Həştərxandan
Bakıya sənət çələngi
Sentyabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub. Konsert Bakı və Həştərxan arasında mədəni mübadilə çərçivəsində təşkil edilib.
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları salamlayaraq bildirib ki, son illər paytaxtımızla Rusiyanın Həştərxan vilayəti arasında sıx əlaqələr yaranıb. Heydər Əliyev adına 11 nömrəli Həştərxan orta məktəbinin şagirdləri yayda Bakıda olublar. İki həftə sonra Bakı nümayəndələri paytaxtımızın hədiyyəsini - Knyaz Vladimirin abidəsini Həştərxana aparacaqlar.
Tədbirdə
çıxış edən Həştərxan vilayət
hökuməti sədrinin müavini Qalina Zadeyeva deyib ki, xalqlarımızı
mədəniyyətə ehtiram birləşdirir.
O, ikitərəfli əməkdaşlıqdan söz
açaraq Həştərxanda Heydər
Əliyevin abidəsinin ucaldıldığını, ümummilli liderin
adını daşıyan parkın
açıldığını diqqətə
çatdırıb. Bildirilib ki, 2008-ci ildə yaradılan Həştərxan
Mahnı və Rəqs Ansamblı regionun mədəni
vizit kartına çevrilib.
Rusiyanın Əməkdar mədəniyyət işçisi
Aleksandr Lavrinenkonun rəhbərlik
etdiyi kollektivin 250 nəfər
üzvü var. Kollektivin xor və xoreoqrafiya kompozisiyalarında rus,
kazak, tatar, kalmık, qazax, Azərbaycan və Ukrayna
xalqlarının sənət ənənələri təmsil
olunub. Ansamblın Bakı səhnəsində
çıxışı alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 12.