Bakıda növbəti görüşədək

 

Beynəlxalq kitab sərgi-yarmarkası başa çatdı

  

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 25-də öz işini yekunlaşdırdı.  

   Üç gün davam edən sərginin bağlanış mərasimində nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli çıxış edərək bildirdi ki, kitab bayramında yerlixarici çap, poliqrafiya müəssisələri, nəşriyyat və kitabxanalar, kitab işi ilə məşğul olan qurumlar təmsil olunub.

   Sərgi-yarmarkanın işini yüksək dəyərləndirən nazirlik rəsmisinin fikrincə, belə tədbirlər kitabsevərlər tərəfindən maraqla qarşılanır: «Biz üç gün ərzində kitab bayramını yaşadıq. Bu sərgi bir daha sübut etdi ki, ölkəmizdə kitaba maraq ildən-ilə artır, nəşriyyatlarımızın işi inkişaf edir və Azərbaycanda çox gözəl kitablar nəşr olunur. Sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, təqdimatlar, müəlliflərlə görüşlər keçirildi, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış oldular. Əldə edilən ən yüksək nəticə o oldu ki, oxucularla nəşriyyatlar, müəlliflər yaxından təmas qurdular. Bizim üçün bu şəraitin yaranmasında Azərbaycan dövlətinin, cənab Prezidentin rolunu, onun böyük dəstəyini xüsusilə qeyd etmək istərdim. Bu dəstək olmasa, bu gün kitabxanalarımızın zənginləşdirilməsinə, nəşriyyat işi sahəsində uğurlara nail olmaq mümkün olmazdı».

   Nazirliyin Nəşriyyat sektorunun müdiri, şair, tərcüməçi Çingiz Əlioğlu sərgilər zamanı insanların kitabların timsalında özünə yeni dostlar qazandığını dedi. Onun sözlərinə görə, həyat və təcrübə göstərir ki, kitab insanı bütün ömrü boyu müşayiət edən və heç vaxt ona dönük çıxmayan ən sədaqətli dostdur. Sektor müdiri yeni dostlar qazanmaları münasibətilə bütün kitabsevərləri təbrik etdi.

   Sonra sektor müdiri III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirak edənlərə Mədəniyyət və Turizm Nazirliyinin diplomlarını təqdim etdi. Diplom alanlar arasında ölkəmizdə fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, Rusiya Federasiyası, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Serbiyabaşqa ölkələrin milli kitabxanaları, Ombudsman Aparatı, kitab nəşrinə dəstək verən şirkət və banklar da vardı. Sərginin «Ən yaxşı nəşriyyat evi» nominasiyasında Beynəlxalq Avrasiya Yazarlar Birliyinin «Bəngü» nəşriyyatı və sərginin «Ən yaxşı kitab» nominasiyasında AMEA-nın Folklor İnstitutu tərəfindən nəşr edilən «Qarabağ: folklor da bir tarixdir» çoxcildlik toplusu qalib elan olundu.

   Daha sonra Belarusun paytaxtı Minskdə keçirilmiş 10-cu beynəlxalq “Kitab sənəti” müsabiqəsinin qalibi olmuş iştirakçılara da diplomlar təqdim edildi.

   Xatırladaq ki, MDB İcraiyyə Komitəsinin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şuranın qərarı ilə keçirilən builki müsabiqədə “Art kitab” nominasiyasında Nizami Gəncəvinin “Təhsil” nəşriyyatında çap olunanLirika” kitabı, “Mədəniyyət, elm, təhsil” nominasiyasında Ədalət Vəliyevin “Əfəndi” nəşr evində işıq üzü görən “Müasir teatrın strukturu” kitabı, “Mənim ölkəm” nominasiyasında isə şair Vaqif Bəhmənlinin “Elm və təhsil” nəşriyyatında çapdan çıxan “Maqomayev planeti” kitabı birinci yeri qazanıb. Bundan əlavə, Regionların İnkişafı İctimai Birliyinin «Şərq-Qərb» nəşriyyatında işıq üzü görən «Ana» kitabı «Gənclər və uşaqlar üçün kitablar» nominasiyasında, “Təhsil” nəşriyyatında çap olunan «Azərbaycan təhsilinin tarixi» dördcildliyi (müəllif Misir Mərdanov) isə «Qran-piri» nominasiyasında xüsusi mükafata layiq görülüb.

   Bağlanış mərasimində Rusiyanın Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin nümayəndəsi Yuri Pulya qalibləri təbrik edərək, azərbaycanlı həmkarları ilə birgə işbirliyindən məmnunluğunu ifadə etdi: «Bu sərgidə məni sözün yaxşı mənasında daha çox təəccübləndirən Bakı sakinlərinin kitaba marağı oldu. Çünki sərgidə həqiqətən baxılmalı olan kitablar vardı. Burada Azərbaycan dilindən başqa rusingilis dillərində nəşr edilən kitablar da çox idi. Bir sözlə, sərgi-yarmarka bütün ziyarətçilərin zövqünü oxşamağı bacardı».

   MDB ölkələrinin “Kitab sənəti” müsabiqəsində ölkəmizin kitablarının qalib olmasından danışan qonaq qeyd etdi ki, bu, Azərbaycanda nəşriyyat işinin çox yüksək inkişafının göstəricisidir: “Müsabiqədə iştirak edən MDB ölkələrinin nəşr işi üzrə mütəxəssisləri də bunu dəfələrlə deyiblər. Ölkənizdə hər sahədə olduğu kimi, bu sahədə də mühüm irəliləyiş var”.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 7.