Zaqatala qalası
Mədəni irs və tarix-mədəniyyət
qoruqları
Yurdumuzun ərazisində yerləşən qalalar istifadə məqsədi və quruluşu baxımından fərqlənir. Bunlardan bəziləri müdafiə məqsədi daşısa da, digərləri hücum zamanı dayaq məntəqəsi rolunu oynayırdılar. Onlardan biri də Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal olunmasından sonra yerli xalqların azadlıq mübarizəsini yatırtmaq, işğalçılıq siyasətini həyata keçirmək məqsədilə tikilən Zaqatala qalasıdır.
Zaqatala sözünün yaranmasına dair bir neçə rəvayət var. Bunlardan birinə görə Zaqatala adı Sakatala “Sak düzü” sözünün dəyişilmiş formasıdır. Eramızdan əvvəl VII əsrin əvvəlində Ön Asiyadan gələn Sak tayfaları qədim Azərbaycan dövləti olan Albaniyanın ərazisində məskən salmışdılar və bu ərazi Kür çayının sağ sahilindən Qafqaz dağının ətəklərinə qədər uzanırdı. Zaqatala da Qafqaz Albaniyasının qərbində yerləşib. İkinci rəvayətə görə, isə qədim zamanlarda bu ərazi sıx meşələrlə örtülübmüş və Zəkəriyyə adlı bir şəxs meşəni qıraraq tala açıb və özünə ev tikib. Həmin ərazini yerli əhali Zəkəri tala (Zəkəriyyənin düzü) adlandırıb. Sonralar Zəkəri tala adlı kənd yaranır və zaman keçdikcə bu ad dəyişərək Zaqatala oldu.
Zaqatala Azərbaycanın şimal-qərbində, Bakı şəhərindən 450 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Qanıx-Əyriçay vadisində yerləşir. Rayonun ərazisi 1348 kv. km olub dağlıq və düzənlik sahədən ibarətdir. Əhalisi 123 min nəfərdir. Zaqatala şimaldan Rusiya, cənubdan Gürcüstan ilə, şərqdən Azərbaycanın Qax rayonu, qərbdən Balakən rayonu ilə həmsərhəddir. Zaqatala şəhəri dəniz səviyyəsindən 535 m hündürlükdə yerləşir. Azərbaycanın bu bölgəsi özünün qədim tarixi, mədəniyyəti, etnoqrafiyası ilə xeyli maraq doğurur. Ancaq bölgədə daha maraqlı hadisələr XIX əsrin əvvəllərinə təsadüf edir.
Keçmiş Car-Balakən ərazisi hərbi-strateji cəhətdən çox əlverişli idi. Belə ki, Azərbaycanın şərqinə - Şəki, Şamaxı, Bakı istiqamətində və Dağıstana gedən yollar buradan keçirdi. Əlverişli mövqeyi ilə Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini cəlb etmişdir. Car-Balakən camaatlığı Rusiyaya birləşdirildikdən sonra (1804-cü il ) onun hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi.
Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general İvan Paskeviçin əmri ilə tikilmişdir. Qalanın tikilməsi üçün yer şəxsən onun tərəfindən seçilmiş və burada yaşayan əhali başqa yerə köçürülmüşdür. Qalanı tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü. Qala rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı, Dağıstanı cənubdan tutmaq üçün istifadə edilməli idi.
Artıq 1830-cu ildə Zaqatala qalasının divarları hazır idi. Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən isə yer səviyyəsindədir. Mühafizə məqsədilə hasarın çöl tərəfindən eni 10, dərinliyi 5 metr olan xəndək qazılmışdı. Sahəsi 11,5 hektardır, divarların uzunluğu 3000 metr, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük qapısı var.
Şərq
qapısı “Zabit qapısı” adlanır. Bu qapıdan rus ordusunun
komandir heyəti istifadə edirdi. Qapı Zaqatala şəhərinə
açılır.
Şimal
qapısı “Əsgər qapısı” adlanır. Əsgərlər təlim keçmək
üçün bu qapıdan Qala düzünə
çıxırmışlar.
