Sərgi-yarmarkada
yeni nəşr layihələri nümayiş olunacaq
Bəşəriyyətin ən böyük kəşflərindən və maddi-mənəvi sərvətlərindən olan kitab, onun çapı və yayımı işi ilbəil inkişaf etməkdədir. Bu gün kitab həm də güclü təbliğat vasitəsidir. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da müxtəlif nəşr evləri, çap-poliqrafiya müəssisələri üçün öz məhsullarını, bu sahədə qazandıqları uğurları nümayiş etdirmək üçün mühüm fürsətdir.
“Altun Kitab” nəşriyyat evinin direktoru Rafiq İsmayılov:
- 2009-cu ildə
Bakıda ilk dəfə
beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsi
mühüm mədəni
hadisə idi. Sonradan bu layihənin ənənə halını
alması biz naşirlər
üçün sevindirici
hal oldu. 2011-ci ildə keçirilən
ikinci sərgidə də fəal iştirak etmişik.
Tədbirin təşkilatçılığının
hər dəfə yüksək səviyyəyə
qalxdığını görürük,
eyni zamanda iştirakçıların marağının
artmasını da müşahidə edirik.
Budəfəki sərgi-yarmarkanı da səbirsizliklə gözləyirdik ki, son iki ildə nəşr
etdiklərimizi, yeni layihələrimizi təqdim
edək. Sərgidə 120-140 adda kitab nümayiş
etdirəcəyik. Yeri gəlmişkən,
bu günlərdə İngiltərənin məşhur
Oksford Universitetinin nəşriyyatından məktub
almışıq. Onların nümayəndələri
ilə Bakı sərgi-yarmarkasında görüşərək
gələcək əməkdaşlıq
imkanlarını müzakirə
edəcəyik. Belə əlaqələri
yaratmaq üçün
beynəlxalq sərgilər
gözəl imkandır.
Onu da qeyd
edim ki, “Oksford” nəşriyyatının
özünün mətbəəsi
olmasa da, il ərzində
yüzlərlə kitab
nəşr etdirir. Bu kitablar müxtəlif
ölkələrdə işıq
üzü görür.
Nəşriyyatımız 2004-cü ildən fəaliyyət göstərir.
Əsasən dərsliklər
və uşaq ədəbiyyatı, “Hekayə
ustaları”, “Mənim
ilk kitabım”, “Altun klassika” seriyasından maraqlı kitablar çap edirik. Sərgidə iştirak edənlər
ən yeni nəşrlərimizi də
görə biləcəklər.
Sərgi-yarmarkalar həm də
marketinq aksiyasıdır.
Burada açıq satış üçün nəşr
etdirdiyimiz kitabları
sərgiləyə bilirik.
Hər bir nəşriyyat təcrübə topladıqca
onun marketinq imkanları da genişlənir. Oxucu auditoriyası
qazanır.
Xarici ölkə nəşriyyatlarının
Bakıdakı sərgiyə
cəlb olunmaları müsbət haldır.
Çünki biz nəşriyyatlar olaraq dünyada kitab nəşri sahəsində gedən prosesləri, maraqlı layihələri, ideyaları
bu tədbir sayəsində izləmək
imkanı qazanacağıq.
Ümid edirəm ki, bu beynəlxalq tədbirdə bəzi xarici ölkə nəşriyyatlarının kitablarının
Azərbaycanda çap
etmək hüququnu
ala biləcəyik. Əgər qiymət
və oxucu marağı baxımından
bizi qane edərsə, qarşılıqlı
əməkdaşlıq etməyi
düşünürük.
“Kitab klubu”nun direktoru Elxan Rzayev:
- “Kitab
klubu” 2003-cü ildən
fəaliyyətə başlayıb.
Məqsədimiz Azərbaycan kitabını
təbliğ etməkdir.
Bizim üçün janr, müəllif və mövzu fərqi yoxdur. Çalışırıq ki, Azərbaycanda
çıxan hər kitabdan bir nüsxə
bizdə olsun. Onları biz
internet səhifəmizdə və sosial şəbəkələrdə təbliğ edirik. Paralel olaraq “Azərbaycan nəşrləri” adı
altında jurnal-kataloq
buraxırıq. Çap olunan
kitabları mümkün
qədər geniş ictimaiyyət arasında yaymağa çalışırıq.
Kitabla bağlı Bakıda
beynəlxalq tədbirlərin
keçirilməsi ilk növbədə
oxucunu kitaba, kitabı oxucuya daha da yaxınlaşdırır.
Bu mənada paytaxtımızda
artıq üçüncü
dəfə beynəlxalq
kitab sərgi-yarmarkasının
təşkili kitaba bağlı olan hər kəsi sevindirir. Biz bundan əvvəl I və II sərgi-yarmarkalarda
iştirak etmişik.
Hər dəfə 100-dən çox
adda kitab nümayiş etdirmişik.
Bu dəfə də bir o qədər
kitabı təqdim etməyi düşünürük.
İnanıram ki, budəfəki
tədbir də uğurla keçəcək.
İstərdim ki, sərgi
ilə bağlı informasiya mümkün qədər geniş yayılsın. Kütləvi informasiya vasitələrindən
xüsusi aktivlik gözləyirəm. Çünki cəmiyyətin inkişafı
kitablardan, mütaliədən
keçir.
