“Biz
bu yubileyə addım-addım gəlib
çatmışıq”
Milli Kitabxana - 90
Zəngin və şərəfli tarixi yol keçən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası 90 yaşını qeyd edir. Ölkənin baş kitab məbədi yubileyini təmtəraqla keçirməyə hazırlaşır. Ölkə Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamına əsasən keçiriləcək yubiley tədbirlərinə çoxsaylı qonaqlar, 10-dan çox ölkənin milli kitabxana rəhbəri qatılacaq.
Zəngin və şərəfli yol
Kitabxananın əsası 1922-ci ildə qoyulub, 1923-cü il mayın 23-dən rəsmi olaraq fəaliyyətə başlayıb. Kitabxana yarananda onun fonduna keçmiş İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə nəşr verilib. Sonrakı illərdə fondun zənginləşdirilməsi istiqamətində sistemli iş aparılıb. 1925-ci ildə kitabxana fondunda 51 min, 1928-ci ildə isə 300 min nüsxə kitab, jurnal, qəzet və digər çap məhsulları toplanmışdı. Kitabxanada oxu zalı 1927-ci ildən açılıb.
Kitabxana uzun müddət Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşib və bu da fəaliyyəti genişləndirməyə maneələr yaradırdı. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən (Şərq, rus, Qərbi Avropa, xüsusi şöbələr), həmçinin xidmət və biblioqrafiya bürosundan ibarət idi. 13 əməkdaşla fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olub.
1939-cu ildə kitabxanaya görkəmli dramaturq və maarifçi mütəfəkkir Mirzə Fətəli Axundzadənin adı verilib. Kitabxana memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən hazırkı əzəmətli binaya 1961-ci ildə köçüb. 2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə «Milli Kitabxana» statusu alıb.
Kitabxana bu gün
Hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Qurum bu gün artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə olmaqla, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəzə çevrilib. Oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
“Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olub. İxtisaslaşdırılmış xarici ədəbiyyat şöbəsi 2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yaradıb. Artıq kitabxana siyasəti və metodik rəhbərlik şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə başlayıb. Kitabxanada 1999-cu ildən müasir informasiya texnologiyalarının tətbiqinə başlanılıb və 2000-ci ildə internet zalı istifadəyə verilib. 2001-ci ildə isə kitabxanada Tədris Mərkəzi fəaliyyətə başlayıb. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə start verilib. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlar işləyən təşkilatları tərəfindən həyata keçirilib. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, milli biblioqrafiyanın və respublikanın bütün iri kitabxanalarının toplu kataloqunun yaradılması, yəni bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir. Artıq avtomatlaşdırma işinə kitabxananın ən vacib sahəsi olan elektron kataloqun tərtibindən başlanılıb və bu günə kimi milli ədəbiyyata dair təsvir məlumat bazasına daxil edilir.
Elektron kataloqla yanaşı, Milli Kitabxanada kitab fondlarının elektron versiyasının, kitabların mətninin kompyuter yaddaşına köçürülməsi işi həyata keçirilir. 2005-ci ildə Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı beynəlxalq təşkilatına üzvlüyə qəbul edilib. Bu təşkilat özündə 54 ölkənin kitabxanalarını birləşdirir. MDB ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci ölkə Azərbaycandır. Bu da kitabxananın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və ümumdünya layihələrində iştirakına real imkanlar yaradır.
Bitib tükənməyən
sevgi
Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov 10 ildən artıqdır ki, bu kollektivə rəhbərlik edir. Onunla görüşüb möhtəşəm bayram tədbirinə hazırlıqla bağlı fikirlərini öyrəndik. Müsahibimiz bütün kollektivin sevinc içərisində olduğunu bildirdi:
- Kollektivimiz yubileyə xoş əhval-ruhiyyədə, böyük sevinclə hazırlaşır. Çünki 90 il o qədər də kiçik rəqəm deyil. Tədbirimiz çox yüksək səviyyədə keçiriləcək. Buna görə də ölkə Prezidentinə təşəkkürümü bildirirəm. Dövlət başçısı iyunun 24-də kitabxanamızın 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. Bu xəbər bizə çox böyük fərəh və sevinc gətirdi. Bu, böyük bir hadisədir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində bu tədbir çox yüksək səviyyədə baş tutacaq. Həm də bu arada təkcə kitabxanamızın yubileyi deyil, digər tədbirlər də keçirilicək.
- Tədbirlər planında nələr nəzərdə tutulub?
