“Vətənə
xoş xatirə və zəngin foto arxivi ilə dönəcəyik”
TÜRKSOY-un “Fotoqraflar
görüşü”nün iştirakçıları ilk təəssüratlarını
bizimlə bölüşdülər
Xəbər verdiyimiz kimi, TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar sentyabrın 2-dən Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşü keçirilir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə türkdilli ölkələrdən 14 fotoqraf iştirak edir. Sentyabrın 11-dək ölkəmizdə olacaq foto ustaları səfərin ilk günlərindən paytaxt və onun ətrafında müxtəlif məkanları lentə alıblar. Onların bir neçəsi ilə İçərişəhərdə görüşüb ilkin təəssüratlarını öyrəndik.
“Bakı fotoqraflar
üçün heyrətamiz bir məkandır”
İsmail
Haykır (Türkiyə):
- Bakıya ilk dəfədir ki, gəlirəm. Bu günə qədər Avropanın demək olar bütün şəhərlərində, Amerikada, Rusiyada olmuşam. Amma indi başa düşdüm ki, mən öncə Bakıdan başlamalı idim. Bakı doğrudan da fərqli bir şəhərdir. TÜRKSOY türkdilli ölkələrin fotoqraflarını bir araya gətirir, onların əsərlərindən ibarət kataloqlar tərtib edir. Bunlar çox gözəldir. Bu sırada Bakı ilə bağlı bir foto kataloqun da hazırlanması gözəl olardı. TÜRKSOY və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən bu görüşün yekunu olaraq belə toplu tərtib ediləcək. Əminəm ki, həmin kataloq nəşr edildikdən sonra fotoqrafların hamısı Bakıya gəlmək istəyəcək. Çünki Bakı fotoqraflar üçün heyrətamiz bir məkandır. Hətta mən Azərbaycan fotoqraflarına bir az əsəbiləşirəm də. Bakını yaxşı tanıda bilməyiblər. Mən burada binaları, küçələri çəkirəm. İnsanların da fotolarını çəkirəm. Bakı çox gözəl şəhərə çevrilib. Xüsusilə İçərişəhəri bəyəndim. Azərbaycan fotoqrafları ilə bir işbirliyi qurmaq, onların Ankarada sərgisini keçirməyi qərara aldıq. Mən özüm də Bakıda sərgi keçirmək niyyətindəyəm.
Kamilla Essen (Qırğızıstan):
- Bakını çox bəyəndim, gözəl şəhərdir. İnsanları isə olduqca qonaqpərvərdir. Mənə elə gəlir ki, Bakını, onun ətrafını, tarixi yerlərini gəzmək üçün 10 gün çox azdır. Bu mənim Bakıya ilk səfərimdir. Eyni zamanda TÜRKSOY-un layihəsində ilk dəfə iştirak edirəm. Bu tədbir bizə türkdilli ölkələrin fotoqrafları ilə tanış olmaq imkanı verdi. Burada maraqlı fikir mübadiləsi aparırıq. Bakıda fotoqraf və rəssamlar üçün maraqlı olan çoxlu tarixi məkanlar var. Peşəkar fotoqraf kimi Bakıda mənim üçün ən maraqlı məkan İçərişəhər oldu. Biz Azərbaycanın bir sıra regionlarında da olacağıq və əlbəttə orada da gözəl məkanları görə biləcəyik. Amma hələlik məndə ən dərin təəssüratı İçərişəhər yaratdı, onun gözəl memarlıq elementləri insanı heyran edir. Buranın atmosferi o qədər gözəldir ki, insanda xoş əhval-ruhiyyə yaradır. Çox istərdim ki, TÜRKSOY Qırğızıstanda da belə bir layihə keçirsin. Çünki bizim də göstərməyə bir sıra maraqlı məkanlarımız var.
“Bu, Azərbaycanın
tanıtımı üçün önəmli
bir layihədir”
Nəsrin Söyləməz
(Türkiyə):
- 15 ildir ki, fotoqraf peşəsi ilə məşğul oluram. Türk xalqlarının bir-birini tanıması çox önəmlidir və bu baxımdan TÜRKSOY-un layihəsini yüksək dəyərləndirirəm. Zaman-zaman bir-birimizdən çox uzaqda qalmışıq. Belə layihələr yaxınlaşmağımıza kömək edir. Burada Azərbaycan fotoqrafları ilə də tanış oldum. Çox gözəl fotolar çəkirlər. Bakıda bir sıra yerlərdə olduq. Mən qədim şəhərin evlərini çəkmək istəyirəm. Onlar çox gözəldir və Azərbaycan fotoqraflarına da tövsiyə edərdim ki, daha çox qədim tikililəri çəksinlər. Mən tarixlə çox maraqlanıram. Elə bu peşəyə də qədim yerləri, binaları, oyma daşları çəkmək üçün başladım. O üzdən Bakıya səfər mənim üçün tapılmaz bir nemətdir. Biz bu layihə ilə əməkdaşlığı davam etdirmək istəyirik. Eyni zamanda bu, Azərbaycanın tanıtımı üçün önəmli bir layihədir.