Şimal-qərb
qapısı isə “Nəqliyyat qapısı” adlanır.
Qalaya qoşun üçün lazım olan ərzaq,
silah, hərbi sursat bu qapıdan daşınırdı.
Qalada daimi olaraq 2500,
bəzən isə vəziyyət hərbi xarakter
aldığı zaman 8-10 minə qədər əsgər yerləşdirilmişdi.
Zaqatala qalası XIX əsrin
əvvəllərində tikilsə də, köhnə sistemli
qaladır. Qalanın şimal-qərb
bürcü müşahidə bürcü olmuşdur. Bürc ikimərtəbəli olub üstünə
çıxmaq üçün torpaq yol
salınmışdır. Onun altında və
divar boyu içəri tərəfdən dustaqları saxlamaq
üçün kameralar, karserlər və həbsxanalar
tikilmişdir.
Orta əsr
qalalarında olduğu kimi, mühasirədən
çıxmaq üçün qalanın altından
yeraltı iki yol çəkilmişdir. Yeraltı
yollar qalanın altı ilə iki istiqamətdə - qala ərazisindəki
kilsənin yanından şəhərə doğru və
şimala - Qala düzü istiqamətinə gedir.
Müxtəlif
vaxtlarda böyük hərbi qüvvələr qalanı
mühasirədə saxlasalar da, onu ələ keçirə
bilməmişlər. 1830-cu il Zaqatala
üsyanına kömək məqsədilə
Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik
qoşunla qala üzərinə hücuma keçdi. Məğlubiyyətə uğrayan çar
qoşunları hələ tikintisi tam başa çatmayan qala
divarları arxasında müdafiəyə çəkilərək
kömək üçün yeni qüvvələr gözlədilər.
Qalanı hücumla ala bilməyəcəyini yəqin
edən Həmzət bəy onu mühasirədə
saxlamalı oldu. Ancaq tezliklə 4500 nəfərlik
rus qoşunu mühasirədə qalanların köməyinə
gəldi. Böyük qüvvə
üstünlüyünə malik olan rus qoşunları
üsyanı amansızcasına yatırdılar.
Şeyx Şamil hərəkatı
dövründə (1834-1859) qala rus ordusunun düşərgəsi
və başlıca hərbi məntəqəsi idi. 1859-cu ildə Şamil 15 minlik qoşunla Cara gəldi.
Onun məqsədi Zaqatala qalasını tutub
vilayətdəki rus qoşununu məhv etmək idi. Lakin qalanı tutmaq bu məşhur sərkərdəyə
də nəsib olmadı.
Dekabristlər
üsyanının (1825) bir sıra görkəmli nümayəndələri
də Qafqazda xidmət keçmiş rus qoşunun tərkibində
Zaqatala qalasında olmuşlar. Rusiya
Dövlət Arxivindən alınmış məlumatlara əsasən
dekabristlərdən iki nəfəri - Z.Q.Çernışev
və A.Ş.Qanqlebov Zaqatalada xüsusi xidmət
keçmişlər. Arxiv materiallarında göstərilir
ki, Çernışevin Sibir sürgünü başa
çatdıqdan sonra Nijeqorodsk Draqun polkunun sıravi əsgəri
kimi hərbi xidmətə başlamış, 1828-1829-cu illər
Rusiya-Osmanlı müharibəsində iştirak etmiş,
döyüşdə ağır yaralanmış və
Zaqatala hospitalında müalicə olunmuşdur.
1863-cü il
Zaqatala üsyanı zamanı keçmiş çar zabiti
Hacı Murtuzun başçılığı altında dəstələr
Zaqatala qalası üzərinə hücuma keçdi. Şiddətli
top atəşləri onları pərən-pərən
saldı. Çarizmin müstəmləkəçilik
siyasətinə qarşı başlanmış daha bir
azadlıq mübarizəsi yatırıldı. Üsyanın başçıları hesab olunan 18 nəfər
dar ağacından asıldı.
