Üzeyir Hacıbəylinin tərtib etdiyi lüğətin təqdimatı
Sentyabrın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Üzeyir Hacıbəylinin “Türkcə-rusca və rusca-türkcə lüğət” kitabının təqdimatı olub.
Tədbiri muzeyin direktoru, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov açaraq qeyd edib ki, dahi bəstəkar eyni zamanda istedadlı publisist, gözəl pedaqoq olub, maarifçilik işinə böyük yer ayırıb, dərsliklər tərtib edib. “Türkcə-rusca və rusca-türkcə lüğət”i tərtib edəndə onun cəmi 21 yaşı vardı.
1907-ci ildə bu lüğətin çapdan çıxması əlamətdar hadisə olub, Azərbaycan leksikoqrafikasının təməlini qoyub. Lüğətin naşiri Məhəmməd Əmin Rəsulzadə olub. Keçən əsrin əvvəlində Bakıda Azərbaycan, rus və başqa dillərdə qəzetlər nəşr edilirdi. Terminlərin şərhi ilə əlaqədar böyük çətinliklər yaranırdı. Elə buna görə də lüğət nəşr edilməsi zəruri idi. Üzeyir Hacıbəyli nəşrin müqəddiməsində yazırdı: “Qəzet zamanın güzgüsüdür. O, ən iti qılınc, zəmanəmizin ruhu, nüfuzu, kəsərli vasitəsidir. Mətbuatla məşğul olan adamlara siyasi, hüquqi, iqtisadi və hərbi terminlərin ikidilli lüğətləri çox gərəkdir”.
Lüğətin
müasir Azərbaycan dilinə transliterasiyasını
filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva
icra edib. Nəşrin elmi məsləhətçisi
və ön sözün
müəllifi professor Rafael
Hüseynov, elmi redaktoru filologiya elmləri
doktoru Möhsün
Nağısoylu, rəyçi Əməkdar incəsənət
xadimi, Üzeyir
Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovdur.
Lüğət “Elm və təhsil” nəşriyyatında
işıq üzü görüb.
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 15.