Fəaliyyətə başladığımız
ilk illərlə müqayisədə
indi kifayət qədər inkişaf müşahidə olunur.
Bu, kitab çapındakı
yeni tendensiyalarda, kitab oxunmasına olan meyldə də özünü göstərir.
Bizim əsas layihələrimizdən
biri ölkə başçısının sərəncamı
ilə işıq üzü görən 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”nın abunəsini təşkil
etməkdir. Eyni zamanda yazıçılarla
görüşlər təşkil edir, kitabların təqdimatını
keçiririk.
“Vektor”
nəşrlər evinin direktoru Elçin İsgəndərzadə:
- Bu il bizim nəşriyyatın
fəaliyyətə başlamasının 10 ili tamam olur. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
yubiley nəşrləri ilə təmsil olunmağı
planlaşdırmışıq. Eyni zamanda
respublikamızda və türk dünyasında diqqətçəkən
nəşrlərimiz var. Sərgidə əsasən türk
dünyası yazarlarının Azərbaycan türkcəsinə
uyğunlaşdırılmış kitablarını təqdim
etməyi düşünürük. Ötən
sərgidən keçən müddət ərzində
çap etdiyimiz təxminən 100-ə qədər kitabı
nümayiş etdirəcəyik.
Nəşriyyatımızın
profili türk dünyası müəlliflərinin
kitablarını, habelə digər ölkələrin
maraqlı nəşrlərini dilimizə çevirib Azərbaycan
oxucularına təqdim etməkdir. Sərgidə
kitabsevərlər son iki ildə çap olunan nəşrlərimizi
görə biləcəklər.
Biz təsis etdiyimiz Şahmar
Əkbərzadə mükafatı laureatlarının əsərlərini
də hər il çap edirik. İndiyədək bu silsilədən 36 kitab
çap etmişik və onları ayrıca bölmədə
sərgiləmək fikrindəyik. Eyni zamanda bolqar, serb, Ukrayna, Makedoniya dillərindən dilimizə
çevirərək nəşr etdiyimiz kitabları da
nümayiş etdirəcəyik.
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə İstanbul,
Frankfurt, Moskva və digər beynəlxalq kitab sərgilərində
iştirak etmişik. Biz naşirlərin dünya təcrübəsi
ilə tanış olması
üçün bu cür tədbirlərin böyük əhəmiyyəti
var.
Nəşriyyatlara
göstərilən bu dəstəyə görə nazirliyə
minnətdarıq. Çünki biz bu tədbirlər
vasitəsilə bir növ ictimaiyyət qarşısında
hesabat verir, oxucu ilə daha geniş münasibət qura bilirik.
Bundan əvvəlki sərgilərdə 10-a qədər
nəşriyyatla münasibətlər qurmuş və bəzi
nəşrləri ortaq yayımlamışıq. İnanıram ki, budəfəki sərgi də
qarşılıqlı əməkdaşlıq
baxımından səmərəli olacaq.
“E.L.”
nəşriyyat və poliqrafiya şirkətinin direktoru Cəfər
Bağırov:
- Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
üçüncü dəfə gerçəkləşən
sərgidən yüksək nəticələr gözləyirəm.
Artıq təcrübə var, sərgi-yarmarka
onlarla nəşriyyatın, poliqrafiya müəssisəsinin
maraq dairəsindədir. Hesab edirəm ki,
bu tədbirdən ən çox Azərbaycan oxucusu qazanacaq.
Nəşriyyatlar da, təbii ki, dünyada gedən kitab nəşri
prosesinin ən son yenilikləri ilə yaxından tanış ola biləcəklər.
Sərgi-yarmarkada son
illər çap etdiyimiz kitabları nümayiş etdirəcəyik.
Əsasən müəlliflərlə işləyirik.
Elmi və bədii kitabların çapına
daha çox üstünlük veririk. “Azərnəşr”lə
birgə layihəmiz var. Qeyri-türk və erməni müəlliflərinin
ermənilər haqqında, onların uydurma iddiaları barədə
yazdıqlarını müxtəlif dillərdə
yayımlayırıq. İndiyədək
bu istiqamətdə 14 kitab işıq üzü görüb.
İngilis, rus, fransız dillərində
işıq üzü görən bu kitablarda ermənilərin
məkrli siyasətləri ifşa olunur. Həmin
nəşrlər bir çox xarici ölkə səfirliklərinə,
diaspor nümayəndəliklərimizə göndərilir.
Bir sıra ölkələrdə
öz təşəbbüsümüzlə, həmçinin
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə sərgilərə qatılmışıq, müxtəlif
nominasiyalarda diplom və fəxri fərmanlarla təltif
olunmuşuq. Onu da qeyd edim ki, ölkəmizdə
keçirilən kitab sərgi-yarmarkaları heç də
xaricdə təşkil olunan analoji tədbirlərdən geri
qalmır. Hazırda kitab nəşri
prosesi xeyli asanlaşıb. Azərbaycan nəşriyyatları
da maraqlı layihələrlə tez-tez çıxış
edirlər. İnanıram ki, III Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkası eyni zamanda çoxlu
maraqlı, məzmunlu nəşr layihələri ilə yadda
qalacaq.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 12.