdə Yaroslavlda keçirilən beynəlxalq müsabiqədə 4 mükafata layiq görülüb. 1992-ci ildə bəstəkar “Qarşılanma marşı”nı yazıb. Bu musiqi 1993-cü ildən Bakının hava limanında yüksək çinli qonaqların qarşılanma mərasimində ifa olunur. Daha sonra yazdığı “Topçular marşı”, “Dünya Azərbaycanlılarının himni”, “Səni gözləyirəm”, “Ayrılıq” mahnıları bəstəkarın sevilən əsərlərindəndir. H.Abasquliyev 2000-ci ildə təşkil etdiyi caz orkestri ilə 2005, 2006, 2010-cu illərdə dəfələrlə beynəlxalq caz festivallarında iştirak ediblaureat olub.

   Tədbirdə bəstəkarın gənclik və sənət dostu Rafiq Seyidzadə, Əməkdar incəsənət xadimi Cavan Zeynallı və başqaları çıxış edərək yubilyara təbriklərini çatdırdılar, ona gələcək işlərində uğurlar arzuladılar. “Arenacaz orkestrinin solisti Teymur Abdullayevin, musiqiçilərdən Fuad Cəfərin, Etibar Ərdəbilinin və başqalarının ifasında musiqi nömrələri təqdim edildi.

   Sonda Əməkdar artist Həsənağa Abasquliyev tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 5.