- Biz istədik ki, yubileyi kompleks şəkildə qeyd edək. Buna görə də yubiley tədbirləri çərçivəsində Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının 27-ci illik görüşü də paytaxtımızda təşkil olunacaq. Sentyabrın 24-25-də bu konfransda iştirak etmək üçün dünyanın 50 ölkəsindən nümayəndə heyəti ölkəmizə təşrif buyuracaq. Bu tədbirin ideyası hələ 2007-ci ildə yaranmışdı. O vaxt mən Madriddə keçirilən konfransa yollandığım zaman mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, yaxın gələcəkdə belə bir tədbiri ölkəmizdə təşkil edək. Cənab nazirin bu təklifini təşkilatın rəhbərliyinə çatdırdım. 2010-cu ildə bu tədbirin 2013-cü ildə Bakıda keçirilməsinə qərar verildi.
- Konfransın keçirilməsində məqsəd nədən ibarətdir?
- Bu təşkilat Avropanın milli kitabxanalarını özündə birləşdirir. Ümumiyyətlə, bu günə kimi Azərbaycan məkanında belə bir tədbir keçirilməyib. Konfransda dünyanın 50-dək ölkəsinin milli kitabxanaları yığışaraq kitabxana işinə dair fikir mübadiləsi aparacaqlar, müasir informasiya cəmiyyəti şəraitində inkişaf perspektivləri müəyyənləşəcək. Təşkilatın əsas məramı Avropa məkanında informasiya resurslarından səmərəli istifadədən ibarətdir. Avropa ölkələrinin kitabxanalarında saxlanılan informasiyadan səmərəli istifadəyə nail olmaq, onların elektron variantlarını yaratmaq və kitabxanaların təkmilləşməsi, gələcək inkişafı və digər ölkələrə inteqrasiya yolları təhlil olunacaq. Digər tərəfdən, təşkilata üzv olan kitabxanalarla birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Konfrans çərçivəsində bir neçə Avropa kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair saziş imzalanacaq. Avropanın 50-yə yaxın ölkəsinin elm adamları, ziyalıları ölkəmizi yaxından tanıyacaq, Azərbaycan reallıqlarını görəcəklər. Bizim əsas məqsədimiz ölkəmizin bütün sahələrdəki inkişafını təbliğ etməkdir.
Onu da deyim ki, yubiley çərçivəsində daha bir beynəlxalq tədbir - Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XV iclası da reallaşacaq. Sentyabrın 25-də baş tutacaq toplantıda keçmiş SSRİ məkanına daxil olan ölkələrin 20-dən artıq kitabxana rəhbərinin iştirakı nəzərdə tutulub. Bu təşkilat ikinci dəfədir ki, öz toplantısını bizim ölkədə keçirir. İlk tədbir 85 illik yubileyimizə təsadüf etmişdi. Bütün bunlar Milli Kitabxanamızın dünyada aparıcı kitabxanalar mövqeyinə çatmasının təcəssümüdür. Əgər bu gün dünya bizim kitabxanaya gəlirsə, demək burada təcrübə və baza var.
- Tədbirlərə hazırlığın vəziyyəti nə yerdədir?
- Hazırda texniki təchizat işləri gedir. Qonağın gəlişindən xəbər tutanda bir yır-yığış edirsən, səliqə-sahman yaradırsan. Ona görə də giriş qapısından qarderoba, bütün zallara qədər hər şey təzələnib. Qonaqları yüksək səviyyədə qəbul etmək üçün kollektivimiz var qüvvəsi ilə çalışır.
- Sonda yubileylə bağlı ürək sözlərinizi eşitmək maraqlı olardı...
- Yubiley münasibətilə Milli Kitabxananın kollektivini təbrik edirəm. Bu yubileyə addım-addım gəlib çatmışıq. Yolumuz hamar olmayıb. Enişimiz də olub, yüksəlişimiz də. Hazırda xalqımızın qarşısına alnıaçıq çıxa bilirik. 90 il xalqın xidmətində dayanmaq böyük kollektivin əməyinin bəhrəsidir. Elə bu səbəbdən də kollektivimizə minnətdarlığımı bildirirəm ki, hətta ən çətin vaxtlarda belə ruhdan düşməyib, yolun yarısında büdrəməyib. Həm təqaüddə olanlara, həm veteranlara, həm də gənc kadrlara təşəkkür edirəm. Milli Kitabxanada çalışmış və dünyasını dəyişmiş insanlara Allahdan rəhmət diləyirəm. Bu kitabxanada onların da zəhməti, xidmətləri olub. Bu günümüzə birlikdə gəldik. Mən bütün Azərbaycanın kitabxana sistemini təbrik edirəm. Biz baş məbədik və bütün kitabxanalar bizə baxır, bizdən öyrənməyə çalışır. Ziyalılarımızı təbrik edirəm. Əgər bu gün onlar məni təbrik edib deyirlərsə ki, biz bu kitabxananın köynəyindən çıxmışıq, demək, Milli Kitabxana nəyəsə nail olub. Bütün bunlar nəsil-nəsil dəyişən kollektivin əməyidir. Oxucularımızı təbrik edir və hər kəsə cansağlığı arzulayıram. Bizdə oxucu hər şeydən öndədir.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 10.