Zəhmətə verilən qiymət

 

Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı təqdim edildi

  

   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının 25 iyun 2013-cü il tarixli qərarı ilə mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə və Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə əlaqədar bir qrup şəxs nazirliyin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.  

   Fəxri təltifə paytaxt və bölgə teatrlarında fəaliyyət göstərən 67 nəfər layiq görülüb. Sentyabrın 20-də Muzey Mərkəzində «Fəxri mədəniyyət işçisi» döş nişanının laureatlara təqdim edilməsi mərasimi keçirildi.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində mövcud olan mükafatların hər biri bu sahədə çalışanların əməyinə verilən yüksək qiymətdir. Qeyd olundu ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illər yeni mərhələ başlayıb: «Bu inkişaf ilk növbədə teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, tanınmış dünya, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində özünü göstərir».

   Nazir müavini qeyd etdi ki, bu il Azərbaycan teatrı özünün 141-ci mövsümünə qədəm qoyur. 2013-cü il ölkəmizdə teatr sahəsi üçün çox əlamətdar olub. Ölkə Prezidentinin imzaladığı sərəncama əsasən Azərbaycan teatrının 140 illik yubileyi geniş şəkildə qeyd olunub:Son 10 il ərzində teatrların maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülüb. Teatrların əksəriyyəti yüksək səviyyəli əsaslı təmirdən çıxmış binalarda fəaliyyət göstərir. Bütün bunlara 10 ildə teatr qanunvericiliyi sahəsində qəbul edilən qanunlar, dövlət proqramları və imzalanan sərəncamlar nəticəsində nail olunub”.

   2006-cı ildə «Teatrteatr fəaliyyəti haqqında» qanun qəbul edilib. 2007-ci ildə ölkə başçısı «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə Prezident tərəfindən «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı təsdiq edilib. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı milli-mədəni sərvətə çevrilən teatr sənətimizin zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir. Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində keçirilən beynəlxalq tədbirlərdə mədəniyyətimizi layiqincə təmsil edib. Eyni zamanda xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunub.

   Nazir müavini Bakıda keçirilən beynəlxalq teatr tədbirlərindən danışaraq qeyd etdi ki, bu gün Azərbaycanın bu sənət məktəbi regional səviyyədən beynəlxalq inkişaf mərhələsinə qədəm qoyub. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrları nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur: «Bakı artıq önəmli beynəlxalq teatr tədbirlərinə ev sahibliyi edir. 2010 və 2012-ci illərdə paytaxtımızda iki dəfə Beynəlxalq Teatr Forumu keçirilib. Bu ilin noyabr ayında Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı baş tutacaq. Eləcə də Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) İcraiyyə Komitəsi ikinci dəfə Azərbaycanda toplaşacaq. 2014-cü ildə Beynəlxalq Teatr İnstitutunun xətti ilə ölkəmizdə Dünya Teatr Qurultayının keçirilməsi nəzərdə tutulur».

   Ədalət Vəliyev teatr kollektivlərinin üzvlərini yeni mövsümün başlanması münasibətilə təbrik etdi. Sonra mükafatlar sahiblərinə təqdim edildi.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 7.