Memarlıq və
arxeoloji abidələrin bərpası və
konservasiyası
Mədəniyyət və Turizm
Nazirliyinin təşkil etdiyi I Payız Məktəbində 30
gənc iştirak edir
Sentyabrın 24-də «Four Seasons
Baku» mehmanxanasında Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
memarlıq və arxeoloji abidələrin bərpası və
konservasiyası sahəsində I Payız Məktəbinin
açılması ilə bağlı tədbir
keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, belə bir məktəbin açılmasında əsas məqsəd ölkəmizdəki tarixi və arxeoloji abidələrə daha çox diqqət göstərilməsi, tələbələrin bu sahəyə həvəsləndirilməsi, biliklərinin artırılmasıdır: «Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrə olduğu kimi, ölkəmizin mədəni irsinə də böyük diqqət yetirilir. Müstəqil bir dövləti tanıtmaq, dünyada təbliğ etmək üçün ilk növbədə onun tarixini, mədəni irsini bərpa etmək, qorumaq lazımdır. Bu istiqamətdə mühüm işlər görülür. Ölkə başçısı İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Ötən müddətdə ölkənin mədəni irsinin qorunması və təbliği istiqamətində bir neçə qanun və dövlət proqramları qəbul olunub. Bu sahədə xeyli irəliləyiş var. Memarlıq və arxeoloji abidələrin ərazisində qoruqlar yaradılır, abidələr bərpa olunur, beynəlxalq aləmə çıxarılaraq, dünya mədəni irs siyahılarına daxil edilir. “İçərişəhər” tarix-memarlıq və “Qobustan” milli tarix-bədii qoruqları UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bununla bərabər, dörd qeyri-maddi mədəni irs nümunəmiz - muğam, aşıq sənəti, xalçaçılıq sənəti və tar ifaçılığı sənəti də UNESCO-nun siyahısındadır. Bunun özü bugünkü müstəqilliyimizin bəhrəsidir».
Gənclər bu
sahədə hazırlıqlı, savadlı və həvəsli
olmalıdırlar
Vaqif Əliyev bildirdi ki, Azərbaycan tarixi-mədəni, arxeoloji abidələrlə zəngindir. Elə abidələr var ki, diqqətdən kənardadır: «Ona görə də hazırda gənclərimizin üzərinə xoşməramlı və yaradıcı bir yük düşür. Bu yükü də götürmək üçün gənclər həm hazırlıqlı, həm savadlı, həm də həvəsli olmalıdırlar. Bu baxımdan bu məktəbin önəmi çox böyükdür».
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd etdi ki, arxeoloji abidələr bizim keçmişimiz və tariximizdir: «Azərbaycanda arxeoloji tədqiqatlar geniş vüsət alıb. Son illər 40-dan çox arxeoloji ekspedisiya tədqiqat aparıb və elmə məlum olmayan yüzlərlə arxeoloji abidə üzə çıxıb. Arxeoloji abidələrin bərpası və konservasiyası zamanı ilk növbədə qədim tariximiz qorunur, onların gələcək nəsillərə çatdırılması və turizm nümayiş obyektinə çevrilməsi üçün şərait yaradılır. Bu sahədə bizim institut Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində Füzuli rayonundakı Şeyx Babı türbəsi, orta əsrlər Şabran şəhəri, antik dövr Qəbələ şəhəri, Qubada tunc dövrünə aid Xınalıq və orta əsr Şəmkir şəhəri istiqamətində aparılan tədqiqatları xüsusilə qeyd etmək istərdim. Bizim arxeoloji tədqiqatlarda gənclər də yaxından iştirak edir. Bu baxımdan belə bir məktəbin yaradılması olduqca təqdirəlayiqdir».
Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə də öz çıxışlarında memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbi layihəsinin çox əhəmiyyətli olduğunu dedilər. Bildirildi ki, öz tarixini və mədəni irsini qoruyub saxlayan xalq daim yaşayacaq. Layihəyə gənclərin cəlb edilməsinin xüsusilə önəmli olduğu vurğulandı.
«Azərbaycan tarixi
və arxeoloji irs baxımdan çox zəngin ölkədir»
Təlimlərlə bağlı
ölkəmizə dəvət
edilmiş Belçika
Krallığının Lüven
Universiteti Şərqşünaslıq
İnstitutunun professoru,
Kral Tarix və İncəsənət
Muzeyinin tədqiqatçısı
Aleksandr Turovetsin sözlərinə görə,
Qafqaz regionu, o cümlədən Azərbaycan
həm arxeoloji abidələr, həm də onların bərpası baxımından
vacib bir ölkədir: «20-30 il bundan əvvəl bizim üçün arxeoloji qazıntılar
baxımından ən
vacib regionlar Misir, Mesopotamiya, Pakistan ərazisi idi. İndi isə biz diqqətimizi məhz Qafqaz regionuna yönəltmişik.
