27 sentyabr Dünya Turizm Günüdür

 

Turizm işçilərinin peşə bayramı ölkəmizdə də çeşidli tədbirlərlə yadda qalacaq

  

   Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının 1980-ci ildə qəbul etdiyi qərara əsasən, sentyabrın 27-si Dünya Turizm Günü elan olunub. Əlamətdar günün rəsmi mərasimi bu il Dünya Turizm Təşkilatı tərəfindən Maldiv adalarında keçiriləcək.  

   Artıq bir neçə ildir ki, bu gün Azərbaycanın turizm sektorunda da qeyd olunur. Turizm işçilərinin peşə bayramı bu ilçeşidli tədbirlərlə yadda qalacaq.

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-də «Fairmont Baku» hotelində aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə geniş konfrans keçiriləcək. Tədbir çərçivəsində müxtəlif təqdimatlar da nəzərdə tutulur.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açılış nitqindən sonra nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev tərəfindən turizm sahəsində görülmüş işlərə dair arayış təqdim olunacaq. Eyni zamanda «Azərbaycan Respublikası Prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı» mövzusunda «Azerbaijan review» jurnalının təqdimatı, «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı Avropa İttifaqının tvinninq layihəsinin «Nailiyyətlər və perspektivlər» adlı təqdimatı keçiriləcək. "Fəxri turizm işçisi" döş nişanı və fəxri fərmanlar, Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən IV Milli Turizm Mükafatının müxtəlif nominasiyalar üzrə qalibləri elan olunacaq.

   Dünya Turizm Günü münasibətilə sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) birgünlük pulsuz giriş (açıq qapı) elan olunub.

  

   “Azərbaycan və dünya ölkələri turizm sektoru təmsilçilərinin gözü ilə”

  

   Dünya Turizm Gününün builki özəlliklərindən biri də «İnfotour.az» turizm xəbər portalı ilə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) birgə təşkil etdiyi «Azərbaycan və dünya ölkələri turizm sektoru təmsilçilərinin gözü ilə» mövzusunda fotosərgidir. «İnfotour.az» portalının direktoru Kamran Qədirovun sözlərinə görə, «Fairmont Baku» hotelində baş tutacaq sərgidə turizmhotelçilik sahəsində çalışan insanların Azərbaycanın regionlarına və müxtəlif xarici ölkələrə səfərləri zamanı çəkdikləri eksklüziv fotoşəkillər nümayiş etdiriləcək.

   Sərgidə nümayiş olunacaq fotolar Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Rəssamlar İttifaqı və «İnfotour.az» portalının nümayəndələrindən ibarət jüri tərəfindən qiymətləndiriləcək, üç ən yaxşı fotoşəkil mükafatlandırılacaq.

  

   Dünya Turizm Günü kitabxanalarda da qeyd olunacaq

  

   Turizm işçilərinin peşə bayramı ilə bağlı Səbail rayon MKS-nin mərkəzi kitabxanasında «Bakı şəhərinin tarixi», 3 nömrəli filialında «Dünya Turizm Günü» mövzusunda məruzə dinləniləcək. MKS-nin 1 və 2 nömrəli filiallarında «Doğma diyarımız», «Şən səyahət» mövzularında sərgilər təşkil olunacaq, 4 və 6 nömrəli filiallarda oxucularla «Bibiheybət qəsəbəsi və onun tarixi» və «Dünya ölkələri» mövzularında söhbət aparılacaq.

   Qaradağ rayon MKS-nin mərkəzi kitabxanasında və 4 və 5 nömrəli filiallarında isə «Dünya Turizm Günü», «Bakı dağlarına səyahət» mövzularında sərgilər keçiriləcək.

  

   «Turizmsu resursları: ümumi gələcəyimizin qorunması»...

  

   Dünya Turizm Gününün builki mövzusu «Turizmsu resursları: ümumi gələcəyimizin qorunması»dır. Bu mövzu dünyada həyat üçün vacib olan su ehtiyatlarının mühafizəsində turizmin məsuliyyətinin və marağının artmasını əhatə edir. Su ehtiyatlarının qorunmasına dair keçirilən beynəlxalq tədbirlərə turizmin verə biləcəyi töhfələr diqqət mərkəzində olacaq. Dünya Turizm Gününün budəfəki mövzusu həm də BMT Baş Məclisinin 2010-cu il 20 dekabr tarixli «2013-cü il - Su Əməkdaşlığı Beynəlxalq İli» deklarasiyasının da tələblərinə cavab verir.

  

   Turizmin inkişafı təbiətə zərər vurmamalıdır

  

   Azərbaycanda turizm fəaliyyətinin təbii resurslara necə təsir göstərdiyini öyrənmək üçün mütəxəssisə müraciət etdik. Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalovun sözlərinə görə, bütün dünyada turizmin inkişafı təbii resursları aşındırır. Təbiət qoynunda istirahət edən hər bir şəxs istər-istəməz təbiətə mənfi təsir göstərir: «Məsələn, çayın, gölün kənarında dincələrkən onun ətrafı çirklənir, ocaq qaladıqda tüstüsü ağaclara ziyan vururs. Bu baxımdan zaman-zaman mütəxəssislər qeyd edirlər ki, turizmin inkişafı kortəbii olmamalıdır. Bir hesablama aparılmalıdır ki, konkret olaraq bu sahəyə nə qədər turist gəlsə, təbiətə təsirsiz ötüşə bilər. Biz magistrlər üçün «Turizmin inkişafının ekoloji-erqonomik əsasları» adlı dərs keçirik. Dərsdə bu barədə geniş məlumat verilir. Bu il dünyada turizmin 4 faiz inkişaf etdiyi elan olunub. Bu inkişafın fonunda elə etmək lazımdır ki, turizmin təbiətə ziyanı olmasın».

   Mütəxəssis deyir ki, hər il Turizm Gününün dünyada müxtəlif şüarlar altında keçirilməsi bu məsələləri yada salmaq, diqqətə gətirmək məqsədi daşıyır: «Əgər söhbət davamlı turizmin inkişafından gedirsə, təbiəti nəzərdən qaçırmamalıyıq. Xarici ölkələrdə son vaxtlar ekoloji turizmə daha çox diqqət yetirilir. Bunlar təkcə təbiətdən zövq alınmasını yox, eyni zamanda daha çox təbiətin qorunmasına yönəlik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur».

  

   Su resurslarının qorunmasının vacibliyi təbliğ ediləcək

  

   Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, BMT-nin qəbul etdiyi qərara uyğun olaraq, 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsində “Beynəlxalq Dəniz Günüqeyd olunur. Bu tədbirin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir. Bu il 23-28 sentyabr tarixi nazirlik tərəfindən «Xəzər həftəsi» elan olunub. Bu günlərdə Xəzər dənizinin Azərbaycana məxsus 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturları, təhsil müəssisələri və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub. Bu mədəni-kütləvi tədbirlər ən böyük təbii su resursumuz olan dənizin ekoloji cəhətdən saflığının qorunmasına, sərvətlərinin mühafizə olunmasına yönəlib.

  

  Fəxriyyə Abdullayeva  

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 8.