Teatrımızın
zəngin təcrübəsini bölüşməyə
hazırıq
“Azərbaycan
Dövlət Opera və Balet Teatrı ilə əməkdaşlıq
memorandumunda bir çox ortaq mədəni tədbirlərin,
qarşılıqlı səfərlərin təşkili nəzərdə
tutulur”
Müsahibimiz Roma Opera Teatrının direktoru Katello de Martinodur
Ölkəmizdə səfərdə olan Roma Opera Teatrının
direktoru Katello de
Martino ilə paytaxtımızın
mərkəzində yerləşən
hotellərdən birində
görüşdük. Şəhərə və dənizkənarı
parka gözəl mənzərə
açılan guşədə
qonağımızla səfəri,
Bakı ilə bağlı təəssüratları
və Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə əməkdaşlıq
və digər məsələlər barədə
danışdıq.
Həmsöhbətim
öncə özü
haqqında məlumat verdi:
- Roma Opera Teatrına
2009-cu ildən rəhbərlik
edirəm. Eyni zamanda, İtaliyanın
məşhur şəhərlərindən
biri olan Salernoda yerləşən
musiqi konservatoriyasının
prezidenti vəzifəsində
çalışıram. İtaliyanın Orviyeto şəhərində hər
il təşkil
olunan musiqi festivalının təşkili
də mənə həvalə edilib. Bu da eynilə
direktorluq vəzifəsidir.
Əsasən dini musiqilərin
səsləndirildiyi, pasxa
bayramı ərəfəsində
təşkil olunan bir festivaldır. Özümlə bağlı
onu da deyə
bilərəm ki, ali təhsilimi
siyasi elmlər üzrə almışam,
ailəliyəm 3 övladım
var.
- Bu, ölkəmizə
yəqin ilk səfərinizdir.
Paytaxtımız haqqında təəssüratlarınız
necədir?
- Bəli, ilk səfərimdir. Öncə onu deyim ki, paytaxtınız çox xoşuma gəldi. Şəhərin dəniz kənarında
yerləşməsi, infrastrukturu,
qədimliklə müasirliyin
ahəngi məni valeh etdi. Gördüyünüz kimi, qaldığım
hotelin də pəncərəsindən şəhərə
gözəl mənzərə
açılır. Şəhərinizin gecə mənzərəsi
də olduqca xoşdur. Bəzi şəhərlər gecə gözəl olur, bəziləri isə gündüz.
Ancaq Bakıda hər ikisi gözəldir. Hər hansı ölkəyə,
şəhərə səfər
etməzdən öncə,
həmin yer haqqında məlumat toplamağı sevirəm və demək olar ki, bu,
məndə peşəkar
vərdişdir. Səfər öncəsi
Bakı haqqında oxuduqlarım, internetdə
baxdığım şəkillər
məndə müsbət
təəssürat oyatdı.
Ancaq etiraf edim ki,
şəhərinizdəki gözəllikləri
canlı şəkildə
görmək daha maraqlıdır. Bakı mənə
doğma Salerno şəhərini
xatırlatdı. Salerno
Bakı kimi böyük şəhər
deyil, ancaq da dəniz kənarında
yerləşir, orada da müasirliklə qədimliyin ahəngini
hiss edə bilirsən.
- Səfəriniz
Roma Opera Teatrı ilə
Azərbaycan Akademik
Opera və Balet Teatrı arasında əməkdaşlıq memorandumunun
imzalanması ilə bağlıdır. Bu sənəd ikitərəfli
mədəni əlaqələrə
hansı töhfələri
verəcək?
- Bu memorandumun bünövrəsi bir il bundan
əvvəl Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri zamanı qoyulub. O zaman birinci xanım
Roma Opera Teatrını da
ziyarət etdi, incəsənət nümayəndələri
ilə görüşdü.
Belə bir memorandumun imzalanması ilə bağlı təşəbbüsü
də Mehriban xanım Əliyeva irəli sürdü.
Ötən müddətdə müəyyən danışıqlar
aparıldı, nəhayət,
Bakıya gəldik.
Memorandumda nəzərdə tutulan məsələlərə
gəldikdə, bir çox ortaq mədəni tədbirlərin
təşkili, teatrların
kollektivlərinin qarşılıqlı
səfərləri, Bakıda
və Romada digər tədbirlərin təşkili planlaşdırılır.
