Üzeyir musiqisinin
işığında
18 sentyabr - Milli Musiqi Günü təntənəli
şəkildə qeyd olundu
“Azərbaycan xalqı fəxr edir
ki, Üzeyir Hacıbəyli kimi şəxsiyyət
yetişdirib”
Ümummilli lider Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın, ilk operettanın müəllifi Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə milli musiqi bayramı kimi qeyd olunur. 2009-cu ildən etibarən hər ilin 18 sentyabrında Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalına start verilməsi bu günün tarixiliyini daha da artırıb. Bu dəfə də Üzeyir bəyin doğum günü maraqlı mədəniyyət hadisələri ilə zəngin oldu.
Fəxri xiyabanda
anım
Sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabanda Milli Musiqi Gününü təqvimimizə daxil etmiş ümummilli lider Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarlarını ziyarət etdilər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək 18 sentyabrın sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramı olduğunu dedi: “Azərbaycan xalqı fəxr edir ki, Üzeyir Hacıbəyli kimi şəxsiyyət yetişdirib. Hər il geniş ictimaiyyət dahi bəstəkarın doğum günündə buraya toplaşıb, bir daha bəstəkara öz hörmət və ehtiramını bildirir. Onun musiqisi bütün dünyada tanınır, sevilir. Bu il Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi UNESCO səviyyəsində qeyd olunur. Bir müddət əvvəl əsər ABŞ-ın Los-Anceles şəhərində böyük müvəffəqiyyətlə oynanıldı. Parisdə, UNESCO-nun qərargahında nümayiş olundu. Üzeyir bəyin əsərləri artıq Azərbaycan musiqiçiləri ilə yanaşı, dünyanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə səhnəyə qoyulur və böyük tamaşaçı auditoriyasının rəğbətini qazanır”.
Qeyd olundu ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-də bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunur, eyni zamanda Azərbaycanın yeni musiqi mövsümü başlanır. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən teatrların, musiqi məktəblərinin təmir və bərpasına, orada çalışan kollektivlər üçün yaradılan yüksək şəraitə hamının ürəkdən sevindiyini vurğulayan nazir mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi.
18 sentyabr tarixinin həm də görkəmli bəstəkar Müslüm Maqomayevin doğum günü olduğunu deyən nazir, bu iki şəxsiyyətin adının Azərbaycan mədəniyyəti tarixində həmişə ehtiramla yad olunacağını vurğuladı.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın şərəfli ömür yolundan, zəngin yaradıcılığından söz açdı. Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqi festivalının artıq beşinci ildir keçirildiyini vurğulayan F.Əlizadə bu möhtəşəm tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi: “Festivalın coğrafiyası hər il genişlənir. Festival çərçivəsində təkcə dünya şöhrətli bəstəkarımızın deyil, eyni zamanda, bir çox tanınmış musiqiçilərin əsərlərini dinləyir və onların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə edirik”.
Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran”ı səsləndirildi.
Bülbülün,
Natəvanın, Üzeyir bəyin
obrazları bizə güc verəcək
Sonra Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, tanınmış mədəniyyət və incəsənət xadimləri Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət etdilər, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın heykəlləri önünə qərənfillər düzdülər. Bu abidələri qoyulduqları məkanda deyil, Milli İncəsənət Muzeyinin bağında görməkdən dərin təəssüf hissi keçirdiyini bildirən nazir Əbülfəs Qarayev vurğuladı ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində, onun şəxsən işə müdaxiləsindən sonra bu heykəllərin işğalçılardan geri alınmasına nail olunmuş, onlar paytaxta gətirilmişdir.
Milli İncəsənət Muzeyində bərpa işlərindən sonra isə heykəllərin muzeyin bağında qoyulması qərara alınıb: “Amma mən inanıram ki, bu heykəllər öz tarixi vətəninə - Qarabağa qayıdacaq. Biz bu heykəlləri mütləq ora qaytaracağıq. Bu istiqamətdə ölkə başçısı tərəfindən böyük siyasi iş aparılır. Güclü ordumuz var. İncəsənət xadimləri, mədəniyyət işçiləri onu da yaxşı dərk etməlidirlər ki, bu gün mədəniyyət və incəsənət də Azərbaycanın gücüdür və ondan səmərəli istifadə etməlidirlər. Mədəniyyət, incəsənət ölməzdir və xalqın yaddaşında həmişə əziz tutulan və nəsildən-nəslə keçən bir əmanətdir. İnanıram ki, Azərbaycanın mədəniyyəti, incəsənəti inkişaf edəcək, dünyaya haray salacaq, bu işdə həm Bülbülün, həm Natəvanın, həm də dahi Üzeyir bəyin obrazları bizə güc verəcək”.
Bakı Musiqi
Akademiyasının qarşısında bayram
tədbiri
Milli Musiqi Günü daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında qeyd olundu. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Musiqi Gününün keçirilməsinin tarixindən söz açdı. Bildirdi ki, 2009-cu ildən etibarən ölkəmizdə hər il sentyabrın 18-dən başlanan və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalları böyük əks-səda doğurur.
Bu gün Azərbaycan mədəniyyəti, musiqi sənəti dövlətin qayğısı ilə əhatə olunub.
Musiqimiz müxtəlif beynəlxalq tədbirlərdə ifa olunur, muğamlarımız mötəbər səhnələrdə səslənir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilmiş müxtəlif təqdimatlar keçirilir: “Fransada - UNESCO-nun mənzil-qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi bəstəkarın “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbiri buna daha bir nümunədir. Bütün bunlar Azərbaycan mədəniyyətinin uğurlarıdır. Bu o deməkdir ki, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqi ənənələri bu gün də uğurla davam etdirilir”.
Tədbirdə xalq artistləri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bayram münasibətilə musiqisevərləri təbrik etdilər, Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafındakı xidmətlərindən, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışdılar.
Sonda Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin və Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 3.