Ayday
Abdiaşımova (Qırğızıstan):
- Bu tədbir türkdilli ölkələrin fotoqrafları üçün mühüm əhəmiyyət kəsb edir, belə görüşlərlə bir-birimizi daha yaxından tanıyırıq. Bu günə qədər Qala etnoqrafik muzeyində, Atəşgahda və Yanardağda olduq. Bakı çox gözəl şəhərdir. Qədim şəhər çox xoşuma gəldi. Onun özünəməxsus aurası var. Qız qalası bizdə gözəl hisslər yaratdı. Bizim Bişkekdə də belə bir qala var, amma o, Bakıdakına nisbətən kiçikdir. Ən maraqlısı isə budur ki, azərbaycanlı həmkarlarımızla tanış olduq və gələcəkdə birgə layihələr reallaşdırmaq maraqlı olardı.
“Özümüzü
doğma vətəndəki kimi hiss edirik”
Mehmet Gökyigid (Şimali Kipr Türk Cümhuriyyəti):
- Mən artıq ikinci dəfədir ki, TÜRKSOY-un fotoqraflarının görüşündə iştirak edirəm. Azərbaycana isə ilk dəfə gəlmişəm. Şimali Kiprin Azərbaycanla çox gözəl əlaqələri var. Bu baxımdan burada olmağımdan çox məmnunam. Bakıda insanların istiqanlılığı, eyni dildə danışmağımız bizi çox xoşbəxt etdi. Qala etnoqrafik muzeyi, Yanardağ çox xoşuma gəldi. Eyni zamanda, Bakı memarlığında estetika ilə qədim memarlığın harmoniyası diqqətimi cəlb etdi. Bundan sonra rayonlara gedəcəyik. Əminəm ki, vətənə gözəl anlarla dolu xoş xatirə və zəngin foto arxivi ilə dönəcəyik.
Girel Karahasan (Şimali Kipr Türk Cümhuriyyəti):
- TÜRKSOY bizim üçün çox önəmli bir qurumdur. Tariximizi, mədəniyyətimizi dünyaya tanıdır. Şimali Kipr bu qurumda 1994-cü ildən təmsil olunur. Türkdilli ölkələrin fotoqraflarının görüşü layihəsi də ilk dəfə 2009-cu ildə bizim ölkəmizdə keçirildi. Azərbaycana gəldiyim gündən özümü ölkəmdəki kimi hiss edirəm. Burada bir sıra maraqlı, tarixi yerlərdə olduq və çox bəyəndim. Bakı gözəl və güvənli bir şəhərdir.
“Hazırlanacaq fotoalbom
vasitəsilə dünya bir
daha Azərbaycanla tanış olacaq”
Elçin
Qafarlı (Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
TÜRKSOY-dakı nümayəndəsi):
- Ənənəvi olaraq təşkil edilən TÜRKSOY “Fotoqraflar görüşü”nün məqsədi türkdilli ölkələrin foto sənəti ustalarını bir araya gətirmək, onların yaradıcı ünsiyyətini təşkil etməkdir. Bu, TÜRKSOY-un 10-cu dəfə həyata keçirdiyi layihə olmaq etibarilə eyni zamanda qurumun 20-ci ildönümünə təsadüf edir. 14 ölkədən gələn fotoqraflar 4 marşrut üzrə Azərbaycanın bölgələrinə səfər edəcəklər. İstərdik ki, fotoqraflar Azərbaycanın tarixi yerlərilə yanaşı, ölkədə baş verən sosial, iqtisadi inkişafı fotoobyektivin yaddaşına köçürsünlər. Azərbaycan foto ustaları üçün cəlbedici bir ölkədir. Çünki zəngin tariximiz, mədəni irsimiz, təbii gözəlliklərimiz var. Qonaqlar burada zəngin mətbəx nümunələrimizi də daddılar və dedilər ki, biz Azərbaycanda olduğumuz zaman yalnız milli yeməklər yeyəcəyik. Çalışacağıq ki, hazırlanacaq fotoalbomda Azərbaycanın hər bir məkanı əks olunsun. Bu fotoalbom TÜRKSOY-un gələcək illərdəki beynəlxalq tədbirlərində təqdim olunacaq və beləliklə, dünyaya yayılacaq. Bu nəşr vasitəsilə dünya bir daha Azərbaycanla tanış olacaq. Bu, xarici turistlərin ölkəmizə marağının artmasına da bir töhfə sayıla bilər.
Mehparə
Mədəniyyət.- 2013.- 6
sentyabr.- S. 9.