Ölməz könül, ölməz əsər

 

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı “Arşın mal alan”la açılıb

  

   Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

   Əlamətdar gün OperaBalet Teatrının 105-ci mövsümünün açılışı ilə gerçəkləşib. Yaradıcı kollektiv sənət axşamına toplaşmış tamaşaçılara Üzeyir bəyin ölməz “Arşın mal alan” operettasını təqdim edib.

   Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir. Ən möhtəşəm teatr səhnələrində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur. 2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı görkəmli musiqiçiləri, bədii kollektivləri, solistləri bir araya gətirir.

   Gecədə sənətsevərlərə təqdim olunan “Arşın mal alan” tamaşasının musiqi rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir. Solistlər Xalq artisti Şahlar Quliyev, əməkdar artistlər Gülyaz Məmmədova, Fidan Hacıyeva, gənc ifaçılar Afaq Abbasova, Fərid Əliyev və başqaları idi.

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 6.