“Azərbaycan musiqisinin bayramı”
Dahi bəstəkarın doğum
günü ev-muzeyində qeyd olundu
Sentyabrın 18-də Azərbaycan bəstəkarlıq
məktəbinin, peşəkar musiqi sənətimizin banisi,
müsəlman Şərqində ilk opera və operettanın
yaradıcısı Üzeyir Hacıbəylinin mənzil-muzeyində
“Azərbaycan musiqisinin bayramı” mövzusunda tədbir
keçirildi.
Tədbiri muzeyin şöbə müdiri Gülzar Ələsgərova açaraq ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmana əsasən hər il dahi Üzeyir Hacıbəylinin doğum gününün ölkəmizdə Milli Musiqi Günü kimi geniş şəkildə qeyd edildiyini nəzərə çatdırdı. Bildirdi ki, 2009-cu ildən etibarən hər il sentyabrın 18-dən 28-dək ölkəmizdə Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalının keçirilməsi, böyük dühanın xatirəsinə dərin ehtiram olmaqla yanaşı, eyni zamanda musiqimizin təntənəsi kimi sənət aləmində böyük əks-səda doğurur.
Sənətşünas, professor Telman Əliyev Üzeyir Hacıbəylinin Azərbaycan musiqisindəki rolundan, xidmətlərindən danışdı. Qeyd etdi ki, Üzeyir bəy bir çox fəxri adların sahibi, akademik və SSRİ-nin Xalq artisti idi: “Amma heç vaxt onun adının qarşısına bu adlar yazılmayıb. Sadəcə, Üzeyir bəy, yaxud bəstəkar Üzeyir Hacıbəyli yazılıb. Bu titul onun ən böyük qazancı, qiymətidir. Üzeyir bəy həm də gözəl publisist, dramaturq olub. O eyni zamanda alim, musiqişünaslıq elmimizin akademiyası idi. Onun dahiliyini hər yerdə etiraf edirdilər. Moskvada olarkən “Böyük Teatr”ın bir solisti ilə söhbət etdim. Soruşdum ki, Üzeyir Hacıbəylini Avropa bəstəkarları, xüsusilə İtaliya bəstəkarları ilə müqayisə etmək olarmı? O bildirdi ki, müqayisə etmək olar. Üzeyir Hacıbəyli onların hamısından yüksəkdə durar”.
“Üzeyir töhfələri” kitabının müəllifi, yazıçı-publisist Əminə Tuncay dahi sənətkarı tarixin Azərbaycana bəxş etdiyi böyük fədai kimi dəyərləndirdi: “O, şəxsiyyət və cəsarət nümunəsi idi, Azərbaycan xalqının ürəyində daim yaşayacaq və yad olunacaq”.
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri, musiqişünas, professor Fərəh Əliyeva Üzeyir Hacıbəyli əsərlərinin dünya musiqi xəzinəsini zənginləşdirdiyini vurğuladı. Bu il UNESCO-nun qərarı ilə dünya musiqi sənətinin ən populyar əsərlərindən biri olan “Arşın mal alan”ın 100 illik yubileyinin beynəlxalq miqyasda qeyd edilməsi də buna bariz nümunədir.
Üzeyir Hacıbəylinin bacısı Sayad xanım Hacıbəylinin nəticəsi Gülzar İbrahimova və digər çıxış edənlər sənətkarın həyatından söz açdılar. Bildirildi ki, Üzeyir Hacıbəyli bəstəkar, pedaqoq, ictimai xadim, musiqişünas alim və publisist kimi daim doğma xalqına və onun hərtərəfli tərəqqisinə xidmət edib.
Çıxışlardan sonra “Buta” instrumental kamera xoru, xalq çalğı alətləri ansamblının üzvləri, gənc ifaçı Atabəy İsmayılov müxtəlif musiqi nümunələrini təqdim etdilər.
Savalan
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 6.