Milli mədəniyyət mərdi

 

Qaranlıq dövrün aydınlıq obrazı - Cahangir Zeynalov

  

   Onu - bu “peşəsiz” peşəkar aktyorumuzu, böyük səhnə qəyyumumuzu, nəhayət etibarilə görkəmli mədəniyyət xadimimizi məlum səbəblərdən kültür qaranlığına düçar edilmiş XIX əsr Azərbaycanının (əlbəttə, sonlarının) “tacir aydınlığı” kimi də qiymətləndirmək olar.  

   Həmin dövrdə (və XX yüzilliyin əvvəllərində) çox işlər görmüş, mədəniyyət və maarifimizin dirçəlişinə çalışmış, teatr-sənət xeyriyyəçiliklərilə bahəm, səhnələrdə rəngarəng obrazlar yaratmış Cahangir Zeynalovun öz obrazını layiqincə yaratmaq xeyli müşkül; dövrü kino-xronikasız, oçerkçilərsiz, canlı müasirləri də ki, yox...

   Özü isə, dövrünün əksər həmkarları kimi (amma bir çox müasir kolleqalarından fərqli olaraq), vaxtını ümummilli məsələlərə sərf etdiyindən özü haqda yazmağa və bundan öncəki mötərizədə bəhs edilənlər kimi yazdırmağa macal tapmayıb. Bu sanballı mədəniyyətçi sələfimiz haqda az-çox məlumatı elə onun özü kimilərinin - ötən əsrin əvvəllərində milli oyanış hərəkatına başlayan çağdaşlarının nəşr etdirdikləri qəzetlərdən alırıq ki, belə deyək, buna da şükür. Lakin “Cahangir Zeynalov” obrazının fəlsəfi-irfani mahiyyətini daha aydın görk edən canlı bir fakt da var: bizim ümumxalq təbəssümümüz, mənalı gülüş, uğuntu, ictimai-sosial ovqat sevgimiz - Nəsibə xanım Zeynalova! Bəli, belə bir universal, fenomenal, qlobal sənət mücəssəməsi, bütün etik, əxlaqi, namus-vicdani Azərbaycan Xanımı məhz Cahangir Zeynalov ailə-ocağından çıxıb...

   O, cəmi-cümlətanı ibtidai təhsil almışdı. Amma bu “ibtidai” faktın ardınca sonralar mətbuatda, teatr-sənət oçerklərində “milli teatrımızın ilk peşəkar aktyorlarından biri”, “Azərbaycan realist aktyor məktəbinin banisi” kimi xeyli ali informasiyalar da oxumuşuq.

  

   Öncə “ibtidai”liyindən...

  

   Yüz qırx səkkiz il əvvəl (1865, Bakı) doğulmuş, gilavar təbli, xəzri təbəddülatlı uşaqlıq çağları yaşamış, atasının peşə yoluna düşüb, tacirliyə başlamışdı Cahangir. Çar imperiyasının “çərpələng” və digər “folklorik oyunlar”a yönəldib, ictimai-siyasi diriliyini öldürməyə çalışdığı qaynar Bakı uşaqlarından fərqli olaraq, o, rus və fars dillərini mükəmməl öyrənmişdi. Tay-tuşlarından geniş mütaliəsilə də seçilirmiş. Tez-tez oğlanlara deyərmiş “gəlin teatro çıxaraq”, qızlara tapşırarmış ki, siz də bizə əl çalın. Bir kərə o qızcığazlardan birinə də pıçıldayıb ki, əgər oyunum çox xoşuna gəlsə, yaxınlaşarsan üstündə oynadığım çəlləyə, donun üstündəki qırmızı “güllər”dən də birini verərsən mənə...

   ...Maraqlıdır, bu Kişi - dahi qadın Nəsibə xanım Zeynalovanın atası iyirmi yaşında ikən qadın rolunun ilk ifaçısı olub (1885). Bu, onun ümumən ilk rolu olub.