Səfərimin ilk günü Milli
Azərbaycan Tarixi Muzeyini ziyarət etdim. Gördüklərim məni çox
məmnun etdi. Muzeydəki nümunələrdə Türkiyə,
Rusiya və İranın təsirlərini
gördüm. Azərbaycan mədəniyyətlərin
qovşağında yerləşən,
zəngin tarixə malik ölkədir».
Mütəxəssisin
sözlərinə görə,
Azərbaycan hələ
arxeoloji tədqiqatların
başlanğıcındadır: «Bu istiqamətdə hələ
cavabı olmayan bir çox suallar var. Ümid edirəm ki, Azərbaycanda həyata keçiriləcək bu arxeoloji tapıntılar bu sualların cavablarının tapılmasına
kömək göstərəcək.
Bərpa
işlərinə gəldikdə,
mən İçərişəhərə
baş çəkdim.
Burada abidələrin və binaların bərpası istiqamətində aparılan
işləri gördüm.
İçərişəhər kimi məkanlarda tarixi binaların bərpası zamanı bizim qarşımızda iki seçim olur: onları bərpa edib açıq muzeyə və yaxud da
insanların yaşaya
biləcəyi bir məkana çevirmək.
Məsələn, İranda biz bunların
qarışığından istifadə etdik. Orada tarixi bir ərazini
bərpa edərək,
həm açıq havada muzeyə çevirdik, eyni zamanda burada insanlar da yaşaya
bilir. Çox vacibdir ki, bəzi tarixi ərazilərdə insanlar
yaşasın ki, buradakı abidələr məhv olmasın».
Aleksandr Turovets bildirdi ki, Azərbaycan tarixi və arxeoloji irs
baxımdan zəngin bir ölkədir və bu zənginliyə
bir mütəxəssis
kimi həsəd aparır: «Azərbaycan mədəniyyət baxımından
çox maraqlı bir regiondur. Hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri
bərpa olunmuş abidələrin konservasiyasıdır.
Avropada bərpa olunmuş abidələrin konservasiyasına
böyük önəm
verilsə də, onlar hazırda açıq muzey kimi fəaliyyət göstərirlər. Axşam
saat 5-də həmin tarixi abidələrə giriş bağlanır və heç kim gedib
onu görə bilmir. Bu da sanki canlılığı
o tarixi abidələrdən
alır».
Azərbaycanda konservasiyaya hansı
abidədən başlayacaqlarına
gəlincə, qonaq bildirdi ki, bu,
dövlət qurumlarından
asılıdır.
Layihənin ilk
günü keçirilən
nəzəri təlimlərdə
Mədəniyyət və
Turizm Nazirliyinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin,
AMEA-nın Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutlarının,
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin, «Azərbərpa»
Elmi-Tədqiqat Layihə
İnstitutunun mütəxəssisləri
tərəfindən müxtəlif
təqdimatlar nümayiş
etdirildi.
Qeyd edək ki, sentyabrın
27-dək davam edəcək
məktəbdə yaşı
29-dək olan, mədəni
irs və onun inkişafı ilə bağlı sahələr üzrə
(memarlıq, arxeologiya,
turizm, mədəniyyətşünaslıq
və s.) ixtisaslaşan,
bakalavr, magistr və doktorantura pillələri üzrə
təhsil alan və ya məzun
olmuş 30 gənc iştirak edir. İştirakçılara layihənin növbəti
günlərində Bakı
və Quba şəhərlərində yerli
və xarici mütəxəssislərin iştirakı
ilə memarlıq və arxeoloji abidələrin bərpası
və konservasiyası
sahəsində təlimlər
keçiriləcək. Onlar «Xınalıq» tarix-memarlıq
və etnoqrafiya qoruğunda və Abşeron yarımadası
ərazisində arxeoloji
qazıntılarda iştirak
etmək imkanı əldə edəcək,
son illər ərzində
bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix və mədəniyyət
abidələrini ziyarət
edəcəklər.
Düşərgənin sonunda iştirakçılara
Mədəniyyət və
Turizm Nazirliyinin sertifikatları təqdim olunacaq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 5.