Görkəmli
şərqşünas alimin xatirəsi yad edilib
Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın (1939-1992) məzarını ziyarət edib.
İnstitutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva görkəmli alimin keçdiyi 53 illik həyat yolundan və şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb.
Bildirib ki, Aida İmanquliyeva Azərbaycanda şərqşünaslıq üzrə ilk elmlər doktoru, professordur. Görkəmli alim ilk dəfə olaraq həm keçmiş sovet, həm də dünya məkanında məhcər ərəb ədəbiyyatını sistemli şəkildə tədqiq edərək fundamental əsərlər yazıb. XVIII əsrin sonu-XIX əsrdə yeni ərəb ədəbiyyatının formalaşmasında Qərb ədəbiyyatının çox böyük rol oynadığını elmi cəhətdən əsaslandırıb.
Gələn il Aida xanım İmanquliyevanın anadan olmasının 75 ili tamam olur. Buna hazırlaşan Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alimin əsərlərinin toplusunu Azərbaycan və rus dillərində çapa hazırlayır.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Şərqşünaslıq
İnstitutunun ərəb filologiyası şöbəsinin
müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov
alimin zəngin və dəyərli elmi fəaliyyətindən
danışıblar.
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 7.