   Yeniyetmə Cahangir tək elə ticarət edib mədə-maddisini doyurmaqla kifayətlənmir, gecə-gündüz mənəvi qida üçün də fikirləşirdi. Bakıda fəaliyyət göstərən məşhur aktyorlarla (Lanskoy, Aqriptseva, Şorşteyn və b.) yaxın əlaqələr yaradır, bu milyonçular şəhərinə gələn qastrol truppalarının tamaşalarına müntəzəm tamaşaçılıq edirdi. Böyük aktyor, yorulmaz sənət-mədəniyyət fədaisi bütün bunlar haqda, habelə digər nəzəri-təcrübi fikir və mülahizələrini traktat səpgili “Teatro dəftərçəsi”ndə də qeyd edib.

   Mənəvi zənginliyilə bahəm maddi cəhətdən də geniş imkanları olan Cahangir Zeynalov təkcə daxilində çağlayan teatr-səhnə eşqinə görə yox, həm də öz ziyalılıq mahiyyətilə həyatın sənət, mədəniyyət sahəsinə bütün dövrlərçün nümunə olası sayğı və yardımlar edib, ağlı kəsəndən aktyorlara, sənət adamlarına əl tutub. Bununla kifayətlənməyən bu ibtidai təhsilli (!) böyük şəxsiyyət indiki Şahmat klubunun yerində (Azərbaycan - Dilarə Əliyeva küçələrinin kəsişməsində) yerləşən evinin böyük bir zalını teatr-tamaşa məşqləri üçün ayırmışdı. Ciddi məbləğdə xərc çəkib, zalın baş tərəfində xüsusi zövqlə düzəltdirdiyi səhnədə dövrün müqtədir aktyorları (Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Məhəmməd bəy Əlvəndi, Hacıağa Abbasov), müəllim və səhnə-mədəniyyət fədailəri (Bədəl bəy Bədəlbəyli, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov) dəfələrlə məşqlər etmiş, tamaşalar hazırlamışlar.

   Yuxarıdakı təfsilati-təsviratdan da göründüyü kimi, lap başlanğıcda işlətdiyim “peşəsiz peşəkar” deyimim özünü doğruldur. Və əlavə edim ki, Cahangir Zeynalovun xeyriyyəçiliyində də bir peşəkarlıq cövhəri vardı. Yəni o dövrdə bir çox başqaları ətrafa yardım edib, bəzən təyinatsız pul verib təyinatlı ad alırdılarsa, o, məsələni başqa cür görür, öz dividentini sənətdə konkret nəticələr verən mənəvi qazanclar kimi götürürdü. İştirakçısı olduğu böyük mədəniyyət, teatr-səhnə aləmindəki peşəkarlığı isə, əlbəttə, daha ciddi dəyər daşıyırdı. Səhnələrdə gözəl obrazlar yaradan bu sənətkarın “Müsəlman dram artistləri şirkəti”nin təsis edilməsində müstəsna rolunu da qeyd etmək gərəkdir. 19-cu əsrin sonlarında quruluşlar verdiyi, ötən əsrin əvvəllərində “Nicat”, “Səfa”, “Nəşri-maarif” kimi mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında hazırladığı bitkin tamaşalar da o cümlədən...

   O vaxtlar imperiyanın “unutduğu” ucqar Bakı şəhərində adlı-sanlı elm ocaqlarından olan “Səfa” məktəbində Səməd Mənsur, Abbas Mirzə Şərifzadə, Cəfər Bünyadzadə kimi populyar isimlərlə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O, uzun müddət “Səfa” teatr bölməsinin idarə heyəti rəhbərləri sırasında olmuş, 1914-cü ildə sədr vəzifəsinə seçilmişdir.

  

   Coşğun ləpələr

  

   Sənət və təbiət ləpələri...

 

   Min təbli təbiətin növbəti bir elementi haqda - dəniz ləpələri barədə üç-dörd abzas-ləpədən sonra danışacam. Hansı ki, o ləpələr Cahangir Zeynalovun - böyük sənətimizin canlı dalğalarından birinin əbədiyyətə gömülməsinə vəsilə olmuşdu...

   Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, 1910-cu il noyabrın 30-da teatr ictimaiyyəti ona çox təntənəli yubiley keçirmişdir. Özü də o dövr leksikonunca “Yomi ali” nam-nişanında və məhz Qurban bayramı günü, Tağıyev teatrında! Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyətinin keçirdiyi yubiley təntənəsində rəsmi hissə də olmuş, dövrün məşhur sazəndə-xanəndələri böyük sənət-məhəbbət eşqilə çalıb-çağırmış, ardınca “Lənkəran xanının vəziri” (M.F.Axundzadə) komediyası oynanılmış, Mirzə Həbib rolunu isə yubilyar ifa etmişdir. Dövrün mətbu səhifələrində (“Kaspi”, “Səda”, “Bakı”, “Günəş”, “Kafkazskaya kopeyka” və s.) həmin yubiley tədbiri, yubilyarın yaradıcılığı və xeyriyyəçiliyi haqda geniş materiallar, N.Nərimanovun, M.Hacınskinin, ayrı-ayrı teatr truppası aktyorlarının, redaksiya heyətlərinin təbrikləri dərc edilmiş, müxtəlif ictimai-mədəni təşkilatlar ona qiymətli hədiyyələr vermişlər. O qəzetlər yazırdılar ki, M.Əliyev, M.Vəlixanlı, H.Abbasov və başqa azman aktyorların səhnəyə gəlişində, həyat və sənət səhnələrində intriqaların söndürülməsində (məsələn, “Müsəlman artistləri ittifaqı” ilə Hacıbəyov qardaşlarının “Opera və dram truppası” arasındakı çəkişmələrin səngiməsində) sözükeçər Cahangir Zeynalovun müstəsna ağsaqqallıq xidmətləri olmuş, sənət naminə hamını birliyə çəkmişdir.

   Bu “ibtidai” peşəkarın milli səhnəmizdə yaratdığı, o dövrün milli mətbuatında bütün parametrlərdən çox yüksək qiymətləndirilən saysız rollarından bir neçəsinin adını isə - yazımın həcmi baxımından - müəlliflərini qeyd etmədən sadalamaq istərdim: Hacı Qara, Şahbaz bəy, Məstəli şah, Rüstəm bəy, Molla İbrahimxəlil, Rza bəy, Tarverdi, Mirzə Həbib, Hacı Qəmbər, Vəli, Hacı İbrahim, Hacı Murad və başqaları. Onun o dövrə məxsus pafos, ritorika, boğazdanyuxarı deklomasiyaçılıq, şit hərəkət-jest kimi süni səhnə “atribut”larına qarşı şəxsi nümunə məktəbi olması, primitivizm estetikası əleyhinə çıxaraq, real oyun-ifa üslubu sistemi yaratması isə daha geniş bir yazıya mövzudur.

   Cahangir Zeynalov bugünkü böyük, ali səhnəmizin ibtida çağlarında çox ciddi, başdan-başa dramatik rollar yaratsa da, deyilənlərə görə, bütün daxili “mən”i ilə heyrətamiz dərəcədə komik imiş. Lakin dövrün mədəni-mənəvi nəbzi onu daha çox ciddiyyətə, “qırımından qan dammaq”lığa çəkirmiş. Hərdən də dost-tanışına söyləyərmiş ki, zaman gələcək, Azərbaycan teatrının səhnələri ictimai-siyasi “qaş-qabaq” ovqatından qurtulub, öz tamaşaçılarını şaqraq qəhqəhələrə qərq edəcək!

   Onun gözlədiyi həmin “zaman” çox gecikmədi və “qəhqəhələr”in böyük yaradıcılarından biri də öz doğma övladı Nəsibə oldu. Təəssüflər ki, Cahangir Zeynalov - cəfakeş-sənətkar ata bütün xalqın da övladı olan Nəsibə xanım Zeynalovanın ustadlığını görmədi. Bu qəribə tale olayı (onun peşəsilə ilgili ifadə etməli olsaq - tragi-dram) isə “birnəfəsə” cümləyə sığası bir görəcək: 1918-ci ilin martında erməni daşnakları Bakıda yanğın-qırğın vəhşilikləri törədir, bu ata da öz xanımını və iki yaşlı qızını götürüb Ənzəliyə (İran) gedir, qayıdarkən dənizdə fırtına qopur, səkkiz gün durğun qalan gəmidə elə bir natəmizlik yaranır ki, bir neçələrilə bərabər, Cahangir Zeynalov da yatalaq xəstəliyinə tutulur, Bakıda ən yaxın qohum və dostlarından belə xəbərsiz, dünyasını dəyişir...

  

   Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 13.