Qan yaddaşımızın abidəsi

 

Qubada Soyqırımı Memorial Kompleksinin açılışı olub

  

   Sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb.  

   Son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da mühüm işlər görür, istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.

   Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması qərara alınıb. 2007-ci ilin iyulundan 2008-ci ilin sentyabrınadək AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

   Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov məlumat verib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.

   Ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin aprel-may aylarında təkcə Quba qəzasının 167 kəndində qırğınlar həyata keçirilib.

   Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülüb. Rəmzi məzarlıq sahəsi yaradılıb. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər inzibati otaqlar var.

   Kompleksin tərtibatı orijinallığı ilə seçilir. Buradakı abidə üç hissədən - sivri uclu bıçaqları xatırladan iki konstruksiya, eləcə də ortada xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. İti ucların yerin altından çıxması isə həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Memarlar soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirməyə çalışıblar. Bu məqsədlə layihədə hər hansı bəzəkdən istifadə olunmayıb.

   Azərbaycan Prezidentinə və xanımına memorial kompleksin ikinci mərhələsi barədə də məlumat verilib. Dövlət başçısı və xanımı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, kompleksin önünə əklil qoyub, muzeydəki eksponatlarla tanış olublar.

   Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, imzaladığı sərəncamlar nümayiş etdirilən guşə yaradılıb. 1918-ci ilin qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir. Burada Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə fikirləri yer alıb. Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da maraq doğurur.

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 7.