Avropanın milli kitabxana rəhbərləri
Bakıda bir araya gəliblər
Sentyabrın 24-də “Park-İnn Azərbaycan” hotelində Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası işinə başladı. İclasda 40-dək ölkədən 50-dən çox nümayəndə iştirak edir.
Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq CENL-in növbəti toplantısının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladı: “Siz Şərq dünyasında ilk parlamentin qurulduğu, ilk dəfə opera və baletin səhnələşdirildiyi, qadınlara səs vermək hüququnun verildiyi bir ölkədəsiniz. Azərbaycan xalqı qədim tarixiylə, dünya elminə, incəsənətinə verdiyi töhfələrlə həmişə öndə olub. Ölkəmizdə bütün dünyaya nümunə ola biləcək tolerantlıq mühiti var. Bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir. Azərbaycanda keçirilən tədbirlər də bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir”.
Azərbaycan mədəniyyətinin keçdiyi tarixi mərhələlərdən danışan nazir ölkəmizdə bir əsrdə üç dəfə əlifbanın dəyişdirildiyini xatırlatdı. Bildirdi ki, belə şərtlər altında mədəni irsi, ədəbiyyatı qoruyub saxlamaq çox çətin olsa da, biz buna nail olmuşuq: “Heç bir xalq kitabsız, savadlanmadan irəli gedə bilməz. Məhz insanlarımızın bütün zamanlarda kitaba olan sonsuz marağı ölkəmizə böyük uğurlar gətirib”.
Azərbaycanda kitabxanalara göstərilən dövlət qayğısından bəhs edən Əbülfəs Qarayev qeyd etdi ki, hazırda ölkədə 4 mindən çox kitabxana fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarının əksəriyyəti müasir avadanlıqla təchiz edilib: “Son illər ölkəmizdə latın qrafikalı yeni nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görülüb. Bu işlər Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq həyata keçirilib. Azərbaycan internet məhdudiyyəti olmayan ölkədir. Oxucular lazım olan informasiyanı asanlıqla əldə edə bilirlər. Düşünürəm ki, kitabxanaların fəaliyyətinin təbliği, kitaba sevgi, mütaliənin formalaşmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələr düşür. Onlar kitablarla bağlı məlumatları, tətbiq olunan yenilikləri, mütaliənin vacibliyini davamlı təlqin etməli, ideyalar aşılamalıdır”.
Nazir ümidvar olduğunu bildirdi ki, Avropa Milli Kitabxanaları Konfransının Bakı toplantısı səmərəli müzakirələr və təcrübə mübadiləsi ilə yadda qalacaq.
* * *
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında bildirdi ki, iclasın ölkəmizin əsas kitab məbədinin 90 illik yubileyi ilə eyni vaxtda keçirilməsi böyük hadisədir: “Biz mədəniyyətin kitablar vasitəsilə təbliğinə böyük yer veririk. Ölkəmizdə kitabla təbliğat işinin aparılmasına çox diqqətlə yanaşılır”. Qeyd olundu ki, Azərbaycan CENL-in tədbirlərində 2003-cü ildən fəal iştirak edir. Bu əməkdaşlığın nəticəsidir ki, son illər Milli Kitabxana beynəlxalq tədbirlərə dəvət alır və ölkəmizi nüfuzlu konfranslarda layiqincə təmsil edir. Bugünkü tədbir həmin əməkdaşlığın bariz nümunəsidir. Bu tədbirdən sonra qarşılıqlı əməkdaşlıq istiqamətində çox böyük addımlar atılacaq: “Azərbaycan oxucularının Avropa kitabxanalarına daxil olub onların informasiya vasitələrindən istifadə etməsi, məlumat alması üçün səylərimizi artıracağıq”.
* * *
Paytaxtımıza səfərindən məmnunluq ifadə edən CENL-in prezidenti Bruno Rasine III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakını unudulmaz bir tarixi an kimi xatırlayacağını bildirdi: “Azərbaycanda kitaba olan böyük maraq məni valeh etdi. Əmin oldum ki, Azərbaycan xalqının yüksək elmi potensialının kökündə kitaba olan sonsuz sevgi dayanır. Azərbaycanlılar səmimi, mehriban olduqları qədər də kitabsevərdirlər. İnanıram ki, bu tədbir Azərbaycan Milli Kitabxanasının Avropa ölkələri arasında daha da tanınmasına səbəb olacaq”.
* * *
Sonra müxtəlif ölkələrin milli kitabxanalarının nümayəndələri bu sahədə fəaliyyətin daha da optimallaşdırılması ilə bağlı məruzələr etdilər, təkliflər irəli sürdülər. Çıxışlarda kitabxanaların fəaliyyətindən söhbət açıldı, əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirildi. Qeyd olundu ki, müasir dövrdə kitabxanaların elektron informasiya vasitələri ilə rəqabət aparması çox çətindir. Buna görə də yeni modellər üzərində düşünməli, kitabxanalarda məlumat-xidmət sahələri genişləndirilməli, xidmətlərin inteqrasiyası təmin olunmalıdır.
Qeyd edək ki, Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclasına sentyabrın 25-də yekun vurulacaq.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 3.