Milli Kitabxananın beynəlxalq əlaqələri
genişlənir
Sankt-Peterburq Prezident Kitabxanası və
Qazaxıstanın Milli Akademik Kitabxanası ilə əməkdaşlıq
memorandumları imzalandı
Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi bir sıra əlamətdar tədbirlərlə yadda qaldı. Yubileyin III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası günlərinə təsadüf etməsi həm kitabxana işçiləri, həm də kitabsevərlər üçün ikiqat bayram oldu. Yubiley günlərində Milli Kitabxananın beynəlxalq əlaqələri daha da möhkəmləndi.
Sentyabrın 25-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Boris Yeltsin adına Sankt-Peterburq Prezident Kitabxanası (Rusiya) və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə əməkdaşlığını genişləndirən memorandumlar imzalandı.
Mərasimdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov son illərdə kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlər haqqında məlumat verdi. 90 yaşını qeyd edən kitab məbədinin tarixinə nəzər saldı, Azərbaycan dövlətinin kitabxana işinə diqqət və qayğısından danışdı. Milli Kitabxanaya göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
Yubiley tədbirlərində 35-dən artıq ölkənin milli kitabxana direktoru, ümumilikdə 60 xarici qonağın iştirak etdiyini diqqətə çatdıran direktor bildirdi ki, bu gün imzalanan sənədlər təcrübə və elektron kataloqların mübadiləsinə yeni imkan yaradacaq.
Avrasiya Kitabxanalar Assambleyasının prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli tədbir iştirakçılarını salamladılar. Sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandumlar imzalandı.
Azərbaycan Milli Kitabxanasının B.Yeltsin adına Sankt-Peterburq Prezident Kitabxanası arasında əməkdaşlıq memorandumunu direktorlar Kərim Tahirov və Aleksandr Verşinin imzaladılar. Sonra Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qazaxıstan Respublikası Milli Akademik Kitabxanası baş direktorunun müavini Janna Şaymuxambetova bu mədəniyyət ocaqlarının əməkdaşlığına dair sənədə imza atdılar.
İmzalanma mərasimindən sonra Azərbaycan Milli Kitabxanasında “Nadir kitablar muzeyi” və “Kitabxana muzeyi” şöbələrinin açılışı oldu. Muzeylərdə qiymətli kitablar, əlyazmalar, o cümlədən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və digər klassik Azərbaycan şair və ədiblərinin ötən əsrlərdə işıq üzü görən kitabları yer alıb.
Fürsətdən istifadə edərək Qazaxıstan Milli Akademik Kitabxanasının direktor müavini Janna Şaymuxambetova ayaqüstü söhbət etdim. Qonaq bildirdi ki, Azərbaycan və Qazaxıstanın milli kitabxanaları arasında imzalanan memorandum qarşılıqlı əlaqələrimizi inkişaf etdirməyə, o cümlədən daha aktiv şəkildə kitab mübadiləsini həyata keçirməyə imkan verəcək: “Biz istərdik ki, Qazaxıstanda yaşayan azərbaycanlılar bu əməkdaşlıqdan bəhrələnsinlər, öz ana dillərində kitabları oxuya bilsinlər. İnanıram ki, bu saziş nəticəsində Qazaxıstandan Azərbaycana gətiriləcək kitablar vasitəsilə bizim müasir ölkəmiz, mədəniyyətimiz haqqında daha da geniş məlumat əldə edəcəksiniz. Bir sözlə, bu kitablar vasitəsilə xalqımızı daha yaxından tanıyacaqsınız. Sözsüz ki, bütün görülən işlər türk dövlətlərinin mədəni əməkdaşlığına xidmət edir. Mən Bakıdakı kitab sərgi-yarmarkasında da iştirak etdim və çox məmnun qaldım”.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 6.