Azərbaycan teatrı
141-ci mövsümündə
Yeni mövsümün
açılış mərasimində sənət
adamlarına dövlət təltifləri təqdim olundu
Sentyabrın 20-də Azərbaycan Dövlət Musiqili Teatrında milli peşəkar teatrımızın 141-ci mövsümünün rəsmi açılış mərasimi gerçəkləşdi. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə orden və medallara, fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun təltiflərinin təqdimatı da keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi yola nəzər saldı, son illərdə bu sahədə əldə olunan uğurlardan söz açdı. Bildirdi ki, ölkə Prezidentinin 1 mart 2013-cü il tarixli sərəncamına əsasən peşəkar milli teatrımızın 140 illiyi geniş şəkildə qeyd olunub. Azərbaycan teatrı qaynar, maraqlı və dəyərli bir il yaşayıb: “Biz son 10 ilə nəzər salanda Azərbaycan teatrının hansı intibah dövrünü yaşadığının şahidi oluruq. Bu müddətdə ölkədə fəaliyyət göstərən 27 dövlət teatrında 970-dək tamaşa hazırlanıb, onların 200-ə yaxını dövlət sifarişi ilə səhnələşdirilib. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Dövlət Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Akademik Milli Dram Teatrının, Dövlət Musiqili Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Bu istiqamətdə işlər davam etməkdədir”.
Teatr cəmiyyətin
aynasıdır
Nazir çıxışında bildirdi ki, ötən illər ərzində respublika teatrları Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil ediblər. Azərbaycan teatrı artıq beynəlxalq sənət aləmində tanınır. Eyni zamanda xarici ölkələrdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunublar: “Teatr sahəsində aparılan islahatlar çərçivəsində biz gəncləri teatrlara cəlb etdik, onlara geniş meydan verildi. Eyni zamanda region teatrlarına rejissorlar göndərdik. Yeni-yeni uğurlu tamaşalar ərsəyə gəldi. Bütün bunlar onu göstərir ki, Azərbaycan teatrı yaşayır və heç vaxt tükənməyəcək istedad mənbəyi yeni-yeni uğurlardan xəbər verir”.
Əbülfəs Qarayev bildirdi ki, dövlətin dəstəyi ilə inşa edilən və müasir avadanlıqlarla təchiz olunan teatrlarımız yüksək səviyyəli, zamanın tələblərinə cavab verə bilən tamaşalar hazırlamalıdırlar: “Azərbaycan teatrı yaradılan bu şəraitdən səmərəli istifadə etməlidir. Bu axtarışlar artıq daha geniş auditoriyaları fəth etməklə nəticələnməlidir. Son illərdə ölkəmizdə beynəlxalq teatr konfransları keçirildi və biz istər-istəməz dünyanın teatr ictimaiyyətinin diqqətini cəlb etdik. Buna görə də yaradıcılıq axtarışları düzgün qurulmalı, yeni, baxımlı əsərlər səhnələşdirilməlidir. Teatr cəmiyyətin aparıcı qüvvəsidir. Teatr cəmiyyətin aynasıdır. Bu ayna hətta gələcəyə baxmağa imkan verir. Düşünürəm ki, biz bundan lazımınca istifadə etməliyik. 141-ci mövsüm yeni layihələr, tədbirlərlə zəngin olacaq. Azərbaycan teatrının uğurları hələ qarşıdadır. Ümidvarıq ki, 141-ci teatr mövsümünə başlayan Azərbaycan teatrı biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaqdır”.
Sənətə və sənətkara
dövlət qayğısı
Nazir ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söz açdı, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini vurğuladı. Qeyd olundu ki, bu il də sənət adamları dövlət təltiflərinə, fəxri adlara, mükafatlara layiq görülüb. O cümlədən peşəkar teatrımızın 140 illiyilə bağlı ölkə Prezidenti 25 iyun 2013-cü il tarixdə bir qrup yaradıcı şəxsin “Şərəf” və “Şöhrət” ordenləri, “Tərəqqi” medalı, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi” adları ilə təltif olunması barədə sərəncam imzalayıb. Bildirildi ki, Azərbaycan dövləti hər zaman sənətə və sənətkara diqqət və qayğı göstərib, incəsənət adamlarının əməyini yüksək qiymətləndirib və bu siyasət gələcəkdə də davam edəcək.
Sonra nazir ölkə başçısının sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim etdi. Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etdilər.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 6.