Tvinninq layihəsinin ilk
mərhələsi üzrə işlər müzakirə olunub
“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi” adlı Avropa İttifaqı tvinninq layihəsinin idarəetmə komitəsinin iclası keçirilib.
Layihə rəhbəri Florian Sengştmid, daimi tvinninq müşaviri Daiva Kirkilaite-Çetkuti, 2-ci komponentin rəhbəri Maykl Rafflinq, nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Xarici turizm sektorunun müdiri Fikrət Məmmədovun iştirakı ilə baş tutan iclasda mayın 15-dən avqustun 15-dək müddətdə görülən işlərdən danışılıb. İştirakçılara nazirlik tərəfindən qanunvericilik sahəsində həyata keçirilən işlər, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib.
İclasda diqqətə çatdırılıb ki, birinci komponent çərçivəsində Turizm şöbəsinin funksional dəyişiklikləri əks etdirən təşkilati strukturu hazırlanıb və Azərbaycanı marketinq və kommunikasiya sahəsində peşəkar turizm istiqamətinə çevirmək məqsədilə nazirliyə aydın biznes proseslərinin hazırlanması ilə bağlı təkliflər təqdim olunub.
Həmçinin Turizm şöbəsinin vəzifəli şəxslərinin Avstriyaya səfəri barədə məlumat verilib. Səfər çərçivəsində nümayəndələr Avstriyanın sənaye birliklərinin effektiv modelləri, kiçik və orta müəssisələrin və kənd turizminin dəstəklənməsi üçün effektiv planlaşdırma üsulları və digər təcrübələrlə tanış olublar.
İkinci komponent çərçivəsində görülən işlərə gəldikdə, qeyd edilib ki, qanunvericiliyə aid olan məsələlərdən əlavə, mehmanxanalar, restoranlar, turoperatorlar və səyahət agentlikləri üçün minimal standartların yaradılması zərurəti ilə bağlı işlər layihənin bu mərhələsində görüləcək. Bundan əlavə, Avropa İttifaqı tərəfindən təklif olunan və tvinninq heyətinin dəstəklədiyi İsmayıllı rayonunda və Lənkəran şəhərində kənd turizminin inkişafı ilə bağlı təkliflər də müzakirə olunub.
Layihənin idarəetmə
komitəsinin növbəti görüşünün
dekabrda keçirilməsi nəzərdə
tutulur.
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 8.