1864-cü ildə
Dağıstan Rusiyaya birləşdirildikdən sonra Zaqatala
qalası öz əvvəlki hərbi əhəmiyyətini
itirmişdi. Lakin belə bir qalanın Rusiyanın mərkəzindən
çox uzaqlarda, ucqar bir yerdə olması imperator II
Nikolayın yadından çıxmamışdı: 1905-ci il inqilabı çaxnaşmaları
Rusiyanın hər tərəfini bürüdüyü zaman
bu qalanın mövcud olması təzədən yada
düşmüşdü. Qara dəniz, Baltik dənizi,
Sakit okean hərbi donanmalarında inqilabi
çıxışları ilə çarizmi hədələyən
matrosları susdurmaq mütləqiyyət üçün
mühüm bir məsələ idi. Rusiyanın
mərkəzlərindən bu xətanı tezliklə
uzaqlaşdırmaq, onun fəhlə rayonlarına yoluxa bilməsi
təhlükəsini aradan qaldırmaq üçün təcilli
tədbirlər görmək lazım gəlirdi. 1905-ci ilin yayında “Potyomkin” zirehli gəmisinin
qırmızı bayraq qaldıraraq, inqilabçı
matrosların əlinə keçməsi çarizmə
böyük zərbə idi.
1905-1907-ci illər
inqilabından sonra inqilab ruhunu Rusiya mərkəzindən
uzaqlaşdırmaq və matrosların qəlbindən
çıxarmaq üçün imperator Zaqatala
qalasını münasib bildi. Matrosların
inqilabi ruhunu boğmaq öz qəddarlığı ilə məşhur
olan kapitan Dobrovolskiyə tapşırıldı. İnqilabçı matrosların Zaqatalaya sürgün
edilməsi Zaqatala qalasının adını bir daha tarixə
yazdı. Qalada 201-ci Lebedinski ehtiyat polkunun
II batalyonu yerləşdirilmişdi. Dobrovolskiyə
podpolkovnik rütbəsi və külli-ixtiyar verildi.
Dobrovolski imperatorun qarşısında diz çöküb
and içdi ki, bütün qüvvəsini sərf edərək
matroslarda inqilab adına nə varsa,
hamısını son zərrəsinə qədər vurub
çıxaracaq, onları imperiya qarşısında müti
bir qul kimi diz çökdürəcəkdir.
Dobrovolskinin batalyonu
yarısı piyada əsgərlərdən, yarısı da əyninə
boz əsgər şineli geydirilmiş Qara dəniz
matroslarından ibarət idi. Sayı 400-ə
çatan matroslara silah etibar edilmirdi. Onları
daim nəzarət altında saxlayır, incidirdilər. Batalyonda inqilabi əhval-ruhiyyə hökm sürməkdə
idi. Matroslar batalyon komandiri Dobrovolskiyə xüsusilə
nifrət edirdilər. Batalyonda
yaradılmış inqilabi özək Dobrovolskinin
öldürülməsi haqda qərar çıxarır.
Bunu matros Kuk etməli idi. Ancaq
satqınlıq nəticəsində o, ələ keçdi.
Bu işi matros Stepan Demeşko başa
çatdırdı. O, 1907-ci il iyulun
10-da axşam batalyon rotalarından birini yoxlayıb evə
qayıdan Dobrovolskini qalanın zabit qapısından bir qədər
aralıda güllə ilə vurub öldürdü. Hərbi
məhkəmənin hökmü ilə S.Demeşko 1907-ci il sentyabrin 7-də güllələndi. Matrosların hamısı başqa batalyonlara, əsas
etibarı ilə Kromsk və Şatsk polkunun batalyonlarına
göndərilir. 201-ci Lebedinski polkunun II
batalyonu və 1910-1911-ci illərdə sürgün olunan
matroslardan yaradılmış bütün xüsusi hərbi
hissələr ləğv edilir.
1917-ci ilin sosialist
inqilabından sonra çar qoşunları Zaqatala
qalasını tərk edib Rusiyaya qayıtmalı oldular. Müsavat hakimiyyəti zamanı Zaqatala qalasında
Əhməd bəy Dibirovun komandan olduğu piyada polku yerləşdirilmişdi.