İtaliya ilə Azərbaycan arasında təkcə
opera sahəsində deyil,
mədəniyyətin bütün
sahələrində əməkdaşlıq
üçün olduqca
böyük potensial
var. Yəqin ki, üzümüzə gələn
il bizim
teatrın Bakıya qastrol səfəri reallaşacaq. Bu barədə
danışıqlar aparılır.
Bundan əlavə, səhnə geyimləri ilə bağlı uğurlu əməkdaşlıq qura
bilərik. İtaliyanın
ən məşhur geyim üzrə dizaynerlərinin səhnə
üçün hazırladığı
böyük geyim kolleksiyası var. Sizin opera teatrı da bu geyimlərdən
istifadə edə bilər. Həmçinin məşhur, dünyada
tanınan opera sənətçilərimizin
geyindikləri əlbəsələr
də var ki, biz onların Bakıda sərgisini təşkil etmək istəyirik. Sizin teatr
geyimlərinizdən ibarət
sərgi də Romada təşkil oluna bilər.
Roma Opera Teatrının uşaqlardan
ibarət böyük
orkestri var. Onlar dünyanın bir çox şəhərlərində
uğurlu çıxışlar
ediblər. Bu kollektivin Bakıda da çıxışını
təşkil etmək
istəyirik. Gələn
il məşhur
italiyalı dirijor Rikardo Mutinin də şəhərinizdə
çıxışı nəzərdə
tutulur. Hesab edirəm ki,
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi bizim təşəbbüsləri müsbət
qarşılayacaq. Ümumiyyətlə, çalışmalıyıq ki,
iki xalqın daha da yaxınlaşdırılması,
əlaqələrin genişləndirilməsi
məqsədilə mövcud
imkanlardan səmərəli
istifadə edək.
Roma Opera Teatrı dünyanın qabaqcıl
opera və balet teatrları ilə əməkdaşlıq edir,
teatrımızın böyük
təcrübəsi var. Bu təcrübəni
Azərbaycanla da paylaşmağa hazırıq.
- Bakıda mədəniyyət ocaqlarına
necə, baş çəkə bidinizmi?
- Akademik
Opera və Balet Teatrına baş çəkdik. Üzeyir Hacıbəyliyə
həsr olunmuş musiqi festivalının iki konsertinə baxmaq imkanımız oldu. Bir məqamı diqqətinizə
çatdırım ki,
Opera və Balet Teatrınızın akustikası
məni valeh etdi. Bu cür akustikaya ən məşhur teatrlarda belə az
təsadüf edilir. Bizə bildirdilər ki, teatr bir müddətdən
sonra təmirə bağlanacaq. Bu zaman akustikanın qorunub saxlanılması olduqca vacibdir. Biz İtaliyada bu
cür mənfi təcrübəni yaşadıq.
Məşhur teatrlarımız olan San Karlo, San de Siciliya təmirdən sonra əvvəlki akustikanı itirdi. Eyni akustikanı yenidən bərpa etmək isə texniki baxımdan olduqca çətindir.
- Yəqin ki, memorandum azərbaycanlı
sənətçilərin İtaliyada təhsili üçün də yeni imkanlar açacaq...
- Düşünürəm
ki, tələbə mübadiləsi məsələsində
müsbət irəliləyişlər
olacaq. Azərbaycanlı vokalçılar İtaliyada təhsil almağa böyük önəm verirlər, orada təhsillərini artırmaq, məşhur teatrların səhnələrində
çıxış etmək
istəyirlər. İndinin
özündə də
İtaliyada musiqi təhsili alan
xeyli gənc var. Məsələn, opera ifaçısı
Yusif Eyvazovu İtaliyada çox sevirlər. Səhv etmirəmsə, o indi də İtaliyada
yaşayır. Ölkəmizdə peşəkar musiqi təhsili üçün
hər cür imkan var. Master-klasslar təşkil edirik, böyük səhnələrdə
çıxış imkanı
yaradırıq. Azərbaycanlı musiqiçilərin də
bu fürsətlərdən
yararlanması bizi sevindirir. Biz gənclərin, xüsusilə
uşaqların təhsilinə
xüsusi önəm veririk. Onları teatrların nəzdində
olan dərnəklərə,
xora cəlb edirik. Zamanla onlar mədəniyyətin
bir parçasına çevrilirlər və püxtələşirlər.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 10.