“Qızıl kəlmə”nin
laureatları ilə görüş
Sentyabrın 25-də III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə - 2013” mükafatının laureatları ilə görüş və “Müəllif günü” keçirildi.
Nazirliyin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu builki müsabiqə barədə məlumat verdi. Bildirdi ki, müsabiqəyə 4 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid və publisistika, orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib. Mükafat laureatları haqqında danışan Ç.Əlioğlu qeyd etdi ki, Rüstəm Kamalın “Sözü işığa danışdım”, Mustafa Çəmənlinin “Ölüm mələyi”, Əsəd Cahangirin “Kim yatmış, kim oyaq?”, Adil Cəmilin “Yurd yerim, dərd yerim” kitabları və mükafata layiq görülmüş digər yaradıcılıq nümunələri bir növ cari ilin ədəbi mühitinin mənzərəsini yaratmış əsərlərdir.
Vurğulandı ki, “Qızıl kəlmə” Azərbaycanda bədii yaradıcılığın, tərcümənin, ədəbi tənqidin inkişafına yönəlmiş mükafatdır. Mükafatın təsis edilməsində məqsəd yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaqdır:
“Ölüm mələyi” romanına görə laureat adını qazanmış yazıçı Mustafa Çəmənli çıxışında bildirdi ki, tarixi mövzuda əsər yazmaq böyük məsuliyyətdir: “Yazıçı kitab yaxşı alınsın və oxunsun deyə, tarixi həqiqətləri təhrif etməməlidir. Çünki tarixi roman tarixi göz önündə yenidən canlandırır. Yazılan hər bir kitab mənəvi daşıyıcıdır”. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu mükafatın təsis edilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, mükafat istedadlı yazarlara gələcəkdə daha gözəl əsərlər yazmağa stimul verir, həm də onları daha geniş ictimaiyyətə tanıdır.
“Qızıl kəlmə - 2013”ün laureatları Adil Cəmil, Pərvin, Elçin İsgəndərzadə, Elxan Zal Qaraxanlı və başqaları öz yaradıcılıqlarından bəhs etdilər. Çıxışlarda III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətindən də söz açıldı.
Mükafata layiq görülmüş əsərlərlə bağlı diskussiya oldu. Sonda görüşdə iştirak edən yazıçı və şairlər öz imzaları ilə kitablarını oxuculara təqdim etdilər.
Ceyhun
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 7.