1920-ci il aprelin
28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi,
ölkədə sovet hakimiyyəti quruldu. Sovet
hakimiyyətinin ilk günlərindən Zaqatala qalası qəza
inqilab komitəsinin qərargahına çevrildi. Z.Balaxlinski, F.Kutsin, S.Qocayev, M.Qocayev və başqa
inqilabçılar rayondakı inqilabi mübarizəyə məhz
buradan rəhbərlik edirdilər. Bolşeviklər
köhnə nə varsa hamısını dağıtmağa,
düşmən hesab etdikləri siyasi rəqiblərini,
ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək
rütbəli hərbçilərini həbs etməyə
başladılar. Kommunist məmurların bu
özbaşınalığı xalqın sovet rejimindən
narazılığını getdikcə artırırdı.
Ona qarşı müqavimət hərəkatı
getdikcə güclənirdi. Sovet rejiminə
qarşı ən güclü silahlı
çıxışlardan biri 1920-ci ilin iyununda Zaqatalada oldu.
Üsyana Xalq Cümhuriyyətinin
tanınmış xadimlərindən biri, peşəkar hərbçi
Əhməd bəy Dibirov və bölgənin nüfuzlu şəxsiyyətlərindən
olan Molla Hafiz Əfəndi başçılıq edirdilər.
Üsyan amansızlıqla yatırıldı.
Lakin zaqatalalılar silahı yerə
qoymadılar. 1930-cu ilin birinci
yarısında Şəki-Zaqatalada yenidən kəndli
üsyanı oldu. Üsyançılar iki
gün bölgəni əllərində saxladılar. Üsyana Əhməd bəy Dibirov rəhbərlik
edirdi. Üsyan yatırıldıqdan sonra
Əhməd bəy mühakimə olundu. Məhkəmədə
ona edam qərarı oxundu.
1932-ci ildə
banditizmə qarşı mübarizə aparan çekistlərin
Dövlət Siyasi İdarəsi burada yerləşirdi. Sonralar qala ərazisində azyaşlıların
islah olunması üçün təcridxana, tütün
kombinatı, rayon mərkəzi xəstəxanası, 1967-ci ildən
diyarşünaslıq muzeyi, mebel fabriki, 1¹-li internat məktəbi,
“Gənc Texniklər Stansiyası” fəaliyyət göstərmişdir.
Müstəqillik elan
olunduqdan sonra Daxili Qoşunların N saylı hərbi hissəsi
qalada yerləşirdi. Hazırda Zaqatala
Rayon Mədəniyyət və Turizm Şöbəsi, Zaqatala
Dövlət Rəsm Qalereyası, Mədəniyyət evi
burada yerləşir. Zaqatala qalasında
“Yenilməz batalyon”, “Cavad xan” filmləri çəkilib.
Azərbaycan SSR Nazirlər Sovetinin
24 yanvar 1984-cü il tarixli, 22 saylı qərarına
əsasən Zaqatala qalası tarix-mədəniyyət
qoruğu elan olunmuşdur.
Tarixin səhifələrinə
şahidlik etmiş hər bir abidə, mədəniyyət
nümunəsi bizi keçmişlə bağlayan teldir. Babalarımızdan ərməğan qalmış hətta
daş parçası olsa belə irsimizin
daşıyıcısıdır. Bunu
düzgün təbliğ edərək təfəkkür xəzinəmizi
zənginləşdirmək bizim üzərimizə
düşür. Zaqatalanın onlarla tarixi
abidəsi var ki, heç biri lazımınca tədqiq olunmayıb.
Ancaq Azərbaycanın bu dilbər guşəsi
həm özünün təbiəti, həm də tarixi ilə
mühüm əhəmiyyət kəsb edir. Ona görə
də bu tarixi irs öyrənilməli və
gələcək nəsillərə
çatdırılmalıdır.
Sevinc
Məmmədova,
Zaqatala Tarix-Mədəniyyət Qoruğunun baş fond
mühafizi
Mədəniyyət.-
2013.- 6 sentyabr.- S. 13.